Azərbaycan öz bacarığını nümayiş etdirdi - İtaliya mediası


03:00     29 Dekabr 2017 italiya11.jpg

İtaliyanın “Notizie Geopolitiche”, “Agenparl”, “Eurasianews” analitik və xəbər portallarında dekabrın 21-də Bakıda keçirilmiş “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” adlı beynəlxalq konfrans və Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr barədə məqalələr yayılıb.


Femida.az xəbər verir ki, məqalələrdə Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğu və il ərzində bu mövzuda bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi bildirilir, o cümlədən dekabrın 21-də Bakıda keçirilmiş konfrans haqqında məlumat verilir. Bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunmuş beynəlxalq konfransda 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Məqalələrdə konfransın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərinə yer verilir. Dövlət başçısına istinadən qeyd olunur ki, Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini qoruyub və İslam dəyərləri də bu dəyərlərin tərkib hissəsidir. Azərbaycanda dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəni gücləndirən amillərdəndir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilib. ISESCO çərçivəsində də Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilib və 2018-ci il üçün isə Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülüb.

Qeyd olunur ki, Prezident İlham Əliyev ölkə daxilində İslam həmrəyliyinin tam təmin olunduğunu, Azərbaycanda bütün dinlərin nümayəndələrinin eyni, bərabər hüquqlara malik olduğunu və heç bir ayrı-seçkiliyə məruz qalmadığını bildirməklə, İslam həmrəyliyinin bir şüar deyil, Azərbaycan üçün əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.

Azərbaycanın Avropa ilə Asiya arasında siyasi və coğrafi cəhətdən körpü rolunu oynadığı, bu səbəbdən dinlər və mədəniyyətlərarası dialoq mövzusunda beynəlxalq tədbirlərə ev sahibliyi üçün ideal məkan olduğu vurğulanır, Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun, Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirildiyi qeyd edilir. Azərbaycanın həm Avropa, həm də İslam ölkələri ilə əla münasibətlərə malik olduğu, 2015-ci ildə Birinci Avropa Oyunlarına və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyi diqqətə çatdırılır. Azərbaycanın ilk dəfə 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına dəvət etməklə sonradan ənənə kimi davam etdirilən “Bakı Prosesi”ni irəli sürdüyü bildirilir.

Yazılarda Prezident İlham Əliyevin çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdiyi vaxtdan keçən 26 il ərzində əldə etdiyi uğurlar, iqtisadi sahədə qazandığı nailiyyətlərdən danışdığı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verdiyi bildirilir.

Məqalələrdə konfrans zamanı İran Prezidenti Həsən Ruhani, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Konstantinopol Patriarxı I Varfolomey, Moskva və bütün Rusiyanın patriarxı Kirill, Ümumgürcüstan katolikos-patriarxı II İlya və Müqəddəs Taxt-Tacın nümayəndəsinin müraciətlərinin səsləndirildiyi diqqətə çatdırılır. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri şeyxülislam Allahşükür Paşazadənin “İslam Həmrəyliyi İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi beynəlxalq tədbirlərə dair hesabatının iştirakçılara təqdim olunduğu qeyd edilir. Bundan başqa, dünya müsəlmanları adından konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin öz çıxışında Azərbaycanın İslam həmrəyliyi, o cümlədən dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki artan rolunu vurğuladığı diqqətə çatdırılır.

Yazılarda qeyd olunur ki, bu konfransla Azərbaycan bir daha yüksək səviyyəli beynəlxalq tədbirlər həyata keçirmək bacarığını nümayiş etdirib. Azərbaycan dünyaya bir sıra əhəmiyyətli təşəbbüslər üçün bələdçi rolunu oynayan mədəni müxtəliflik modeli təqdim edir və bunu, həmçinin 2017-ci ildə Venesiya Biennalesində “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlı pavilyonla təmsil olunmaqla nümayiş etdirdi. Göründüyü kimi, Azərbaycanda bütün təşəbbüslər şüar kimi irəli sürülmür, əməli olaraq həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 989