Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR


15:19     11 Dekabr 2017 gozelovun%20ailesi3.jpg

“...Atam qətlə yetirilən zaman cəmi 3 yaşım var idi. Hadisələrdən bəzi dumanlı xatirələrim var.Həmin gün babam bizi təcili Şuşadan Ağdama gətirdi.Evimiz adamla dolub-boşalırdı...”


Bu gün Şuşanın keçmiş icra başçısı, bölgədə böyük nüfuz sahibi olan Mikayıl Gözəlovun qətlindən 26 il keçir. M. Gözəlovun yeganə oğlu Müşfiq Gözəlov atası ilə bağlı xatirələrini Femida.az –ın əməkdaşı ilə bölüşüb.

Mikayıl Gözəlovun qısa arayışı.

Gözəlov Mikayıl Qoca oğlu 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurub. Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirdikdən sonra təyinatla Şuşa şəhərinə göndərilir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışdıqdan sonra 1976-cı ildə həmin idarənin rəisi olur. Müxtəlif sahədə çalışdıqdan sonra 1989-cu ildə Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunur.

Mikayıl Gözəlovun ən böyük əməyi bölgədə erməni işğalına qarşı mübarizə olub. Azərbaycan Respublikası prezidentinin 7 noyabr 1991-ci il fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilir. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərmiş, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirilməsinə rəhbərlik etmiş. Bundan əlavə Şuşanın genişləndirilməsinə və azərbaycanlıların rahat yaşaması üçün evlərin tikilməsinə köməklik göstərmiş. 1991 -ci ilin dekabrın 11-də iş otağında güllələnərək qətlə yetirilib.





- İstərdim, sizi yaxından tanıyaq.

- Mikayıl Gözəlovun ailəsinin son beşiyiyəm. 1989 – cu ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşam. Ailədə 3 bacının yeganə qardaşı olduğum üçün hamıdan çox diqqət mənə idi. Atamın ən böyük arzusu oğul övladının olması imiş. Əslində aprelin 7-də anadan olmuşam. Amma atamın ad günü aprelin 5-də olduğu üçün mənim də sənədlərimə o tarixi yazıblar. Həmişə ad günümü atamın doğum günündə qeyd edirəm.

- Şuşa ilə bağlı hansı xatirəniz var?

- Şuşada cəmi 3 il yaşamışam.Uşaq olmuşam. Amma uşağın yaddaşı güclü olar deyirlər. Şuşa ilə bağlı bir neçə xatirə qalıb yaddaşımda. Yaşadığımız evi bir az xatırlayıram..Şuşaya güclü atəşlər olan vaxtı və atam günün əksər hissəsini işdə olduğuna görə biz qonşularla birlikdə zirzəmidə gecələyirdik. Belə xatırlayıram ki, bir gecə atam zirzəmiyə gəldi və həmin zaman yanında hərbi geyimdə , iki hərbiçi şəxs var idi.Atamı görən kimi çox sevindim. Amma uşaq olduğum üçün zirzəmidə niyə qaldığımızı o vaxtlar dərk edə bilmirdim.

- Atam icra başçısı olan dönəmdə Qoca babam dəfələrlə istəyib ki, bizi Şuşadan Ağdama aparsın.Çünki Şuşada vəziyyət çox gərgin idi. Anam danışırdı ki, atam buna qəti etiraz edibmiş. “Şuşanın müdafiəsinə rəhbərlik edən adamın ailəsi buradan çıxsa Şuşada kim qalar?!” deyib. Ona görə də atamın qətlə yetirildiyi günə qədər biz orada olmuşuq.

- Atanızı necə xatırlayırsınız?

- Atamı az gördüyüm üçün xatirəm də, çox azdır.Bir dəfə bizi şəkil çəkdirməyə aparmışdı.Mən atamın qucağında oturmuşam.İndi həmin şəkil mənə çox əzizdir. Anam deyirdi ki, atam evə gələrkən bacılarımı öpsə də, məni öpməzmiş. Anam səbəbini soruşduqda, “O, kişidir, kişini öpməzlər”, deyərmiş.





- Atanızın icra başçısı gətirilməsi barədə nə bilirsiniz? O vaxtlar uşaq olsanız da, yəqin ki, sonradan məlumatlar əldə edə bilmisiniz .

- Əslimiz Ağdamın Mərzili kəndindəndir.Atam Politexnik İnstitutunun inşaat fakültəsini bitirdikdən sonra təyinatla Şuşa şəhərinə göndərilib. Şuşada tikinti sahəsində çalışıb. Şuşanın əvvəlki icra başçısı Vaqif Cəfərov Polyaniçkonun müavini göndərildikdən sonra O, Qarakənd faciəsi zamanı şəhid oldu. Bu hadisədən bir qədər əvvəl noyabrın 7-də atam Şuşanın icra başçısı təyin edilmişdi.

- Bildiyimə görə, həmin vaxt Şuşanın icra başçısı vəzifəsinə namizəd kimi iki nəfər olub.Biri atanız, digər şəxs kim idi?

- Atama Şuşa əhalisinin böyük rəğbəti olub.Çünki davranışı, sadəliyi ilə seçilirmiş. Müəyyən qruplar var idi ki, Gözəlovun varlığı onları narahat edirdi. Yaxın ətrafı bunları bildiyinə görə, Atama mühafizəçi ilə gəzməyi təklif edirlərmiş. O, bundan imtina edirmiş. “Xalqın içərisində kimdən qorunuram”, deyərmiş.Hətta deyə bilərəm ki, atam xidməti otağında belə heç vaxt muhafizəçi olmayıb...İkinci namizəd barədə heç bir məlumatım yoxdur.






- O illərdə ölkə prezidenti olan Ayaz Mütəllibovla atanızın münasibəti necə olub?

- Eşitdiyimə görə dəfələrlə ermənilər Şuşaya tanklardan, toplardan atəş açan zaman cavab atəşi ilə onları susdurmağa əmr verdiyi üçün rəhbərlik tərəfindən atama təyziq olub. Aralarında olan münasibət barədə başqa məlumatım yoxdur.

- Bu il atanızın qətlindən 26 il keçir. Hansı xatirəniz var o günlə bağlı?

- O illərdə cəmi 3 yaşındaydım.Yadıma bircə o gəlir ki, evimizə çoxlu adamlar gəlmişdi.Hamı ağlayırdı. Bacılarım məndən böyük olduqları üçün onlar məni kənarda saxlamağa çalışırdılar.Hadisə baş verən günün Qoca babam bizi Şuşadan Ağdamın Mərzili kəndinə gətirmişdi.





- Müşfiq bəy, bir təcili yardım sürücüsünün icra başçısını qətlə yetirməsi nəyinə lazım idi?

- Bu sual illər boyu məni də düşündürüb.Atamı otağında güllələyən Elburus adlı şəxs bu haqda heç vaxt danışmayıb.Mən bir neçə dəfə onunla görüşmək istəsəm də, icazə verilməyib.

- Həmin şəxsin qohumları, ailəsi ilə sonradan əlaqəniz oldumu? Bəlkə onlar qaranlıq məqamlara aydınlıq gətirərdi?

- Onlar özləri də əslən Şuşadandır. Bir neçə il əvvələ kimi anasının və qardaşının yaşadığını eşitmişdim.Amma heç vaxt onlarla görüşmək, yaxud nəyisə onlardan öyrənmək fikrim olmayıb.

- Məndə olan məlumata görə, sizin onların ailə üzvü ilə illər öncə görüşünüz olub.Kim olub həmin şəxs?

- Həmin şəxslə görüşüm tam təsadüf nəticəsində gözləmədiyim vaxt olub və buradə danışmaq istəmirəm. Qısaca deyə bilərəm ki, həmin şəxs onun qardaşı olub.


- Bu günə qədər atanızın qətlini sifariş verən şəxsin kimliyini bilmirsiniz.Bilsəydiniz, nə dəyişərdi?

- Çox insanlar qətlin sifarişlə yerinə yetirildiyini düşünürlər. Dəqiq bilmədiyimə görə mən buradə tam olaraq açıqlama verə bilmərəm.






- Atanızın məzarını ziyarət etmisinizmi?

- Bu suala cavab vermək çox ağrılıdır.Təəssüf edirəm ki, atamın məzarını Ağdam rayonu Mərzili kəndi işğalından sonra ziyarət edə bilmirəm.


- Müşfiq Gözəlov üçün Mikayıl Gözəlov kimdir?

- Həyatı boyu Torpağına, Xalqına, Dövlətinə xidmət edən Vətən oğlu, İdeal Ata, əlçatmaz Şəxs!

- Bu gün siz istəmədiyinizə görə sizin fotonuzu oxucularımıza təqdim edə bilmirik.Amma qeyd edim ki, atanıza çox bənzəyirsiniz. Xasiyyətiniz necə?






- Bunu mənə hər kəs deyir.Xarici görünüşcə atama çox bənzəyirəm.Amma mən Vətənimə, Xalqıma xidmətimdədə atama bənzəməyimi çox istərdim.

- İstərdim, təhsilinizdən danışardınız.Kimlər dəstək oldu sizə?

- Atam rəhmətə gedəndən sonra dayım, əmilərim və babam ailəmizə böyük dəstək olublar.Amma bir şeyi qeyd etməyi özümə borc bilirəm. Ağlım kəsəndən indiyənə qədər General Polkovnik, cənab Ramil Usubovun qayğısı və diqqəti həmişə ailəmizin üzərində olub. Mənim ali təhsil almağımda da onun köməyi olub. 2006-cı ildə Türkiyə Cumhuriyyətinə təhsil almağa getmişəm və 2011-ci ildə bitirmişəm. Çalışacam ki, mənə göstərilən etimadı doğruldum və xalqımıza layiqincə xidmət edim.






- Siz də, kifayət qədər təhlükəli bir peşəni seçmisiniz.Ailədən narazılıq olmadıki?

- Xeyr. Mən bu peşəni sevərək seçmişəm və şərəflədə davam etdirəcəyəm. Sizin dilinizdə desək : Həyata yenidən gəlsəydim yenədə həmin peşəni sevə sevə seçərdim (Red- Gülür)

- Son sözünüz nədir?

- İstəyirəm ki nəyinki Şuşa, bütün işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad olunsun. Atamın uğrunda canından keçdiyi Şuşa torpağına ayaq basım və onun qəbrini ziyarət edim. Və atam kimi Xalqımıza, Dövlətimizə, Vətənimizə layiqincə xidmət edim.














Müsahibəni apardı: Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 27811


Oxşar xəbərlər