“Azərbaycan Avropa İttifaqından nəsə ummur” - Novruz Məmmədov


01:41     29 Noyabr 2017 memmedov%20novruz%20musahibe.jpg

"Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti Azərbaycan ilə bu təşkilat arasında əlaqlərdə yeni mərhələnin başlanğıcı kimi rəsmi Bakı üçün tarixi əhəmiyyət daşıyır".


Femida.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Xəzər TV-yə müsahibəsində deyib.

N.Məmmədov bildirib ki, xüsusi ilə sammitin sonunda qəbul edilən bəyannamədə rəsmi Bakının prinsipial heab etdiyi əsas məsələlərin əksini tapması əməkdaşlığın daha da genişləndirilməsi üçün zəmin yaradır.

"Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsində ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlik kimi təməl prinsiplərin əks olunması və bütün iştirakçı dövlətlərin bunu birmənali şəkildə qəbul etməsi rəsmi Bakının təşkilatla əlaqələrinin genişləndirməsi üçün yeni imkanlar açır. Nəzərə alsaq ki, 2015-ci ilin Riqa Sammitində Azərbaycanı qane etməyən məsələ bu prinsiplərə laqeyd münasibət idi. Ermənistan tərəfi bu dəfə də buna mane olmaq üçün əlindən gələni edib, amma istəklərinə nail ola bilməyib".

Prezidentin köməkçisi hesab edir ki, bunun əsas səbəbi Avropa İttifaqının Azərbaycana artıq bərabərhüquqlu tərəfdaş gözü ilə baxmasıdır. Azərbaycan Avropa İttifaqı üçün siyasi və iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətli bir ölkədir.

"Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Avropa İttifaqından nəsə ummur. Konkret qarşılıqlı-faydalı əməkdaşlıq təklif edir. Bu əməkdaşlığın isə müqabilində özünün şərtləri var. O şərtlər ki, beynəlxalq hüququn norma və prinsiplərinin tələbədir. Ermənistanın düşdüyü vəziyyət isə fərqlidir. İqtisadi əməkdaşlıq baxımından Avropa Birliyi üçün heç bir əhəmiyyət kəsb etməyən bu dövlət sadəcə lobbi və diaspor gücünə ayaqda qalmağa çalışır.

Bundan əlavə, sammitdə digər bir məqam ondan ibarətdir ki, Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfərlər və hətta bura investisiya qoymaq cəhdləri Avropa İttifaqı səviyyəsində pislənilib.

Sırf ikitərəfli münasibətlər kontekstində isə, Avropa İttifaqı Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu və konkret addımlar atmaq niyyətini ifadə edib. Buna ilk növbədə, viza məsələsinin sadələşdirilməsi, ümumi hava məkanından istifadə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük iqtisadi, o cümlədən də enerji və nəqliyyat layihələrinin birmənalı dəstəklənməsi aiddir".



Femida.az

Açar sözlər:

Oxunub: 840