Bu ərazilərdə sürüşmə aktivləşdi - Uçqun sahələri var


18:57     04 Dekabr 2017 Surushme_260312_4.jpg

Respublika ərazisində sürüşmə və uçqun sahələrinin vəziyyəti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Astara rayonunda Miki və Kijəbə, Deqədi – Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb.

Onun sözlərinə görə, Lənkəran – Lerik yolunun 17-19, 27-29 və 45-47-ci km-də uçqun – sürüşmə sahələrində atmosfer yağıntılarının təsirindən nisbi aktivlik baş verib və yol boyu yamacda yeni lokal sürüşmə və uçqun sahələri yaranıb: “Eyni zamanda, Lerik – Qosmalyan – Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsi aktivləşib. Lənkəranda Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən nisbi aktivlik qeydə alınıb və bir neçə yerdə yeni sürüşmə sahələri əmələ gəlib. Masallı – Yardımlı yolunun 13-15 və 24-26 - cı kilometrliklərində yamac boyu uçqun – töküntü və sürüşmə sahələri yaranıb. Cəlilabad – Cəngan – Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım müşahidə olunub. Yol boyu bir neçə yerdə uçqun hadisəsi baş verib”.

Ekspedisiya rəisi bildirib ki, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-də sürüşmə aktivləşib, yeni uçqun hadisələri müşahidə olunub: “Siyəzəndə Sədan sürüşmə sahəsində də aktivləşmə qeydə alınıb. Şabranda Qazbabalı sürüşmə sahəsində isə aktivlik davam edir. Quba – Xınalıq avtomobil yolunun 36-46-cı kilometrliyində sürüşmə prosesinin dinamikasında aktivlik baş verib. Quba – Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliyində nisbi aktivlik müşahidə olunub, yol boyu yamacda yeni lokal sürüşmə sahələri yaranıb”.

Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhəri, 48 – A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur. Bakı – Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun – töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Ay ərzində atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmənin parametrlərində ciddi artım qeydə alınıb: “Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib və nəticədə uçqun – töküntü hadisələri müşahidə olunub. Ərazidə bir neçə yerdə yol boyu yeni lokal sürüşmə sahələri əmələ gəlib. Şamaxı-Qaleybuğurd – Keçməddin avtomobil yolunun 24-25-ci kilometrliyində, ötən aylar ərzində Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçməddin kəndinə giriş yolunun 35-40 metr hissəsi tamamilə sıradan çıxıb və sahədə bir neçə yerdə yeni uçqun sahələri yaranıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 832