Roma Papası arakanlı müsəlmanlardan üzr istədi


20:20     02 Dekabr 2017 1512201713.jpg

Katolik Kilsəsi lideri və Vatikan şəhər dövləti başçısı Roma Papası Françesko Banqladeşə səfərində Myanmadan qaçmaq məcburiyyətində qalan bir qrup arakanlı müsəlmanla görüşüb.


Myanmanın sonra Banqladeşə gedən Roma Papası Françesko Dəkkədə "Sülh Üçün Dinlərarası və Ümumdünya Görüşü" başlıqlı bir tədbirə qatılıb. Banqladeşdəki xristian, müsəlman, hindu və buddist icmaların nümayəndələrinin iştirak etdiyi tədbirdə dini liderlər çıxış edib. Mərasimdən sonra 16 arakanlı qaçqın səhnəyə çıxaraq, Papa ilə görüşüb. 12 kişi, 2 qadın və 2 uşaqdan ibarət olan arakanlı müsəlmanlar tərcüməçi vasitəsilə Papayla söhbət edib.

Papa Françesko arakanlı müsəlmanlara, "Sizin yanınızdayıq. Vəziyyətiniz çox çətindir. Sizi incidən hər kəsin adından, dünyanın laqeydliyinə görə əfv diləyirəm", - deyə səslənib.

Papa daha əvvəl də arakanlı müsəlmanların vəziyyətini dəfələrlə gündəmə gətirmiş və "qardaşlarımız" dediyi bu qrupun yaşadıqlarının özünü ağladığını demişdi. Ancaq Banqladeşdən əvvəl getdiyi Myanma səfəri zamanı Papaya bu ölkə rəhbərliyinin qarşı çıxdığı "arakanlılar" terminini istifadə etməməsi tövsiyə edilmiş, o da buna riyət etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 780