Boşanmalar niyə artıb?


19:03     10 Sentyabr 2015 bosanmaaa.jpg

Bu zaman valideynlərin uşaqları ilə görüşü necə tənzimlənir?


Günümüzdə boşanma hallarının artması kimi mənfi tendensiya müşahidə edilməkdədir. Erkən nikah, valideynlərin zorla övladlarını ailə qurmağa məcbur etməsi, eləcə də digər bu kimi problemlər ölkədə boşanma hallarının ildən-ilə artmasına səbəb olur. Statistik məlumatlara əsasən təkcə 2014-cü il ərzində ölkədə 84,9 min nikah və 12,1 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstəricilər müvafiq olaraq 9,0 və 1,3 olub. Boşanma halları bir çox hallarda ailədə olan uşaqların psixologiyasına da mənfi təsir göstərir. Valideyn tərəflərindən birinin uşağı öz himayəsinə alması, çox zaman qarşı tərəflə uşağın görüşünə yaradılan maneələr uşaqlarda psixoloji pozğunluqlara gətirib çıxarır. Bəs görəsən boşanma hallarından sonra tərəflərdən birinin himayəsində olan uşağın qarşı tərəflə görüşü hüquqi prizmada necə həllini tapır? Uşağı himayəyə götürən tərəflərdən birinin onun qarşı tərəflə görüşünə mane olması nə dərəcədə doğrudur və bu zaman hansı addımlar atılmalıdır?

VHS Consulting Hüquq Şirkətinin təsisçisi və direktoru, vəkil Vüqar Səfərli deyir ki, valideynler (onlardan biri) uşaqların babası, nənəsi, bacı, qardaş və digər qohumlarının uşaqla ünsiyyətdə olmaq hüququna etiraz etdikdə, sözügedən qohumlar birbaşa məhkəməyə müraciət edərək bu hüququn tanınmasını tələb edirlər: “Lakin, qanunvericiliyimizin tələbinə görə isə bu məsələ aşağıdakı qaydada həllini tapır. Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı Qərarında göstərilmişdir ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına (yerli İcra Hakimiyyətlərin Qəyyumluq və Himayə orqanları) müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır”. Vəkil hesab edir ki, müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) uşaqla ünsiyyət hüququnun həyata keçirilməsindən imtina etmək haqqında qərar verdikdə, bu qərardan ünsiyyət hüququna malik olan baba, nənə, qardaş, bacı və digər qohumlar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin inzibati-iqtisad məhkəməsinə şikayət edə bilərlər”.

Vəkil deyir ki, bəzən ailədə mülkün bölüşdürülməsi məsələsində problemlər meydana çıxır. Vəkil bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.1-ci maddəsinə görə vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər: “Mülki Məcəllənin 1170.2-ci maddəsinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar.
Göründüyü kimi, vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyən edildiyindən, həmin pay ayrıldqdan sonra, qalan əmlak digər vərəsələr arasında bərabər bölüşdürülür”.

Açar sözlər:

Oxunub: 936