Siyasi partiya yaratmaq üçün nə etməli? - DETALLAR


15:51     22 Dekabr 2017 partiyalar5.jpg

Siyasi partiyalar müxtəlif ideologiyalar altında toplaşmış bir qrup insanın yaratdığı təşkilatdır. Azərbaycanda siyasi partiyalar XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindən formalaşmağa başlayıb. Bu gün ölkədə 70-ə qədər partiya mövcuddur və 54 partiya rəsmi qeydiyyatdan keçib. Onlardan 12-si parlamentdə təmsil olunub.


Siyasi partiya qurmaq üçün hansı şərtlər tələb olunur? Hara müraciət etmək lazmdır? Hansı sənədlər lazımdır? Bu sualların cavablarını müsahiblərimizlə aydınlaşdırmağa çalışdıq.

Əvvəlcə təşkilat komitəsi

Politoloq Natiq Miri Femida.az-a açıqlamasında siyasi partiya yaratmağın sözdə çox bəsit göründüyünü, lakin həqiqətdə çətin bir proses olduğunu vurğuladı:



“Siyasi partiya yaratmaq üçün mütləq mənada əvvəlcə təşkilat komitəsi yaradılmalıdır. Bu komitənin üzvləri konkret fəaliyyətə başlamalı və təşkilatın rayon şöbələrini yaratmalıdırlar. Bu şöbələr rayonlarda öz konfranslarını keçirəndən sonra təşkilatın nizamnaməsi müəyyən edilir. Daha sonra qurultay keçirilir və ərizə yazılır. Sənədləri Ədliyyə Nazirliyinə təqdim edilir. Bu da rəsmi şəkildə siyasi partiya olaraq qeydiyyatdan keçmək üçün lazımdır. Düzdür, bu proses sözdə bəsit görünür. Lakin hər şeydən əvvəl partiya yaratmaq üçün müəyyən kütlənin dəstəyini qazanmaq lazımdır”.

Kifayət qədər üzv olmalıdır

Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Seymur Abbasovun sözlərinə görə isə rəsmi proseduradan əlavə partiyanı yaradacaq, onu ayaqda tutacaq güc əsasdır. Bir sözlə əvvəlcə partiyanın kifayət qədər üzvü olmalıdır ki, daha sonra rəsmi fəaliyyətə başlaya bilsin:



“Hüquqşünas olmadığım üçün hüquqi cəhətdən ətraflı izah edə bilmərəm, lakin hər bir partiya istənilən halda Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Əlbəttə ki, partiyanın kifayət qədər üzv sayı olmalıdır ki, ona hüquqi status verilsin və partiya kimi rəsmi fəaliyyətə başlasın. Tələb olunan sənədlərin hamısı təqdim olunmalıdır. Bizim partiya bu prosesi 25 il bundan - 1992-ci ildə qabaq həyata keçirib”.

Qanunvericilik nə deyir?

Mövzu ilə bağlı Femida.az-ın suallarını cavablandıran hüquqşünas Vüqar Səfərli bildirib ki, siyasi partiyalar ərazi əlaməti üzrə qurulur. Dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilmir.

O, həmçinin qeyd edib ki, siyasi partiyaya üzvlük peşə, irqi, cinsi, etnik və dini əlamətlərə görə məhdudlaşdırıla bilməz.



“Siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır. Siyasi partiyanın təsis olunduğu gündən bir ay müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət olunur. Siyasi partiya məqsəd və vəzifələrini, fəaliyyət prinsiplərini və metodlarını əks etdirən proqrama malik olmalıdır.“Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na əsasən, ssiyasi partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə təsisçilər və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə (2 nüsxədə), nizamnamənin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması, proqramın qəbul olunması barədə qərarlar, dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu dövlət büdcəsinə nağd şəkildə ödənildiyi halda bank qəbzinin əsli, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi), siyasi partiyaların rəhbər orqanlarının qərargahının yerləşdiyi yer barədə təsisçilərin qərarı, qanuni təmsilçi təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti, partiya üzvlərinin sayını təsdiqləyən sənəd, təsis qurultayının keçiriləcəyi yer və tarix barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məlumat və siyasi partiyanın proqramı əlavə ediməlidir”, deyə hüquqşünas bildirib.



Amin
Femida.az

Açar sözlər:

Oxunub: 6945