33 əlil yeni mənzillə təmin olunub - FOTO


17:12     28 Dekabr 2017 1-1%20(7).JPG

Prezident İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkəmizin bütün bölgələrində məqsədyönlü tədbirlər həyata keçirilir.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq, nazirlik Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarından alınaraq təmir etdirilmiş 33 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinə təqdim edib.

Mənzillərin istifadəyə verilməsi tədbirində Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sisteminin əsas prinsiplərindən birinin sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin dolğun şəkildə təmin edilməsindən, onlara yönələn dövlət qayğısının ildən-ilə artırılmasından ibarət olduğu vurğulanıb. Bu istiqamətdə kompleks tədbirlərin reallaşdırıldığı, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımların atıldığı diqqətə çatdırılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov nazirlik tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı proqramına uyğun olaraq ölkəmizin şəhər və rayonlarında fərdi yaşayış evlərinin inşa etdirilərək və hazır yaşayış binalarından mənzillər alınaraq bu təbəqələrdən olanların istifadəsinə verildiyini bildirib. İ.Rəhimov qeyd edib ki, son illərdə bu sahədə işlər daha da sürətlənib və hər il orta hesabla 335 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilir. Bu vaxta qədər artıq 6100 mənzil həmin kateqoriyalara aid insanların istifadəsinə verilib. Növbəti ildə də bu sahədə məqsədyönlü işlər davam etdiriləcək.




Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri, əmək pensiyası və ya sosial müavinətlə də təminatı həyata keçirilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Eyni zamanda, Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası yönündə mühüm işlər aparılır. Bu ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində əlavə olaraq 34 671 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib ki, onlardan bir hissəsi də Qarabağ müharibəsi əlilləri olub. Bütün bunlar, eləcə də qanunvericilik aktlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan bir sıra imtiyaz və güzəştlər qeyd olunan insanların Prezident qayğısı ilə əhatə olunduqlarını təsdiq edir.

Tədbirdə əlil ictimai birliklərinin nümayəndələri müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ildən-ilə güclənməsindən məmnunluqla söz açıblar.

Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri maddi təminatlarının artırılmasına, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara böyük sevinc hissi bəxş edən yeni mənzillərin təqdim olunmasına görə Azərbaycan prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1035