Qobustanın içməli su təchizatı yaxşılaşdırılır


01:12     30 Noyabr 2017 40415386-BA46-4A36-A9DF-B4D9B3EC11B9.jpeg

Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə oktyabrın 2-də Qobustan şəhərində istifadəyə verilmiş yeni içməli su təchizatı və kanalizasiya sistemləri vasitəsilə əhaliyə keyfiyyətli xidmət göstərilir.


“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, Azərbaycan hökumətinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində görülmüş işlərlə tanış olmaq üçün Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri Qobustan rayonunda olub.

Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülmüş işlərlə tanış olan Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori layihənin icrasından məmnunluğunu bildirib. O, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin krediti hesabına reallaşdırılan “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar və Naftalan şəhərlərində olduğu kimi, Qobustan şəhərində də layihənin vaxtında və keyfiyyətlə icra edildiyini diqqətə çatdırıb. Səfir “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Xaçmaz və Xızı şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisinin yaxın vaxtlarda yekunlaşacağına əmin olduğunu bildirib.

Qobustan Sukanal İdarəsinin yeni inzibati binası və burada yaradılmış şəraitlə tanış olan səfir yaşıllıq sahəsində xatirə olaraq ağac əkib. Teruyuki Katori layihənin sonuncu mərhələsi çərçivəsində tikiləcək tullantı sutəmizləyici qurğunun da vaxtında istismara veriləcəyinə əminliyini ifadə edib.

Səfirin diqqətinə çatdırılıb ki, icrasına 2015-ci ildə başlanan layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11,7 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun 7 kəndinə də içməli su verilir. Ümumilikdə layihədən 14 minədək sakin faydalanır.
Layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında ümumi məhsuldarlığı saniyədə 87 litr olan 6 subartezian quyusu qazılıb, Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib. Mürəkkəb relyef şəraitində 14,4 kilometr magistral kəmər çəkilib, üçpilləli nasos sistemi quraşdırılıb. Əhaliyə verilən içməli suyun keyfiyyət göstəricilərinin uzunmüddətli dövr üçün standartlara uyğunluğunu təmin etmək məqsədilə regionlarda ilk dəfə olaraq Təsi kəndində məhsuldarlığı sutkada 3800 kubmetr olan əks osmos tipli təmizləyici qurğu inşa edilib.

Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Bütün şəhər əhalisi yeni şəbəkə vasitəsilə keyfiyyətli və dayanıqlı su ilə təmin olunur. Layihə çərçivəsində Qobustan şəhəri ilə yanaşı, rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə də suyun verilməsi təmin edilib.

Layihəyə uyğun olaraq Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr kanalizasiya xətti və 1160 baxış quyusu inşa edilib, hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru tikilib. Tullantı sularının zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 2500 kubmetr olan təmizləyici qurğunun inşası üzrə keçirilən tender prosedurları son mərhələdədir və tikinti-quraşdırma işlərinə 2018-ci ildə başlanılacaq.

“Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” Qobustan şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xaçmaz və Xızı şəhərlərini də əhatə edir. Qobustan, Qusar və Naftalan şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yekunlaşıb. Hazırda Xaçmaz və Xızıda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 771