“Azercell” “internet“ adı ilə insanları belə soyur - Ehtiyatlı olun!!!


07:00     11 Sentyabr 2015 datakart0.jpg

“Azercell” adlı mobil operator datakart istifadəçisi olan müştərilərini aldadaraq külli miqdarda gəlir əldə edir.


Femida.az-ın bugünkü araşdırmasının məqsədi “Azercell” - in internet fırıldaqlarını üzə çıxarmaq və vətəndaşlarımızın həmin operator tərəfindən aldadılmasına son qoymaqdan ibarətdir.

6-7 dəqiqə ərzində 141 manat borclandım...

Hamı kimi mən də datakart almaq qərarına gəldim. “Azercell” – in təklif etdiyi internet paketi ilk baxışdan diqqətimi cəlb etdi. Nəticədə, "Azercell" - in datakart istifadəçisinə çevrildim. Lakin, mən də digər aldadılmış abonentlər kimi sonra baş verənlərdən xəbərsiz idim. Əvvəlcə aylıq 10 manat ödəməklə 10 geqabaytlıq paketə abunə oldum. İki ay istifadə etdikdən sonra aylıq paketi dondurmaq qərarına gəldim. “AY-“ yazıb 2525-ə göndərməklə aylıq internet paketimi dondurdum. Dondurduqdan iki gün sonra internetə daxil oldum ki, görüm, həqiqətən mənim aylıq internet paketim dondurulub, ya yox. Bunun üçün datakartı komputerə qoşmalı idim. Lakin qoşan kimi 6-7 dəqiqə ərzində 431 meqabayt internet trafikindən istifadə etdiyim barədə məlumat aldım. Dərhal müştəri xidmtlərinə müraciət etdim. Onlar mənim 142 manat məbləğində borclandığımı bildirdilər. Soruşdum ki, bu borc nə vaxt yazılıb. Mənə cavab verdilər ki, bir neçə dəqiqə bundan əvvəl internetə qoşulub 431 meqabayt internet trafikindən istifadə etmişəm. Mən isə izah etdim ki, 6-7 dəqiqə ərzində Azərbaycan internet portallarında məlumat oxumağa nəyə görə 431 meqabayt sərf olunur? Dərhal hansı saytlara girməyim barədə mənə məlumat vermələrini tələb etdim. Lakin bunun mümkün olmayacağını bildirdilər. Bu necə bir fırıldaqdır?! Mən rəsmi surətdə öz data nömrəm vasitəsilə hansı saytlara daxil olduğumu bilmək istəyirəm. Nəyə görə həmin saytlara girərkən 431 meqabayt sərf etmişəm? Nizami rayonunda yerləşən “Azərcel” müştəri xidmətlərində çalışan xanım bunun mümkün olmadığını bildirdi. Mən isə ərizə ilə yuxarı rəhbərliyə şikayətimi bildirdim. Şikayətimə cavab versələr də, internetdən hansı saytlara daxil olmağım barədə heç bir məlumat ala bilmıdim. Sanki, müştərini “yola vermək” xatirinə mənə bir cavab göndərdilər. Verdikləri məlumat isə yuxarıda qeyd etdiyim heç bir sualımı cavablandırmağa kifayət etmədi. Mən hansı saytlara daxil olmuşam ki, 431 meqabayt trafik istifadə edilib?



Başqa bir maraqlı məqam isə “Azərcel” mobil operatorunun mənə 15 gün ərzində verdiyi cavabların təzad təşkil etməsi olub. Belə ki, verdikləri son məlumata görə mənim borcum 171 manat olmuşdu. Halbuki iki həftə bundan əvvəl borcum 141 manat idi və bu müddət ərzində mən datakartdan istifadə etməmişdim.

Femida.az olaraq məsələyə aydınlıq gətirmək üçün Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz ilə əlaqə saxlayıb.



Osman Gündüzün fikrincə, Azərbaycanda 6-7 dəqiqəlik internetə qoşulmaqla 430 meqabayt internet trafikindən istifadə etmək mümkün deyil:

"Nəzərinizə çatdırım ki, 6-7 dəqiqə içərisində 430 meqabayt internet trafikindən istifadə edilməsi mümkünsüz bir haldır. 4G texnologiyası ilə şəbəkənin ən yaxşı tutduğu bir məkanda gərək 15-20 dəqiqə ərzində yaddaş tutumu bir neçə geqabaytlıq filmə baxasan ki, 430 meqabat istifade edilsin. Başqa cür 3G texnologiyası ilə 10 dəqiqə ərzində 431 meqabaytlıq internet trafikindən istifadə edilməsi mümkünsüz bir hadisədir. Vətəndaşlar ayıq olmalıdır. Belə halla qarşılaşdıqları təqdirdə Rabitə və Yüksək texnologiyalar Nazirliyinə və İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən Antiinhisar Siyasəti və İstehlakçılarn Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Ən son halda isə məhkəməyə müraciət edilə bilər".

Femida.az problemlə bağlı hüquqşünasların mövqeyini öyrənib. Hüquqşünas Loğman Abdullayevin fikrincə, vətəndaşlar bu cür hallarla qarşılaşdıqda mütləq məhkəməyə müraciət edib öz hüquqlarını müdafiə etməlidirlər:



"Bu əslində, qüsurlu xidmətin bir növüdür. Düşünün ki, sizə ödədiyiniz məbləğin əvəzində lazımi xidmət göstərilməyib. Hətta sizə maddi-mənəvi zərər dəyib. Bu cür hallarla qarşılaşan vətəndaşlar pozulan hüquqlarını məhkəmələr vasitəsilə bərpa edə bilər. Məhkəmənin qərarı ilə müəyyənləşdirilmiş bir qrup işin araşdırılmasına cəlb olunur. Aparılan araşdırmaların ardından əgər abonent haqlıdırsa, məhkəmə abonentə dəymiş maddi-mənəvi zərərin ödənilməsi ilə bağlı mülki qaydada qərar çıxarır. Bu kimi hallarda məhkəmənin qərarı ilə mobil operatorlar vətəndaşa dəymiş mənəvi zərərin qarşılığında 2 min manat təzminat ödəməli olur. Bütün hallarda vətəndaşlar məhkəməyə müraciət etməkdən çəkinməməlidirlər və öz hüquqlarını məhkəmələrdə müdafiə etməlidirlər".

Ümid edirik ki, yazdıqlarımızdan sonra “Azercell” rəhbərliyi insafa gəlib vətəndaşlarımızdan bir daha dələduzluq yolu ilə pul qoparmaz.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4403