Avropa çempionunun məhkəməsi başlayıb


22:25     27 Dekabr 2017 1398947325_mehkeme3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən yunan-roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, Avropa çempionu Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.


APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.


T. Vəzirzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində deyib ki, zərərçəkmiş Rüfət Həziyevun onun qardaşı Eltun Verdizadə ilə mübahisə etməsi haqqında məlumat alıb:

"Eltun ilə Rüfət arasındakı narazılıqdan xəbərim olmayıb. Hadisə günü mən onları barışdırmaq üçün Yasamala gəldim. Onları barışdırmağa cəhd etsəm də, Rüfətlə qardaşım yenidən mübahisə etdilər. Hava qaranlıq olduğu üçün elə bildim ki, Rüfətin əlində bıçaq var və buna görə mən də yaxınlıqdakı "Topaz" yerindən bıçaq götürərək onların yanına gəldim. Mən gələndə onlar əlbəyaxa dava edirdilər. Buna görə mən Rüfətə bir bıçaq zərbəsi vurdum və bundan sonra qardaşımı davadan ayırıb, evə apardım".


T. Verdizadə əməlindən peşman olduğunu deyib.

Zərərçəkmiş Rüfət Həziyev ifadəsində güləşçi olduğunu və hazırda tikinti sahəsində çalışdığını deyib. Onun sözlərinə görə, Eltun Verdizadə ilə aralarında mübahisə "Topaz" mərc oyunları yerində baş verib: "Aramızda mübahisə əsassız söhbətdən başladı. Onun salam verməyi xoşuma gəlmədi və onu yumruqla bir dəfə vurdum. Ondan sonra dava başladı".



Zərərçəkmiş məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir tələb və şikayətinin olmadığını deyib.


Sonra prosesdə şahidlər ifadə verib.


İttihama görə, T. Vəzirzadə 7 oktyabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində aralarında yaranan münaqişə zəmnində əvvəllər tanımadığı Rüfət Həziyevi bıçaqlayıb.

Xəstəxanaya çatdırılan R. Həziyevi xilas etmək mümkün olub.

T. Verdizadə 2011-ci ildə yunan-roma güləşi üzrə Avropa çempionu olub. O, güləş üzrə Azərbaycan yığmasının üzvüdur.

Açar sözlər:

Oxunub: 1105