DİM onları cərimələyəcək


16:03     14 Noyabr 2017 dim%20tqdk.jpg

"Dövlət qulluqçularının reyestrinin aktuallığının vaxtında təmin edilməməsinə görə məsul şəxslər cərimələnəcək".


Bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov deyib. O bildirib ki, dövlət orqanlarının reyestrinin aparılması üçün məsul şəxslər təyin olunub: "Dövlət qulluqçularının reyestri internet üzərindən işlənilir və istənilən orqan oradakı bazanı görür. Həmçinin, oradakı məlumatlar daim yenilənməlidir. Bu reyestrin aktuallığını təmin etməyən həmin məsul şəxslər İnzibati Xətalar Məcəlləsinə görə, 400 manatdan 700 manata qədər cərimələnəcəklər".

V. Misirov onu da qeyd edib ki, DİM Prezident Administrasiyası ilə birgə dövlət qulluqçularınn reyestri adlanan informasiya sisteminin idarə edilməsi ilə məşğuldur: "Ötən müddət ərzində 30 minə yaxın dövlət qulluqçusu barədə məlumat reyestrə toplanılıb. Bütün dövlət qulluğu sistemi bu reyestrin əsasında qurulur. Orada dövlət orqanlarındakı bütün işçilər, ştatlar haqqındakı məlumatlar öz əksini tapır. Dövlət orqanlarındakı vakant vəzifələr hər an DİM-də onlayn formada görünür. Dövlət orqanları bu reyestri normal şəkildə idarə edirlərsə, bu məlumatlar aktual olur. Lakin müəyyən dövlət orqanları dövlət qulluqçularının reyestrinin aktuallığını təmin edə bilmirlər. Bununla bağlı həmin dövlət qurumları ilə DİM arasında danışıqlar gedir və işlər sürətləndirilir".

DİM rəsmisi bildirib ki, müəyyən dövlət orqanlarında bu istiqamətdə ləngimələr var. "Bu da ona gətirib çıxarır ki, DİM vakant dövlət qulluğu vəzifələrini onlayn şəkildə görə bilmir. Bu isə vakant yerlərin müsabiqəyə çıxarılmasında problemlər yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində reyestrin aparılması ilə bağlı işlər görülsə də, bu işlər tam yerinə yetirilmir. Hesab edirəm ki, bu işlər yaxın vaxtlarda sürətləndiriləcək. Reyestrdə olan məlumata görə, adıçəkilən nazirlikdə 1400-dən artıq vakant vəzifə var. Ona görə də dövlət orqanları reyestrin aktuallığını təmin etməlidir ki, məlumatlar yenilənsin. Təhsil Nazirliyində dövlət qulluğu üzrə 300-dən artıq vakant yer var. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bizə 100-dən artıq vakant yer təqdim etsə də, onlarda bundan əlavə 100-dən artıq yer də qalıb. Dövlət qurumları ilə bağlı siyahını daha da artırmaq olar".

Femida.az

Açar sözlər:

Oxunub: 579