Bakıda valideynlər uşaqlarını məktəbə buraxmır? - RƏSMİ AÇIQLAMA


18:13     28 Noyabr 2017 baki%20tehsil%20idaresi.jpg

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bəzi kütləvi informasiya vasitələrində paytaxtın Nəsimi rayonunda yerləşən 14 saylı tam orta məktəblə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.


İdarədən Femida.az-a bildirilib ki, 14 saylı tam orta məktəbin rus bölməsinin 3 E sinif şagirdi M.S-nın davranışı ilə bağlı problem yaranıb.

Məlumata əsasən məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3 Ç sinifinə keçirib: “Lakin həmin sinifdə oxuyan şagirdlərin valideynləri kütləvi olaraq bundan narazılıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq, məsələ öz həllini tapmayıb. 27-28 noyabrda valideynlər həmin şagirdə görə övladlarını dərsə buraxmayıb. M.S-nın valideynləri övladlarına və özlərinə qarşı olan bu münasibətə görə polis bölməsinə müraciət ediblər. Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, valideynlərlə görüşüb, məsələni birgə müzakirə ediblər. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”.

İdarədən onu da qeyd ediblər ki, məktəbdə hər hansı kütləvi etiraz halı baş verməyib, bu, sadəcə bir neçə valideyn arasında baş vermiş problemdir: “Məktəbdə tədris prosesi normal şəkildə davam edir. Psixoloqlar məsələnin həllinə cəlb olunub. Problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır”.

Açar sözlər:

Oxunub: 1248