Sinaqoq rəhbərindən dünya yəhudilərinə çağırış: “Azərbaycanın yanında olun!” – REPORTAJ


15:15     29 Noyabr 2017 IMG_0489.JPG

(Şəkildə solda sinaqoq rəhbəri Yuri Naftaliyev, ortada Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə üzrə nümayəndəsi Pisax İsakov, sağda isə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyevadır)



Quba rayonunun Qırmızı qəsəbə adlanan hissəsi dünya yəhudilərinin tez-tez bəhs etdiyi yerlərdəndir. Rayonun mərkəzi hissəsinə yaxın, Qudyalçayın sol sahilində yerləşən bu qəsəbə dünyada İsraildə sonra yəhudilərin ən sıx yaşadığı bölgə hesab olunur. Sonuncu statistik rəqəmlərə görə, bu kiçik qəsəbədə 3 mindən çox yəhudi yaşayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mətbuat Şurasının və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Quba rayonunda jurnalistlər üçün baş tutan tədbir çərçivəsində bu qəsəbə ilə yaxından tanış olmaq imkanı əldə etdik. Vaxt məhdudiyyətinə görə qəsəbəni başdan-ayağa gəzə bilməsək də, yəhudilər üçün tarixi əhəmiyyət kəsb edən bəzi məkanlara baş çəkə bildik. Bu yerlərdən biri də 130 ildən çox yaşı olan qədim sinaqoq idi.



...Sinqaqun içərisində bizi Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə üzrə nümayəndəsi Pisax İsakov qarşıladı. O, ilk olaraq sinaqoqun tarixi ilə bağlı məlumat verdi:

“Quba rayonundakı yəhudilərin birinci sinaqoqu bu olub. 1885-ci ildə inşa olunub. Sovet hakimiyyəti dövründə bu sinaqoq bağlandı və tikiş fabrikasına çevrildi. Vaxt olub ki, hətta anbar kimi istifadə olunub. Allah ulu öndərə rəhmət eləsin. O, hakimiyyətə qayıdandan sonra sinaqoqumuz özümüzə qaytarıldı və camaatımızın köməkliyi ilə buranı təmir etdirdik”.

Hiss olunurdu ki, sinaqoq nə qədər təmir olunsa da, tarixiliyini qoruyub saxlayırdı. İçəridəki əksər naxışlar və bəzi əşyalar öz qədimiliyi seçilirdi. O da bu məsələyə toxunaraq bildirdi ki, sinaqoqun içərisində yeganə təzə əşya stullardır:

“1995-ci ildən sonra sinaqoqumuzu hissə-hissə təmir etdirdik. Çalışdıq ki, təmir olunarkən tarixiliyini qoruyub saxlayaq. Burada gördükləriniz içərisində yeganə təzə əşya stullardır”.

Sinaqoqda əl ilə toxunulmuş Azərbaycan xalçaları göz oxşayırdı. Bizimlə söhbətində də icra nümayəndəsi bildirdi ki, xalçaları yerə salmaqla buraya gələn qonaqlara həm də Azərbaycanın mədəniyyət nümunələrini tanıtmağa çalışırlar.

Pisax İsakov Qırmızı qəsəbədəki yəhudilərin gündəlik nə cür ibadət etməsindən də danışdı:

“Hər gün bu sinaqoqa ibadətə gələnlər olur. Gündə 3 dəfə ibadət olunur. Şənbə (şabat) günü isə digər günlərdən fərqli olaraq daha geniş formada ibadət edirik. Ümumilikdə həftədə 3 dəfə müqəddəs kitablar oxunur. Şabat günləri əslində dindarlarımız işləməməlidir. Hətta telefon gəzdirmək, ocaq qalamaq da olmaz. Ancaq piyada gəzmək olar. Lakin Azərbaycan dünyəvi dövlət olduğuna görə işləmək məcburiyyətindəyik. Yəhudiləri qoruyub saxlayan yəqin ki, dinimiz olub. Dünyada yeganə xalqıq ki, millət və dinin adı eynidir”.

İcra nümayəndəsi danışarkən gözümüzə sinaqoqun divarından asılmış tünd göy rəngli parça dəydi. O, həmin parçanın arxasında 200 ildən çox yaşı olan müqəddəs kitabların saxlanıldığını bildirdi. Maraqlı gəldiyi üçün parçanın arxasına baxmaq istədik. İcra nümayəndəsi bir az tərəddüd etsə də, sinaqoqun rəhbəri Yuri Naftaliyev xahişimizi yerə salmadı və həmin hissəni bizə göstərdi.



Yuri Naftaliyev dövlətin onlara yaratdığı şəraitdən xeyli razı qaldıqlarını bildirdi. İsrailə bir neçə dəfə gedib gəldiyini deyən sinaqoq rəhbəri Azərbaycanı özü üçün vətən hesab etdiyini diqqətə çatdırdı:

“Bizim ailəmizdən Azərbaycanda təkcə mən qalmışam. 30 ilə yaxın burada aptekdə işləmişəm. Daha sonra camaatın da rəyi ilə sinaqoq rəhbəri seçildim. Azərbaycanı özümə vətən ehsab edirəm. Xaricdən sinaqoqa xeyli qonaqlar gəlir. Elə olur ki, səhər bura gəlirəm, axşama qədər evə getmək imkanım olmur. Qonaqlarımız əsasən İsraildən gəlir”.





Sinaqoq rəhbəri bildirdi ki, Azərbaycan Prezidenti hər dəfə Qubaya gələndə Qırmızı qəsəbəyə baş çəkir, onlarla görüşür və insanların vəziyyətini soruşur.

Yuri Naftaliyev sonda dünya yəhudilərinə çağırış etdi:

“Mən bütün dünyadakı yəhudilərə səslənirəm: Azərbaycana dəstək olun! Torpaqlarımız işğaldan azad edilməlidir”.






Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5774