Bakıda yeni tunelin inşasına başlandı


15:00     26 Dekabr 2017 tunel.png

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.


Femida.az "APA-Economics"ə istinadən xəbər verir ki, qurumun Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bu barədə bildirib:

"Xüsusən də Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” stansiyasının qarşısından düşərək hava limanı istiqamətində hərəkət edirdilər. Bu da həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olurdu. Məhz o sıxlığın aradan qaldırılması üçün “Koroğlu” stansiyasının qarşısına nəqliyyat vasitələri düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə keçid üçün yeni avtomobil tuneli inşa olunur. Həmin avtomobil tunelinə keçid Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq Ziya Bünyadov prospektinin altından keçərək Bakı Olimpiya Stadionu arxasından hava limanı istiqamətinə hərəkət etməklə mümkün olacaq".

Qurum rəsmisi bildirib ki, tunelin ümumi uzunluğu 655 metrdir.

Tunelin tikintisinin başa çatmasına gəlincə, A.Nəcəfli vurğulayıb ki, hal-hazırda tikinti işlərinə yeni başlanılıb: "İşlərin gələn il ərzində yekunlaşması planlaşdırılır. İşlər açıq hava şəraitində aparıldığı üçün hava şəraiti ilə əlaqədar fasilələr də yarana bilər. Lakin bütün bunlara baxmayaraq gələn il ərzində işlərin yekunlaşdırılması nəzərdə tutulub".

Femida.az

Açar sözlər:

Oxunub: 886