Azərbaycan jurnalistlərindən Avropada “master-class”


19:39     13 Noyabr 2017 casss%20(1).jpg

Məlum olduğu kimi, 8-10 noyabrın tarixlərində Avropa Şurasında növbəti “Demokratiya üçün dünya forumu” təşkil olunub.


Məlumata görə, tədbirə dünyanın hər tərəfindən iki minədək təmsilçi qatılıb.

Azərbaycanı forumda tanınmış jurnalistlər Elçin Alıoğlu və Azər Həsrət təmsil ediblər.

Azərbaycanlı təmsilçilər tədbirdə fəal iştirak edib, plenar sessiyalarda və yan tədbirlərdə çıxışlar ediblər.

Forumda sərt çıxışları ilə yadda qalan tanınmış jurnalist Elçin Alıoğlu Azərbaycan üçün müzakirələrin yaxşı keçdiyini bildirdi:

“Avropa Şurasının təşkil etdiyi bu forumda dünyanın bir çox ölkələrindən, o cümlədən Sinqapurdan, Flippindən, Malavidən nümayəndələr iştirak edirdi. Müzakirələr bir neçə hissədən ibarət oldu. Əvvəlcə laboratoriya adlanan müzakirələr, daha sonra hissə panellər, ən sonda isə plenar sessiyalar təşkil olunmuşdu. Azərbaycan üçün müzakirələr çox yaxşı keçdi. Yetərincə fəal iştirak etdik və Azərbaycanın mövqeyini, maraqlarını təmsil etməyə çalışdıq. Mən çıxışlarımda əsasdiqqəti ona yönəltdim ki, Avropanın demokratiya anlayışı əfsuslar olsun ki, dəyişib.

“Xalqlara demokratiyanı sözlə çatdırmaq lazımdır. Zopayla, raketlə demokratiya gətirilməz…”

Elçin Alıoğlu çıxışında Avropanın bu gün qarşılaşdığı 3 əsas problem forum iştirakçılarının diqqətinə çatdırır:

“Bunlar miqrasiya, multikulturalizm və dözümlülük problemləridir. Çıxışımda bildirdim ki, Yaxın Şərqdə demokratiya adı altında “rəngli inqilablar”ın hazırlanması, sosial şəbəkələrdə nümayiş olunan “aktivlik”, qanuni yolla seçilmiş hakimiyyətlərin devrilməsi və s. kimi hallar miqrasiya dalğasının yaranmasına gətirib çıxardı. Bu baxımdan əgər bu gün Avropada miqrasiya sahəsində problemlər varsa, bu, Avropanın öz günahıdır. Xalqlara demokratiyanı sözlə çatdırmaq lazımdır. Sözlə, zopa ilə, raketlə demokratiya gətirilməz”.

E.Alıoğlu Avropadakı multikulturalizm məsələsinə də xüsusi yer ayırıb:

“Avropalılar multikulturalizmdən, tolerantlıqdan danışmağı çox sevir. Bildirdim ki, Avropanın özündə “sağ”çılar, şovinistlər, millətçilər, separatçılar çox ciddi şəkildə aktivləşiblər. Sual verdim ki, niyə Kataloniyanı İspaniyadan ayırmaq istəyən separatçı Karles Puçdemon Brüsseldə həbs olunur, amma Avropa tərəfindən həmin standartlar Dağlıq Qarabağ probleminə münasibətdə tətbiq olunmur? İllərdir Avropa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün çağırışlar edir, amma Kataloniya problem cəmi 2 həftəyə həll olundu. Avropa Birliyi rəsmi bəyanat verdi ki, Kataloniya heç vaxt tanınmayacaq və bu açıqlamaya uyğun sərt addımlar da atıldı. Multikulturalizm barədə çıxışımda vurğuladım ki, Azərbaycan yeganə ölkədir ki, lüğət tərkibində “anti-semit” sözü yoxdur. Anti-semitizmlə mübarizə forumunda da çıxışımda bildirdim ki, Azərbaycanda bütün xalqlar eyni imkanlara sahibdir və buna görə də Azərbaycanda yaşayan etnik azlıqlarla bağlı əlahiddə siyasət yürütməyə ehtiyac yoxdur”.

Elçin Alıoğlu Ermənistanın işğalçı olmaqla yanaşı, həm də monoetnik siyasət yürüdən dövlət olduğunu ifadə edib:

“Ermənistanda demək olar ki, çox az sayda rus yaşayır, azərbaycanlılar isə ümumiyyətlə yoxdur. Buna rəğmən Azərbaycanda minlərlə erməni heç bir milli, irqi, dini ayrıseçkiliyə məruz qalmdan yaşayır”.

E.Alıoğlu Avropa Şurasında Azərbaycanla bağlı qəbul edilən qərarların arxasında ikili standartların olduğunu vurğulayıb:

“Avropa İnsan Hüquqları Məhkəməsinin Avropa ölkələri ilə bağlı çıxardığı 10 mindən artıq hökm indiyədək icra olunmayıb. Britaniya isə ümumiyyətlə AİHM-nin qərarlarını tanımır. Bu faktlara heç vaxt toxunulmur. Amma Azərbaycanda konkret cinayət əməlinə görə həbs olunan İlqar Məmmədovla bağlı məsələlər Avropa Şurasında süni şəkildə şişirdilir və ölkəmizə qarşı qeyri-pbyektiv mövqe sərgilənir. Bildirdim ki, bu, yolverilməz olmaqla yanaşı, həm də çox naqis bir metoddur. Avropa Şurasının Azərbaycana ehtiyacı var. Azərbaycanı dışlayaraq Avropadan kənarlaşdırmaq Qərb üçün çox mənfi nəticələr doğura bilər. Azərbaycanla səmimi, bərabərhüquqlu, real, praqmatik münasibət qurmaq lazımdır. Azərbaycan düşünülmüş, gələcəyə hesablanmış və praqmatik xarici siyasət kursuna üstünlük verir. Bu da təbii ki, bəzi mərkəzlərə sərf eləmir. Ona görə də Azərbaycana qarşı təzyiq kimi bir sıra vasitələrdən istifadə edirlər. Lakin təsir əks-təsirə bərabərdir. Azərbaycan yetərincə gücə sahibir ki, istənilən təzyiqə davam gətirsin. Bunu Avropada da yaxşı başa düşürlər”.

Azərbaycanı forumda təmsil edən digər tanınmış jurnalist, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət çıxışında Avropada radikal sağ qüvvələrin getdikcə hakimiyyətə daha da yaxınlaşması, eyni zamanda “Rədd olsun islam!”, “Rədd olsun müsəlmanlar!”, “İslamsız Avropa!” şüarlarının geniş yayılmasından narahatlıq ifadə edib. O, PEGIDA adlı radikal antiislam təşkilatının rahat fəaliyyətinə imkan verilməsini diqqətə çatdırıb.

Başqa bir çıxışında Azər Həsrət Türkiyədə PKK və FETÖ-yə bulaşdığı üçün həbs edilən bəzi şəxsləri Avropa qurumlarının insan haqları adı altında müdafiə etməsini diqqətə çatdırıb. Məsələylə bağlı Türkiyədən olan AKP millət vəkili Leyla Şahin Ustaya sual ünvanlayıb. Suala cavab verilərkən zaldakı PKK tərəfdarı bir qadın qarışıqlıq salıb, normal müzakirəni pozmağa çalışıb. PKK tərəfdarı olan həmin qadın əsəbi halda ayağa qalxaraq konfrans zalını tərk edib.

CASCFEN sədri həmçinin qadınların siyasətdə rolu, gənclər üçün daha geniş imkanlar yaradılması yönündə fikirlərini təqdim edib. O, qadınların süni şəkildə siyasətə cəlb edilməsinin faydasız olduğunu deyib. Azər Həsrət qeyd edib ki, bəzi ölkələrdə yerli qaydalar qadınların irəli çıxmasına arzu edilən şəraiti təmin etmir.

Azər Həsrət müzakirələrdə Ahıska türklərinin 1944-cü ildə Stalin tərəfindən sürgün edilməsi, onların Vətənə dönməsini təmin etməklə bağlı Gürcüstanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini də diqqətə çatdırıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2470