Dini Komitə Qubada treninq keçirib


23:56     27 Noyabr 2017 jWdJkeYt2179oiXkCi6Mfk6r2pQ8zGZZ3APKf8NwMGzaQSGDvTXT.jpg

Noyabr ayının 27-də Qubada Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Mətbuat Şurası, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda seminar-treninq keçirilib.


Dini mövzularda yazan jurnalistlərin maarifləndirilməsi, peşəkarlığının artırılması məqsədilə təşkil edilən seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, eyni zamanda ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Seminar-treninqdə DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “Din-media münasibətləri: beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib.

Qərb mediasında müsəlman imicinin formalaşdırılması, söz və informasiya azadlığının qorunması məsələləri barədə danışan N.Məmmədli müasir medianın, xüsusilə sosial medianın dünyada dinin rolunun dəyişməsində xüsusi yeri olduğunu vurğulayıb. Şöbə müdiri internet və televiziyanın inkişafının dinin də inkişafına, daha sürətlə yayılmasına gətirib çıxardığını qeyd edib. O, Qərb kütləvi informasiya vasitələrinin İslam dininə aqressiv münasibətinin bir sıra səbəblərlə izah oluna biləcəyini bildirib. İslam haqqında məlumatsızlığın bu səbəblərdən ən başlıcası olduğunu diqqətə çatdırıb.

Seminar-treninqdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, din və media münasibətləri bütün cəmiyyətlər üçün, xüsusilə Azərbaycan cəmiyyəti üçün aktualdır. O qeyd edib ki, dini maarifləndirmə işinin həyata keçirilməsində, dini radikalizm və ekstremizmlə mübarizənin təşkilində, milli-mənəvi dəyərlərin qorunması və təbliğində medianın rolu mühümdür.

Sədr müavini vurğulayıb ki, dinin siyasiləşdirilməsi, milli kimliyimizin dini kimliyimizə qarşı qoyulması, dünyəvi təhsilə və dünyəviliyə qarşı cəhdlər, məzhəbçiliyin yayılması kimi din sahəsində üzləşdiyimiz bir sıra təhdid cəhdləri var ki, onların aradan qaldırılmasında Azərbaycan mətbuatının rolu danılmazdır.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dini sahədən yazan jurnalistlər üçün keçirilən tədbirlər, konfranslar, müsabiqələrin önəmi barədə danışıb. O bildirib ki, bu sahədə yazan jurnalistlər dövlət-din münasibətləri, dini durum barədə kifayət qədər məlumatlı olmalı, dini məsələlərə həssas yanaşmalıdırlar. Bu baxımdan bu cür seminar-treninqlərin, Azərbaycanın dini xəritəsinin kütəvi informasiya vasitələri nümayəndələri üçün tam açılmasının böyük əhəmiyyəti var.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1062