İlham Əliyev nekroloq imzaladı


20:19     09 Sentyabr 2015 87680884.jpg

Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri xalq artisti Habil Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.


Femida.az-ın məlumatına görə, başsağlığında deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Milli musiqi sənətinin görkəmli nümayəndəsi, məşhur kamança ustası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq Artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib.

Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. O, Ağdaşda orta məktəbi və eyni zamanda yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952–1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəyib.

Erkən yaşlarından kamançaya meyil salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlayıb, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərib. O, 1956–1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub.

Ötən əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanan Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi şöhrət tapıb. Ömrünün sonunadək ifaçılıq sənətini daim təkmilləşdirərək o, Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqincə davam etdirib. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan verib.

Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırıb. Daim ciddi yaradıcılıq axtarışları aparmış novator sənətkarın musiqi xəzinəmizi zənginləşdirən həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.

Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olub. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açıb.

Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Mahir kaman ifaçısı eyni zamanda bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırıb.

Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsil məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırıblar.

Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" və “İstiqlal” ordenlərinə layiq görülüb.

Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq".

Allah rəhmət eləsin!"

Başsağlığını prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Mehriban Əliyeva, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Arif Məlikov, Firəngiz Əlizadə, Siyavuş Kərimi, Zeynəb Xanlarova, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov, Mənsum İbrahimov, Şəfiqə Eyvazova və Fəxrəddin Dadaşov imzalayıblar.

Açar sözlər:

Oxunub: 1044