Azərbaycanda yeni qurum yaradıldı - Prezident fərmanı


01:35     23 Dekabr 2017 cenab%20prezident6.jpg

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.


Femida.az-ın xəbərinə görə, Prezident İlham Əliyev dekabrın 22-də “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.

Həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi də təsdiq olunub. Agentlik dövlət qeydiyyatına alındığı gündən Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələri ləğv ediləcək. Üç ay müddətində Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin istifadəsində olan əmlakın agentliyin balansına veriləcək.

Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirəcək. Agentlik öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək və İdarə Heyəti tərəfindən idarə olunacaq. İdarə Heyəti agentliyə rəhbərliyi və nəzarəti həyata keçirəcək. İdarə Heyətinin tərkibi üç nəfərdən: energetika naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun iki müavinindən ibarət olacaq.

Açar sözlər:

Oxunub: 6209