Fikrət Məmmədov iclas keçirdi


00:18     26 Dekabr 2017 fikret%20m6.jpg

Ədliyyə Nazirliyində ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.



Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iclasda nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub.

Qeyd edilib ki, ədliyyə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi, vətəndaş məmnunluğunun yüksəldilməsi, əhaliyə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi üzrə mühüm işlər görülüb, nazirliyin elektron xidmətlərindən istifadənin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə artaraq 4,5 milyonu ötüb.



Dövlət başçısının Sərəncamı ilə təsbit edilmiş "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə Dünya Bankı ilə birgə əsaslı işlər görülür, o cümlədən ölkə məhkəmələri üzrə tətbiqi dairəsi genişləndirilir. Paytaxtda və bölgələrdə yeni inşa olunmuş, o cümlədən cari ildə ölkə Prezidentinin açılışını etdiyi Bakı şəhəri Nərimanov, habelə İmişli və Qəbələ rayonlarının müasir məhkəmə binalarında bu sistemin tətbiqi ilə bağlı bütün zəruri infrastruktur quraşdırılıb.

İclasda bu sahədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən təqdir olunduğu qeyd edilərək, ölkəmizin məhkəmə sistemindəki nailiyyətlərinin Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatına layiq görüldüyü, həmçinin Dünya Bankı tərəfindən bu sahədə innovasiyalara görə nominasiyaların qalibi elan edildiyi vurğulanıb.



Eyni zamanda, "Elektron məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Elektron icra"nın məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin artırılmasına xidmət etdiyi və cari ilin əvvəlindən bir çox icra qurumlarında pilot qaydada tətbiq edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı, ədliyyə orqanlarında kadr işinin təkmilləşdirilməsi, “ASAN xidmət"in fəaliyyət prinsiplərinin və şəffaflıq standartlarının tətbiqi təcrübəsinin genişləndirilməsi, könüllülər institutunun təşviqi üzrə görülən tədbirlər qeyd olunub, ötən dövrdə 100 nəfərdən çox gəncin ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb olunduğu, artıq bir çox könüllülərin işlə təmin edildiyi bildirilib.



Həmçinin, vətəndaş cəmiyyəti institutları ilə, habelə beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi üzrə məqsədyönlü tədbirlər qeyd edilib, cari ildə bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin ölkəmizə səfərlərinin və imzalanmış sənədlərin qarşılıqlı fəaliyyətin inkişafına töhfə verdiyi vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1360