`Ermənilər dırnağımı çıxartdılar` - Girovluqdan qayıdan Xocalı sakinindən müraciət


20:28     23 Noyabr 2017 23667331_1127274370742092_640125869_n.jpg

15 gün erməni girovluğunda qalan Xocalı sakini Bidzinovna Qumru Musa qızı Femida.az-a müraciət edib.


Onun sözlərinə görə, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri ermənilər tərəfindən işğal olunan günü girov götürülüb. Bu zaman onun 9 aylıq qız övladı da qucağında girov götürülüb. Erməni vəhşiliyinin qurbanı olan qadının sonraki illərdə də taleyi gətirməyib.

“ Xocalı Soyqırımı günü ermənilər bizi zirzəmidə gizləndiyimiz yerdən girov götürdülər. Qayınanam, qayınatam və məni 9 aylıq qızımla birlikdə girov götürüb, Xankəndinə apardılar.Orada başımıza gətirilən müsibətlər danışılası deyil. Milli Qəhrəman Allahverdi Bağırovun köməkliyi ilə məni erməni əsirlərlə dəyişdilər.”
Qumru Bidzinovna həyat yoldaşının keçmiş polis əməkdaşı olduğunu və onunla rəsmi nikahda ola-ola başqa xanımla ailə qurduğunu bildirir:

“ Biz girovluqdan sonra bir müddət Ağdamda yaşadıq. Ora işğal olunduqdan sonra Saatlıya köçdük. Saatlıda çadırlarda qala bilmədiyimiz üçün yoldaşımın işinə görə Bərdəyə köçdük. Orada yataqxanada qalırdıq. Digər iki övladım da orada dünyaya gəldi. Yoldaşım polis əməkdaşı idi. Amma ailəyə baxmırdı. Məni 3 uşaqla qoyub, başqa qadının yanına getdi. Hazırda Türkiyədə yaşayır. Uşaqları böyütməkdə çətinlik çəkdiyimdən qardaşım məni Bakıya gətirdi. Bakıda da qala bilmədim. Uzun müddətdir ki, Sumqayıtda kirayədə qalırıq. Özüm erməni girovluğunda işgəncələrə məruz qaldığım üçün işləyə bilmirəm. Orada mənim dırnaqlarımı çıxardıqları üçün ayaq üstündə çox qaldıqda ayaqlarım şişir. Üç uşaqla kirayədə qalmaq da çətindir... Qızlarım 26 və 24 yaşlarındadır...”

Xocalı sakini əsas probleminin mənzil olduğunu bildirir.

“Əsas problemim evdir. Qızım 3 ildir ki, nişanlıdır. Cehiz ala bilmirik ki, onun toyunu edək. Müharibə vaxtına düşdüyü üçün uşaqlar oxuya da bilməyib. Oğlumun bu gün 23 yaşı var. Qaçqın düşdüyümüz vaxt o Bərdə rayonunda yerləşən məcburi köçkün uşaqların oxuduğu 1 nömrəli Cəmilli kənd orta məktəbdə təhsil alırdı. Ailəm dağıldıqdan sonra uşaq məktəbi bitirə bilmədi. Ona görə də atestatını ala bilmədi. Həmin məktəb hazırda Goranboy rayonu, Ağcakəndində yerləşir. Mənə oğlumun atestatının alınmasında kömək etmələrini xahiş edirəm.Oğlumun atestatı olsa, onun işə girməsində problem olmaz...”


Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 9298