Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)


18:25     08 Dekabr 2017 muharibe42.jpg

“...Axşam evə gəldi. Özü də çox yorğun görünürdü. Heç bir kəlmə belə danışmadan yatdı. Səhər tezdən duranda nədənsə həyəcanlı olduğunu deyirdi. Vəzifəyə təyin olduğu gün ilk iş günü idi. İşə getməyə hazırlaşırdı ki, xəbər gəldi ki, Qobustanda məhbuslar qiyam qaldırıb. Ömründə başımı bağlamazdım. O gedən gün özüm də bilmədən başıma qara yaylıq bağlamışdım....”

Femida.az-ın əməkdaşları 1999- cu il yanvarın 7-də Qobustan həbsxanasında baş vermiş məhbus qiyamını yatıran zaman qəhrəmancasına həlak olan polis kapitanı Gündüz Abdullayevin həyat yolunu işıqlandırmaq məqsədi ilə ailəsinə baş çəkib.Kapitanın həyat yoldaşı Ulduz xanım müsahibəsində illər öncə baş verən qiyamla bağlı bir çox qaranlıq məqamlara aydınlıq gətirib.

Kapitan Gündüz Abdullayev haqqında arayış




Gündüz Məhərrəm oğlu Abdullayev 22 iyun 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Gündüz Sumqayıt şəhəri 17 saylı peşə məktəbinə daxil olur. 1981-ci ildə hərbi xidmətə çağırılan gənc Almaniyada qulluq keçir. Elə burada qulluq zamanı gələcək həyat yolunu müəyyənləşdirir. Almaniyada 1985-ci ildə gizirlər məktəbini bitirir. Qarabağ müharibəsi zamanı uzun döyüş yolu keçdikdən sonra Daxili Qoşunlarda xidmətini davam etdirib. 1999-cu ildə Qobustan həbsxanasındaki qiyam zamanı həlak olub.







- Ulduz xanım, həyat yoldaşınızla tanışlığın tarixçəsindən danışardınız.Necə yarandı bu ailə?

- Hər ikimizin əsli Naxçıvandandır. Biz uzaq qohum idik. Bir-birimizi tanımırdıq. Mən Naxçıvanda doğulub, orada böyümüşəm. Gündüz tez-tez Naxçıvana, nənəsigilə qonaq gəlirdi. Həmin vaxt məni görüb, bəyənmişdi. Gündüz Ceyranbatanda yaşadığı üçün düşünürdüm ki, uzaq olar. Ona görə də, onunla ailə həyatı qurmaq istəmirdim. Ona ərə gəlmək istəmədiyimi biləndə məni götürüb, qaçdı. Toyumuz 1987- ci ilin avqustunda oldu.

- Neçə övladınız var?

- Bir oğul və qız övladımız oldu. Qızım ailəlidir. Oğlum hələ subaydır.

- Həyat yoldaşınızın hərbiyə gedən yolundan danışaq. Ailə başçısını cəbhəyə yola salmaq çətin deyildi ki ?

- O hələ Almaniyada hərbi xidmətdə olarkən gizir məktəbini bitirmişdi. Orada bir müddət işlədikdən sonra 1987-ci ildə vətənə qayıdanda gizir rütbəsində idi. Qarabağ müharibəsi başlayan vaxt bizə də çağırış gəldi. Ceyranbatandan Gündüz və başqa bir şəxs döyüşlərə yollandı. O vaxtlar təzəcə ailə qurmuşduq. Övladlarımız da balaca idi. Tez-tez narazılıq edirdim ki, uşaqlar səni görmür, darıxırlar. O, həmişə Vətənin hər şeydən üstün olduğunu deyirdi. Gündüz orduya gedən gündən mənim də əsgərlik həyatım başladı...






- Hansı cəbhə xatirələriniz var?

- O vaxt Milli Qəhrəman Çingiz Mustafayev onları döyüş bölgəsində çəkmişdi. Gündüz orada döyüşlərdən, çətinliklərdən danışmışdı. Həmin ərəfədə oğlumuzun ad günü idi. Evə gələ bilmədiyi üçün döyüş bölgəsindən onu təbrik etmişdi... Gündüz həmin videoda bütün oğulları cəbhəyə çağırmışdı...Çəkiliş 8 mart Qadınlar bayramı günü olmuşdu.Bizi də təbrik etmişdi. Bunlar mənim Gündüzlə bağlı cəbhə xatirələrimdir...


- İştirak etdiyi döyüşlər barədə nə bilirsiniz?

- Şuşa, Goranboy, Ağdam, Füzuli, Ağdərənin və Horadizin müdafiə olunmasında iştirak etmişdi. Heç vaxt döyüşlər barədə bizə danışmazdı...

Gündüz Abdullayev çox döyüşlərdə iştirak edib. 1993-ci ilin dekabrından başlayan Horadiz əməliyyatı zamanı da xüsusi qəhrəmanlıq göstərmişdi. Həmin illərdə onun qəhrəmanlıqları dillər əzbəri olmuşdu...

- Hər hansı bir xüsusi qəhrəmanlığı olmuşdumu?

- Bəli. Elə döyüşlərin ən qızğın vaxtında bunların ərazisinə girmiş ermənini əsir götürmüşdü. Gündüzün hadisəylə bağlı özünün danışdığı video da var. Orada deyir ki, erməni kəşfiyyatçı bunların olduğu əraziyə gəlib və siqaret istəyib. Gündüz ondan hansı bölükdən olduğunu soruşanda, Zəngilan batalyonunun əsgəri olduğunu deyib. Bu zaman Gündüz, onun erməni olduğundan şübhələnib. Çünki ləhcə ilə danışırmış. Həmin erməni silahlı olsa da, Gündüz silahsız imiş. Çünki döyüşdən çıxıb əsgərlərə yemək bişirimiş. Erməni kəşfiyyatçısı bundan siqareti alıb, uzaqlaşmaq istəyəndə Gündüz onu zərəsizləşdirib. Bu qəhrəmanlıq o illərdə hər kəsin dilində bir dastana çevrilmişdi. Bu kimi qəhrəmanlıqlarına görə, Gündüzə leytenant rütbəsi vermişdilər. Həmin hadisə ilə bağlı Gündüzün danışdığı videonu bu günə kimi saxlayıram. Hər dəfə baxanda elə bilirəm bu dəqiqə hardansa gələcək...

Gündüzün cəbhədə qəhrəmanlıqları çox olub. Xocalı Soyqırımı zamanı əhalinin xilas edilməsində də yaxından iştirak etmişdi.






- Orduda belə zəhmli zabit ailədə necə insan idi?

- O, evdə çox mülayim idi. Özü də, bacarıqlı adam idi.Mən həmişə şikayət edirdim ki, onu doyunca görə bilmirik. Bayramlarda da bir yerdə ola bilmirdik. Mənə səngərdə də uşaqları olduğunu deyirdi. Əsgərini hər kəsdən üstün tutardı. Cəbhəyə gedərkən mənə “uşaqları sənə tapşırıram. Sən bunların həm atası, həm də anasısan” , demişdi. Elə helə də oldu...


- Bildiyimə görə, Gündüz Abdullayev Milli Ordudan Daxili Qoşunlara xidmət üçün gəldi. Bunun tarixçəsi barədə nə bilirsiniz?

- O illərdə Daxili Qoşunlar təzə yaranırdı. Gərgin bir zamanda ölkənin daxili sabitliyini qorumaq lazım idi. Daxili Qoşunlar yaradılan zaman kadr çatışmazlığı var idi. O vaxtlar polis akademiyası yox idi. Gündüz peşəkar hərbçi olduğu üçün onu Bakıya, Daxili Qoşunlara gətirdilər. Özünün də ən böyük arzusu polis olmaq idi. Elə sevinirdi ki, o illərdə... Deyirdi ki, arzusuna çatır... Daxili Qoşunlara gətirilsə də, yenə cəbhəyə gedirdi. Cəbhəsiz qala bilməzdi...

- Daxili Qoşunlarda hansı vəzifədə idi?

- Hərbi hissələrin birində taqım komandiri kimi işə başlamışdı. 1996-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasına qəbul oldu. O illər çox çətinlik çəkdi. Gecə-gündüz imtahanlara hazırlaşırdı. Bu günə qədər onun imtahana hazırlaşdığı vərəqləri saxlamışam. Hər dəfə imtahana gedəndə məni də aparırdı. Akademiyanın yaxınlığında, parkda onu gözləyirdik. Bir də görürdüm ki, uşaq kimi sevinə-sevinə çıxdı.

... Akademiyanı bitirdikdən sonra ona vəzifə verdilər. 1998-ci ilin iyul ayında hərbi hissənin Qərargah rəisinin köməkçisi vəzifəsinə təyin olundu. Həmin ilin avqustunda ona kapitan rütbəsi verildi. Amma vəzifədə cəmi bir gün işlədi...


- Ulduz xanım, Gündüz bəylə son görüşünüz xatirinizdə necə qalıb?

- Yanvar ayı həyatımda keçən ən ağır aydır. O illəri xatırlamaq belə çətindir. Gündüz polis akademiyasının sonuncu kursunda oxuyan zaman Qərargah rəisinin köməkçisi təyin olmuşdu.Artıq universitetdə buraxılış imtahanları keçirilirdi. İmtahandan çıxıb, evə gəldi. Çox narahat idim. Dedim ki, bu gün işə getmə. Onsuz da, imtahanlar da bitib. Ömründə ilk dəfə idi ki, mənə işlə bağlı hər hansı bir sənəd göstərirdi. Əlindəki kağızı göstərib dedi ki, yanvarın 8-də akademiyada vaxtı bitir. Artıq yeni işinə çıxmalıdır.Elə bil onun ürəyinə nəysə gəlmişdi. Uşaqları bərk-bərk qucaqlayırdı...

- 1999-cu il yanvarın 7-dən 8-nə keçən gecə Qobustan həbsxanasında baş verən qiyam günündən danışaq. Gündüz Abdullayevi əraziyə kim göndərmişdi?

- Həmin gecə biz qaynatamgildəydik. Atası xəstə olduğu üçün Gündüz də ona baş çəkməyə gəlmişdi. Çox yorğun görünürdü. Heç yemək də yeyə bilmədi. Səhər tezdən duranda narahat olduğunu dedi. Birdən məlumat gəldi ki, gecə saat 23.00 radələrində Qobustan həbsxanasında qiyam başlayıb. Yuxarı komandanlıq həmin vaxt əməliyyat keçirməyə başlayırdı.Gündüz vəzifəyə yeni təyin olunduğu üçün bu əməliyyatda iştirak etməməli imiş. Amma getmişdi...

- Həbsxanada qiyam qaldıranlar kimlər idi? Onlar haqqında nə bilirsiniz?

- Qiyam edənlər xüsusi təhlükəli dövləti cinayətlər törətdiklərinə görə, məhkum olunmuş şəxslər idi. Onların arasında Azərbaycanın keçmiş müdafiə naziri general-mayor Vahid Musayev, siyasi fəal Faiq Baxşəliyev və başqaları var idi. Onlar guya azadlığa çıxıb,Qarabağda döyüşmək istədiklərini bildiriblər. O vaxt bu haqda qəzetlərdən oxumuşdum.

- Bəs həyat yoldaşınız hansı şəraitdə, necə həlak oldu?

- İnanırsınız, bu günə qədər dəqiq heç nə bilmirik.O vaxtı bir neçə versiya irəli sürülmüşdü. Bu haqda mətbuat da geniş yazmışdı. İlkin versiyalardan birinə görə, qiyam qaldıran şəxslər bir neçə nəfər nəzarətçi əsgəri girov götürüblər. Onlar əsgərlərin azad edilməsi qarşılığında hərbi maşın tələb ediblər. Bu zaman yoldaşım digər əməkdaş kapitan Rövşən Rzayev və başqaları ilə birlikdə girovları azad etmək üçün qiyamçılarla danışığa girib. Qiyamçılar onlardan avtomobil tələb edirlərmiş. Bu zaman Gündüzgil avtomobillə qiyamçıların yanına girib. Danışıqlar zamanı tutulan girovlar azad edilib. Bundan sonra qarışıqlıq olub.Gündüzgil də həmin vaxt həlak olub.

- ...Bizə sonradan dedilər ki, Gündüzgilin içərisində olduğu UAZ markalı maşın həbsxanadan çıxarkən hərbi maşının altında qalıb. Gündüz də orada həlak olub. Daha bir versiyaya görə, Gündüz BMP ilə divarın arasında qalıb, həlak olub. Onların konkret olaraq hansı şəraitdə həlak olması barədə məlumat ala bilmədik. Dövr çox qarışıq idi.





- Ölüm kağızında nə yazılmışdı?

- Ölüm kağızında ürək çatışmazlığından öldüyü yazılmışdı...

- Həyat yoldaşınızın meyitini gördünüzmü?

- Düzü, bizə ona baxmağa icazə vermədilər. Amma onun meyitini görənlər dedilər ki, Gündüzün bədənində güllə yarası olmayıb...

- Qiyamla bağlı açılan cinayət işi ilə bağlı hansı məlumatınız var?

- O vaxtlar başımız elə qarışdı ki, maraqlana bilmədik. Bizə bircə onu dedilər ki, xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

- Sizə xəbəri kim çatdırdı?

- Ömrümdə başıma yaylıq bağlamazdım. Amma həmin gün təsadüfən başımı bağlamışdım.Özüm də çox narahat idim. Amma belə bir hadisənin baş verəcəyini ağlıma belə gətirməzdim. Ev işləri ilə məşğul idim. Birdən qapının döyüldüyünü eşitdim. Ürəyim əsdi. Qapını açanda Gündüzün hərbçi yoldaşlarının dayandığını gördüm. Onlar heç nə danışmırdı. Elə susub, dayanmışdılar. Mənə yalandan Gündüzün xəstəxanada olduğunu dedilər . Onun sürücüsündən ağlaya-ağlaya xahiş etdim ki, məni xəstəxanaya aparsın. Həyətə düşəndə gördüm ki, bütün hərbi hissə aşağıdadır. Arxada əsgərlərin çiynində Gündüzün cənazəsi gətirirdilər. Həmin an dünya mənim üçün qaranlıq zülmətə çevrildi. Onda taleyimlə barışdım. Qəbul etdim ki, Gündüz artıq yoxdur həyatda...


- Qiyamın yatırılmasına görə, qiymətləndirilənlər oldumu?

- Onu bilirəm ki, kapitan Rövşən Rzayevə Milli Qəhrəman adı verildi. Yoldaşım ölümündən sonra mərhum Prezident Heydər Əliyevin 12 yanvar 1999-cu il fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu. DİN-nin Biləcəridə yerləşən N saylı Daxili Qoşunlar Hərbi hissəsində Gündüz Abdullayev adına maneələr zolağı yaradıldı. Daxili Qoşunlar Qala Tədris Mərkəzinin atəş mərkəzi bu gün Gündüzün adını daşıyır.Yaşadığımız küçəyə yoldaşımın adı verilib, qəsəbədə adına bulaq istifadəyə verilib. Dövlətimiz bizə çox qayğı göstərdi. Mərhum Prezident Heydər Əliyev o vaxt bu hadisə ilə bağlı həlak olan şəxslərin ailələrinə diqqət yetirilməsinə tapşırıq vermişdi. Daxili İşlər naziri cənab Ramil Usubov yoldaşımın həlak olduğu gecə şəxsən bizə gəldi. Ölümündən sonra onun adına təltif olunmuş ordeni şəxsən özü mənə təqdim etdi.

- Həyat yoldaşınızdan sizə yadigar oğul övladınız qalıb. O, hansı sahədə çalışır?

- Yoldaşım həlak olanda Xəyyam 5-ci sinifdə oxuyurdu. Çox şeyi başa düşmürdü. Dəfn günü atasının şəklini əlində tutub, cənazənin önündə gedirdi. Gəlib evdə “mama, atamın saçını gördüm...”demişdi. Atası onu uşaqlıqdan polis görmək istəyirdi. Xəyyam da atasının yolu ilə getdi. Hərbi Akademiyanı bitirdikdən sonra Daşkəsən rayonunda N saylı hərbi hissədə zabit kimi xidmətə başladı. Bir neçə il xidmətdən sonra cənab nazir Ramil Usubova məktub yazdım. Ondan xahiş etdim ki, səhhətimdə problemlərim var, oğlumun Milli Ordudan Daxili Qoşunlara yerdəyişmə edilməsinə kömək etsin. O vaxt Ramil Usubov ailə vəziyyətimizi nəzərə alıb onu Bakıya gətirdi.

- Oğlunuz hazırda çalışırmı?

- Təəssüf ki, işsizdir. Bir müddət ailəmizdə müəyyən problemlər oldu. Anamdan sonra bacım vəfat etdi. Biz tez-tez Naxçıvana gedəsi olduq. Özüm də, bərk xəstələndim. Xəyyam güclü stress keçirdiyi üçün ərizəsi ilə işdən uzaqlaşdı. Məni tək buraxmaq istəmirdi. Bu gün cənab nazirdən xahişim var. İmkan varsa, oğlumu yenidən daxili qoşunlara işə bərpa olunmasına kömək etsin. Ailəmizin vəziyyəti heç də yaxşı deyil. Cənab nazir bu vaxta qədər bizə çox kömək edib. Ümid edirəm ki, bu müraciətimdən sonra da bizə kömək edəcək.















Jurnalist: Mircəlal Məcidli
Operator: Əhməd Xəlilov
Səsləndirdi:Elvin Abdulqədirov
Montaj:Bəxtiyar Məmmədov
Femida.az

Açar sözlər: Müsahibə   Çingiz   Abdullayev   Polis    

Oxunub: 24181