Avtobuslarda sürət həddinə nəzarət olunacaq
22:02 07 Sentyabr 2015
Beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrində olduğu kimi, avtobuslarda da taxoqrafların tətbiq edilməsi məcburi xarakter alsa, bu, avtobuslarla bağlı yol qəzalarının azalmasına və sərnişinlərin təhlükəsizlyinin daha yaxşı təmin edilməsinə gətirib çıxara bilər.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisinin sözlərinə görə, taxoqraflar sürücünün sükan arxasında nə qədər müddət olduğunu, həmçinin avtomobilin sürət limitini hansı ərazilərdə və nə qədər aşdığını göstərir:
“Xarici ölkələrdə taxoqraflar təkcə beynəlxalq yükdaşımalarda deyil, həm də daxili yükdaşımalarda, eyni zamanda, sərnişin nəqliyyatında, avtobuslarda da istifadə edilir. Azərbaycanda isə hələ ki, taxoqrafların avtobuslarda mütləq tətbiq olunması ilə bağlı qanunvericilikdə müddəa yoxdur. Lakin beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin taxoqrafla təmin olunması mütləqdir. Hətta taxoqraflarla təmin olunmamasına görə, həmin nəqliyyat vasitələrinin sürücüləri üçün məsuliyyət də nəzərdə tutulur.
Amma taxoqrafın digər nəqliyyat vasitələrində tətbiqi ilə bağlı hələlik imperativ qayda yoxdur. Əgər bu məsələ qanunvericilikdə əksini tapsa və taxoqrafların avtobuslarda da olması tələb edilsə, əlbəttə bu, yorğun sürücülərin sükan arxasında əyləşməsi, sürücünün avtobusu ardıcıl olaraq 12-16 saat idarə etməsi, sürət həddini aşması hallarının qarşısını alar, eləcə də avtobusların məxsus olduğu müəssisə rəhbərlərinə, sahibkarlara nəqliyyat vasitələrinin hərəkətinə əlavə nəzarət etmək imkanı yaranar”.
Qeyd edək ki, Azərbaycanda sərnişin avtobuslarında sürücülərin işləmə vaxtını və sürət həddini müəyyən edən xüsusi cihazların quraşdırılması təklif edilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı payız sessiyasında təşəbbüs irəli sürüləcəyi gözlənilir.
Bildirilir ki, bir sıra ölkələrdə sərnişin avtobuslarının sürücülərinin hər birinin kartı var və bu kartla sürücü 8 saatdan artıq işləyə bilməz. Bundan əlavə, avtobuslarda sürət həddinə nəzarət edən cihazlar var və əgər sürücü sürət həddini aşarsa, cihaz qısa xəbərdarlıqdan sonra avtomobilin mühərrikini avtomatik olaraq dayandırır.
Oxunub: 899
Oxşar xəbərlər
- Avtobuslarda gediş haqqı artırılmayacaq - RƏSMİ
- Avtobuslarda cibgirlik edən şəxslər tutulub
- Avtobuslarda 5 yaşadək uşaqlara ödəniş edilməyəcək
- Avtobuslarda Wi-Fi nə vaxt olunacaq? - AÇIQLAMA
- Avtobuslarda xüsusi cihaz quraşdırılacaq
- Avtobuslarda dəyişiklik ilin sonuna qaldı
- Avtobuslarda kart sistemi tətbiq edilir- Rəsmi
- Avtobuslardan kimlər pulsuz istifadə edəcək?