Dəmirbankda 1 milyon manat necə yoxa çıxıb? - Məhkəmə işi


17:16     22 Dekabr 2017 pul%20manat_15.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri 31 yaşlı Fərəh Rəşadətli, xəzinadarı 31 yaşlı Tamamgül Xanlarova və bankın əməkdaşı 28 yaşlı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.



Femida.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə ilk olaraq təqdirləndirilən şəxslərdən Fariz Qarayev dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib. Tərəflərin suallarını cavablandıran F.Qarayev deyib ki, bankda işlədiyi müddətdə Fərəh Rəşadətlinin göstərişi ilə bəzi şəxslərin adına olan pulları kassadan çıxararaq ona verib.

Təqsirləndirilən Tamamgül Xanlarova ifadəsində sabiq filial müdiri Fərəh Rəşadətli ilə çox yaxşı münasibətləri olduğunu, bankda əməliyyatçı-xəzinədar işlədiyini, pul mənimsəməsindən, pulları kiminsə götürməsindən xəbəri olmadığını deyib.

Zərərçəkmiş Sevda Xəlilova məhkəməyə verdiyi ifadəsində Beynəlxalq Bankda pulu olduğunu, kürəkəni həmin pulları "Dəmirbank"a qoymağı təklif etdiyini göstərib. "Kürəkənim Tural Axundov bankın faiz dərəcələri ilə bağlı çeki gördü. Dedi ki, "Dəmirbank"da tanışım var, əmanətləri ora qoymaq olar. Mən Beynəlxalq Bankdan başqa heç bir banka güvənmirdim. Amma Tural məni inandırdı. Bizi Fərəh xanımla tanış etdi. İlk dəfə qızım Firəngizlə banka getdik. 300 min manat öz adıma, 150 min dollar qızım Firəngizin, 300 min dollar da digər qızım Gülnur Axundovanın adına əmanət qoyduq. Bir neçə ay faizləri aldım”.



Zərərçəkmiş ifadəsində sonralar bankda problemlər yarandığını, faizləri ala bilmədiklərini deyib: “Gecikmələr olurdu. Fərəh xanım özü mənə dedi ki, bankda problemlər var. Mənə VİP xidmətin olduğunu dedilər və o xidmətsən istifadəni təklif etdilər, razılaşdım. Bir müddət sonra yenə problemlər yarandı, faizləri ala bilmədim. Əmanətimi götürmək istədikdə Fərəh xanım dedi ki, faizləri öz əmanətimlə birlikdə qaytaracaq. Bir müddət sonra yoldaşımla banka getdik. Fərəh xanım ofisdə deyildi. Əlaqə saxladıqda dedi ki, məbləğ çox olduğu üçün baş ofisə getmək lazımdır. Baş ofisə də gedəndə bizə dedilər ki, sizin adınıza əmanət yoxdur. Bundan sonra kürəkənimlə, qohumlarımız Axundovlarla problem oldu. Bizim vəkillərimiz eyni idi. Sonra vəkillər də ayrıldı. Baş ofisdən dedilər ki, sizin adınıza pullar götürülüb".

S.Xəlilova tələbinin banka qoyduğu əmanətlərin qaytarılması olduğunu deyib. O, əmanətlərə görə aldıqları aylıq faizləri açıqlayıb. Bildirib ki, 600 min manata görə 7500 manat, 150 min dollara görə isə 1150 dollar faiz alıb.

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırlıq iclası zamanı F.Rəşadətlinin barəsindəki ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.



F.Rəşadətli 3 milyon manata yaxın pulu mənimsəməkdə, bankın digər iki əməkdaşı isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinirlər. Cinayət işində 7 nəfər zərərçəkmiş var.

İstintaq yolu ilə müəyyən edilib ki, Fərəh Rəşadətli “Dəmir Bank” ASC-nin Bayıl filialının müdiri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda əmlakı ələ keçirib, dələduzluq edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədib.

O, Tural Axundovdan 395 min manat, Əzizə Axundovadan 1 milyon 155 min manat, Bəhruz Axundovdan 400 min manat, Pərvanə Əliyevadan 400 min manat, Gülnur Axundovadan 300 min manat, Sevda Xəlilovadan 300 min manat, Firəngiz Xəlilovadan 150 min dollar, Rüstəm Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib.

Qeyd edək ki, adları çəkilən şəxslər Azərbaycanın xalq şairi Xəlil Rzanın qohumlarıdır.

Açar sözlər:

Oxunub: 2849


Oxşar xəbərlər