Vergilər Nazirliyi hüquqşünasları yoxlayır


21:43     09 Sentyabr 2015 nrgnpgkhno5ak23r0s94fpnq27vergilern.jpg



Çirkli pulların yuyulması ilə bağlı vəkillər yoxlanılır. 8 sentyabr tarixində hüquqi xidmət göstərən bütün şəxslərə (vəkillərə, hüquq firmalarına, fərdi sahibkar olan hüquqşünaslara) vergi orqanından tələbnamə gəlib. Bu barədə məlumatı Femida.az-a vəkil Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, “ Tələb olunur ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna əməl edilməsinə nəzarəti həyata keçirmək üçün 1 gündən gec olmayaraq son 3 illik dövr üzrə müştərilərin və benefisiarların eyniləşdirilməsi (təsis sənədlərinin notariat qaydasında təsdiq edilmiş surəti və s.) və verifikasiyasına, habelə müştərilərin əməliyyatlarına dair sənədlər təqdim edilsin. Tələbnamədə həmçinin xatırlanır ki, sənədlərin vaxtında təqdim edilməməsi İnzibati Xətalar Məcəlləsinin 348-3.0.6-cı maddəsinə uyğun olaraq məsuliyyətə səbəb olur: vəzifəli şəxslər üzrə 800-1500 manatadək miqdarda, hüquqi şəxslər üzrə isə 8000-15000 manatadək miqdarda cərimə.

Başqa sözlə, vergi orqanları bilmək istəyir ki, hüquqi xidmət göstərən şəxslər çirkli pulların yuyulmasına qarşı necə mübarizə aparır, maliyyə monitorinqini necə həyata keçirir: müştərilərini tanıyırlarmı, onların vəsaitlərinin mənşəyi ilə maraqlanırlarmı və s. Lakin nəzərə almaq lazımdır ki, qanunvericiliyə əsasən hüquqşünaslar heç də həmişə maliyyə monitorinqini həyata keçirməli deyillər.

Belə ki, adıgedən Qanunun 1.0.8-ci maddəsinə əsasən onlar monitorinqdə iştirak edən digər şəxslərə aiddir (yəni, məsələn, banklar kimi monitorinq iştirakçıları deyillər).
Həmin Qanunun 5.1-ci maddəsinə əsasən isə hüquqi xidmət göstərən digər şəxslər öz müştərilərinin yalnız aşağıdakı əməliyyatlarının aparılması zamanı maliyyə monitorinqi üzrə tədbirlər görməlidirlər:
1) Daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar;
2) Müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar;
3) Müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar;
4) Hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkil edilməsi, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlar (burada nəzərə almaq lazımdır ki, söhbət bu əməliyyatların toplu halda aparılmasından gedir). Buna görə də təbii ki, vergi orqanının sözügedən tələbnaməsinə cavab olaraq yalnız sadalanan əməliyyatlar üzrə müvafiq sənədlər təqdim edilməlidir.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3664