Komitə qalmaqallı elçiliklə bağlı məlumat yaydı


20:47     17 Noyabr 2017 23722178_1127217560747773_1756975849_n%20(1)%20(1).jpg

Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi “Xəzər” TV-də yayımlanan “5-də 5” verilişindəki qanundankənar kadrlarla bağlı araşdırma aparıb.


Bu barədə adıçəkilən qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysova bildirib. O, qeyd edib ki, Zaur Kamalın elçi getdiyi qız hazırda orta məktəbdə oxuyur: “Ağdam rayonu üzrə Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən araşdırma aparılıb, kadrlarda sözügedən qız hazırda 9-cu sinifdə oxuyur. Oxuduğu məktəbin direktoru Rasim Əliyevlə də əlaqə saxlanılıb. Bildirib ki, dərsə davamiyyəti yaxşıdır. Şagirdlə söhbət aparılıb və qız deyib ki, çəkiliş qəfildən gəlib, əvvəldən belə bir çəkilişin olacağını gözləmirmişlər. Məktəbli həmçinin bildirib ki, elçi gələn ailəni tanımır, oğlanla əvvəldən tanış olmayıb. Eyni zamanda Ağdam rayon Təhsil Şöbəsi və rayon icra hakimiyyətinin müvafiq qurumları tərəfindən ailə nəzarətə götürülüb.

Biz komitə olaraq belə halları pisləyirik. Bu, uşaq hüquqlarına, Ailə Məcəlləsinə və qanunvericiliyin aidiyyatı müddəalarına ziddir. Ona görə də verilişlərin belə bir mövzuda aparılmasına münasibətimiz mənfidir. Hər jurnalist çalışmalıdır ki, hüquqları, qanunları bilsin, verilişdə, fəaliyyətində bunlara riayət etsin. Əgər hüquqazidd bir hadisə varsa bu, efirə çıxarılmamalıdır. Biz jurnalistlərlə iş aparırıq, təlimlər keçiririk ki, bu cür hallar ortaya çıxmasın”.

Femida.az

Açar sözlər:

Oxunub: 1205