Qobustanda məhbus qiyamının pərdəarxası – Öldürülən general necə nazir olmuşdu?

Qobustanda məhbus qiyamının pərdəarxası – Öldürülən general necə nazir olmuşdu?


15:20     08 Yanvar 2018 26696300_1159551184181077_1135094014_n.jpg

1999-cu ilin yanvarın 7-də saat 23 radələrində Qobustan həbsxanasında aralarında general olmaqla bir qrup məhkum qiyam qaldırmış. Tarixə “Qobustan qiyamı” kimi düşən həmin hadisədən 19 il keçir.

Femida.az qiyamla bağlı araşdırma yazını təqdim edir:


Qobustan həbsxanasında kimlər saxlanılır?

Qobustan həbsxanası 1998-ci ildən fəaliyyət göstərir. Qaradağ rayonundakı Qobustan qəsəbəsində yerləşir. Qapalı həbsxanaya ən ağır cinayət törədən məhbuslar göndərilir.


Qiyama başçılıq edən general-mayor Vahid Musayev kim idi?

Musayev Vahid Abdulla oğlu 1947-ci ildə Bakı şəhərində anadan olub.1971-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra zabit kimi Gürcüstanda hərbi xitmət keçib. 1978-1981 illərdə Leninqrad Ali Hərbi Akademiyasında təhsil alıb. 1992- ci ildən Azərbaycan Müdafiə Nazirliyində hərbi xidmət keçməyə başlayıb.





(Vahid Musayev)



General-mayor Vahid Musayevi Müdafiə naziri kim təyin etmişdi?


Həmin illərdə "Azərbaycan Ordusu" qəzetinin ilk baş redaktoru olmuş, hərbi ekspert Üzeyir Cəfərov Vahid Musayevin necə nazir təyin olunması barədə faktları Femida.az -a danışıb.



“ 1992-1993-cü illərdə vəziyyət çox gərgin idi. Qısa bir müddətdə Azərbaycan Müdafiə Nazirliyində neçə nazir və Baş Qərargah rəisləri dəyişmişdi. O vaxt "Xalq Ordusu" qəzetinin (Red –indiki “Azərbaycan Ordusu” qəzeti) növbəti nömrəsi axşam saatlarında çapa imzalanarkən bizə MN-nin rəhbərliyindən xəbər verildi ki, general-mayor Vahid Musayev Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib. Əvvəl bu xəbəri verməyə tərəddüd etdik . Ancaq bizə təkidlə xəbəri dərc etmək göstərişi verildi. Hətta nazirliyin Kadrlar İdarəsindən Vahid Musayevin tərcümeyi-halını da təcili gətirdilər ki, dərc edək. Həqiqətən də o vaxtkı Baş nazir Surət Hüseynov yeni müdafiə naziri kimi general Vahid Musayevi kollektivə təqdim etmişdi.







Qəzet yayımlandıqdan sonra məlum oldu ki, Vahid Musayevin müdafiə naziri təyin edilməsi ölkə rəhbərliyi ilə razılaşdırılmadan edilib. Artıq Vahid Musayevin nazir təyin olunması bütün mətbuat orqanlarında yayımlanmışdı. Mərhum Heydər Əliyev Vahid Musayevin nazir təyin edilməsinə razı deyildi. Buna görə də, təyinatı təsdiq etmədi. Qərar geri oxundu. Ertəsi gün biz bu xəbərin təkzibini verdik. Bu vaxta qədər Vahid Musayev müdafiə nazirinin arxa cəbhə üzrə müavini idi. O, nazir kimi cəmi 18 gün işlədi.Daha sonra məlum hadisələr baş verdi...”



Bəs qiyama başçılıq edən digər şəxs Faiq Baxşəliyev kim idi?






Faiq Baxşəliyev Ağdam rayonunda anadan olub. Bir müddət Ağdamda yanğınsöndürən kimi işləyib. Qarabağda döyüşlər başlayan zaman könüllü kimi iştirak edib. Faiq Baxşəliyev polis batalyonunun komandiri olub.


Həmin illərdə döyüşlərdə komandir kimi iştirak edən hazırda ehtiyatda olan polkovnik Xətai Baxışov Faiq Baxşəliyevlə bağlı bəzi məqamlara aydınlıq gətirib.


“Mən, demək olar ki, bir müddət Faiq Baxşəliyevlə çiyin-çiyinə vuruşmuşam. O, Ağdamın polis batalyonunun komandiri idi. Onun başçılıq etdiyi batalyon Ağdamın “Yeddi Xırman” yüksəkliyini qoyub qaçmışdı. Ora isə Ağdamın qapısı hesab edilirdi. Buna görə də onu məhkəməyə vermişdilər. Bu hadisə 1993-cü ilin may-iyun aylarında baş vermişdi...”


Xətai Baxışov Qobustan həbsxanasında baş verən qiyamla bağlı bildiyi faktları Femida.az-a danışıb.







“ Həmin vaxt mən Xüsusi Təyinatlı Hərbi Hissənin komandiri idim.Müdafiə Nazirliyindən xəbər gəldi ki, Qobustanda qiyam baş verib.Mən hərbi hissədən iki bölüyü əraziyə göndərdim. Əsgərlərim əraziyə çatanda qiyamçılar hələ həbsxananın içərisində idi. Şahidlərin sonradan dediyinə görə, onlar “UAZ” markalı avtomobillə həbsxananı tərk edib, qaçmaq istəyərkən atışma düşüb. Mənim əsgərlərimdən də, bunu görən olmuşdu...”


General-mayor Vahid Musayev və Faiq Baxşəliyev niyə həbs olunmuşdu?


1995-ci ilin martında Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini Rövşən Bəxtiyar oğlu Cavadov və qardaşı Mahir Cavadov, XTPD komandiri Nizami Şahmuradov və müavini Cəfər Cəfərov, XTPD-nin Qazax rayonunda yerləşən 8-ci rotasının komandiri Elçin Əmiraslanov, habelə xarici dövlətin vətəndaşı Kənan Gürel və başqalarının iştirakı ilə Azərbaycanda dövlət çevrilişinə cəhd göstərildi. 1995-ci il martın 12-17-də 32 nəfər öldürüldü, 86 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Habelə dövlətə və vətəndaşlara külli miqdarda maddi ziyan vuruldu. 1994-1995-ci illərin dövlət çevrilişlərinə görə 100-dən artıq cinayət işi açılmış, 300 nəfərdən artıq şəxs cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Prezidentin təyyarəsini partlatmaq planı necə iflasa uğradı?

Həmin hadisələrin davamı kimi 1995-ci il iyulun 2-də respublika Prezidentinin təyyarəsinin vurulmasına cəhd göstərildi. Bu iş üzrə istintaq materiallarına əsasən, Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavinləri - Şahin Musayev, Vahid Musayev, həmçinin nazirliyin hərbi ticarət idarəsinin sabiq rəisi Hacımurad Sadəddinov, Azərbaycan Respublikası DİN-in ləğv edilmiş XTPD-nin sabiq əməkdaşı Faiq Baxşəliyev və qeyriləri 1995-ci il may ayının ortalarında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının Prezidentini fiziki məhv etmək, yeni dövlət çevrilişinə nail olmaq, terror aktı törətməklə hakimiyyəti zorla ələ keçirmək məqsədilə yeni planlar işləyib hazırlamışlar. Bu məqsədlə 1995-ci il may ayının 26-dan 27-nə keçən gecə Azərbaycan Milli Ordusunun "N" saylı hərbi hissəsindən "İqla-1" markalı zenit raketləri və zenit raketlərinin atıcı qurğusu oğurlanıb. 1995-ci ilin may-iyul ayları ərzində isə cinayətkar dəstənin üzvləri mütəmadi olaraq müzakirələr apararaq ölkə başçısının təyyarəsinin vurulması üçün raketlərin buraxılacağı xüsusi meydançalar seçmişlər. Nəhayət, 1995-ci ilin iyul ayının 2-də həmin raketlərdən və atıcı qurğudan istifadə etməklə xarici səfərdən qayıdan prezidentin təyyarəsinin vurulmasına cəhd göstərilib.Lakin hava şəraitinin dəyişməsi ilə əlaqədar prezident təyyarəsinin hava limanına başqa istiqamətdən enməsi səbəbindən sui-qəsd baş tutmamışdı...

Həmin bu hadisələr zamanı həbs edilənlər arasında Vahid Musayev və Faiq Baxşəliyev də var idi.


Faiq Baxşəliyevlə Vahid Musayevin Qobustan həbsxanasında qiyam planı necə hazırlanmışdı?


1999-cu ilin yanvarın 7-də saat 23.00 radələrində Qobustan həbsxanasında xüsusi təhlükəli dövləti cinayətlər törətdiyinə görə məhkum olunmuş Vahid Musayev və Faiq Baxşəliyevin rəhbərliyi ilə bir qrup məhkum qiyam qaldırır. Əvvəlcədən qurulmuş ssenariyə görə qiyamçıların rəhbəri guya xəstələnir. Bu zaman həbsxananın tibb işçiləri Vahid Musayevə yardım etmək məqsədi ilə kameraya daxil olduqda gözlənilmədən hücuma məruz qalır.
Həmin vaxt Qobustan həbsxanasının tibb şöbəsinin rəisi olmuş,ədliyyə polis kapitanı Əsəd Qasımov baş verənləri belə xatırlayır:

- Aşam, saat 21:30 idi. Xəbər verdilər ki, məhbuslardan ağır vəziyyətdə olanı var, təcili getmək lazımdır.Mən də, ilk yardım üçün nə lazımdırsa,götürüb növbətçi çavuş Tapdıq Əsədovla birlikdə korpusa girdik. Korpusa girən kimi Faiq Baxşəliyev,Vahid Musayev və soyadını xatırlamadığım Yaşar adlı OMON-çu şığıdılar üstümə. Bu zaman qaranlıqdan 4 nəfər çıxıb bizə hücum çəkdi. Onlar qolumuzu burub gəzinti otağına saldılar. Üstümüzdə silah tapmadıqdan sonra paltarlarımızı soyundurub, qapını bağlayıb getdilər. Bir saatdan sonra atışma səsləri eşitdik. Bu zaman bir rus məhbusu qapını açıb bizi avtomatla çölə çıxardı.Gördüm ki, digər kameraların da qapısı açıqdır. Məhbuslar dəhlizdə gəzişir.Silahlı adamlar məni və digər girovları məntəqənin damına çıxmağa məcbur etdilər. Dama çıxanda gördüm ki, Faiq Baxşəliyev, Vahid Musayev, Yaşar və bir silahlı rus məhbusu ordadır. Bizi səhərə kimi qolumuz bağlı orada saxladılar. Mən Vahid Musayevdən “axı mən həkiməm, sizə köməyə gəlmişdim” soruşduqda o, “ mənim səninlə heç bir işim yoxdur,mənim işim prezidentlədir”- deyə cavab verdi...

(Mənbə: Yeni Azərbaycan qəzetinin 12 yanvar 1999-cu il buraxılışı.)


Qiyamçılar ermənilərlə birgə hansı planı hazırlayırmış?


Femida.az məlum qiyamla bağlı daha bir maraqlı faktı təqdim edir. Yuxarıda adları qeyd olunan şəxslər həbsxana işçilərini girov götürdükdən sonra həbsxanadan çıxmaq üçün zirehli avtomobil tələb ediblər. Bu zaman onlar həbsxanada cəza çəkən 4 nəfər erməninin də “xidmətlərindən” istifadə etmək niyyətində olublar. Belə ki, Vahid Musayevlə Faiq Baxşəliyev 4 nəfər erməni məhbusla birlikdə Dağlıq Qarabağ ərazisinə keçməyi planlaşdırıblarmış.Bu zaman Vahid Musayevlə Faiq Baxşəliyev digər dustaqlara guya prezidentə sui-qəsd edildiyini, tezliklə kənardan silahlı qüvvələrin gələcəyini bildiriblərmiş. Qiyamçılar ilk əvvəl nəzarətçiləri aradan götürməyi planlaşdırıbmış. Bu məqsədlə də, nəzarət-buraxılış məntəqəsinə hücum ediblər...

(İstinad: Daxili İşlər naziri general-leytenant Ramil Usubovun 10 yanvar 1999-cu il tarixdə keçirilmiş mətbuat konfransından çıxışı. Arxiv materiallarından çıxarış.)


Qiyam barədə həyəcan siqnalını işə salan rus zabiti kim idi?







Qiyamçılar nəzarət məntəqəsinə hücum edən zaman xidmətdə olan zabit Mixail Slesaryov həyəcan siqnalı vermiş, iki nəfər hücum etmiş məhbusu güllələyib. Bu zaman Faiq Baxşəliyevi ağır yaralasa da, o müqaviməti davam etdirib.Mixail Slesaryovun vaxtında həyəcan siqnalını işə salmasından sonra ətrafdan köməyə əlavə qüvvələr gəlməyə başlayıb. Bu xidmətinə görə, Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilir.

Məlumat üçün bildirək ki, Mixail Aleksandroviç Slesaryov 8 may 1955-ci ildə Rusiyanın Smolensk şəhərində doğulub. 1977-ci ildə xidmətini başa vuraraq, göndərişlə Tbilisi Gizirlər məktəbinə daxil olub. Məktəbi bitirərək, Bakıya qayıdıb. 1981-86-cı illərdə motoatıcı taqımı komandiri, 1986-99-cu illərdə mühafizə taqımının rəisi vəzifələrində işləyib. 1999-cu ildə kiçik leytenant rütbəsi alıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hərbi hissəsində taqım komandiri vəzifəsində çalışıb.2014-cü ilin aprelin 12-də vəfat edib.

Qiyamçılar nə istəyirdi?




(Qiyamçıların içərisində olduğu avtomobil)


Tezliklə qiyamın baş verməsi barədə aidiyyatı dövlət qurumlarına məlumat ötürülür. Qiyamın yatırılması üçün hazırlanmış xüsusi əməliyyata xeyli sayda canlı qüvvə və texnika cəlb edilir. Qiyamçılarla danışıqlar aparmaq məqsədi ilə Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin rəisi, ədliyyə general-mayoru Aydın Qasımov, respublika prokurorunun müavini İsa Nəcəfov və daxili işlər nazirinin müavini Oruc Zalovdan ibarət əməliyyat-istintaq qrupu hazırlanır və hadisə yerinə göndərilir. Tərəflər arasında 10 saata qədər davam edən danışıqlardan sonra qiyamçılar iki tələb irəli sürür. Onlardan birincisi maşınla,silahla təmin olunaraq girovlarla birgə həbsxanadan çıxmaq, aeroporta gedərək ölkəni tərk etmək olur.Lakin Aydın Qasımov geri qayıdandan sonra qiyamçılar fikirlərini dəyişib.Onlar ikinci təklifi irəli sürüblər. Bu təklifə görə, onlar silah və maşınla təmin edildikdən sonra Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə daxil olmaq idi. Bu məqsədlə həbsxanada saxlanılan 4 nəfər erməni əsirinin də köməyindən istifadə etmək istəyiblər. Bu zaman 28 nəfər həbsxana işçisi artıq qiyamçıların əlində girov idi...

(Mənbə: “Qobustan qiyamı” ilə bağlı arxiv materialları)


Hadisə şahidlərinin dəhşətli xatirələri...

Həmin gün qiyamçılar tərəfindən girov götürülən gizir Namiq Adıgözəlovun xatirələrindən:

“Hadisə ərəfəsində ikinci mərtəbədə postda idim.Təxminən 10-a qalmış səs eşitdim. Səs gələn tərəfə gedən zaman 3 nəfər məhkum – Faiq Baxşəliyev,Vahid Musayev və Yaşar üzərimə hücum edib sürüyə-sürüyə dəhlizin o biri başına apardılar. Məndən açar tələb etməyə başladılar. Məndə açar yox idi. Buna baxmayaraq, onlar məni döydülər və bıçaqla əlimi yaraladılar...Onlar bizi dama çıxarıb, qollarımızı bağladılar.Bizi məcbur edirdilər ki, hamımız bir yerdə “maşın gəlsin” deyə çığıraq...”
(Mənbə: Yeni Azərbaycan qəzetinin 12 yanvar 1999-cu il buraxılışı)


Qiyam necə yatırıldı? Həlak olanlar kimlər idi?


Belə bir çətin vəziyyətdə polis kapitanı Rövşən Rzayev və kapitan Gündüz Abdullayevin iştirakı ilə xüsusi əməliyyat hazırlanır. Qiyamçıların əlində girov qalan həbsxana işçilərinin azad edilməsi müqabilində hər iki zabit qiyamçılara təslim olur. Bundan sonra bir neçə girov azad edilir.Qiyamçılarla əldə edilən razılaşmaya əsasən, hər iki polis zabiti “UAZ” markalı avtomobildə onlarla bərabər həbsxananı tərk etməli idi. Amma bu anlaşma qiyamçılar tərəfindən pozulur. Onlar “UAZ”la həbsxananı tərk edən zaman kənardan müşahidə edən güc sturukturlarının əməkdaşlarına atəş açmağa başlayırlar. Atışma zamanı qiyamçıların rəhbərləri olan Vahid Musayev və Faiq Baxşəliyev öldürülür. Bu zaman polis kapitanları Rövşən Rzayevlə Gündüz Abdullayev qəhrəmancasına həlak olur.

Qiyam zamanı neçə nəfər öldürüldü?

Rəsmi rəqəmlərə əsasən, qiyam etmiş məhbuslardan 11 nəfəri öldürülüb. Qiyamçıların ümumi sayı isə 25-30 nəfər olub.


Qiyam zamanı qəhrəmanlıq göstərən polis kapitanları kimlər idi?


Qiyamın yatırılması zamanı qəhrəmancasına həlak olan polis kapitanı Rövşən Rzayev 15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olub. 253 saylı orta məktəbi bitirərək Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuş. Qarabağ müharibəsi başlayan zaman Milli Orduya yazılan Rövşən Rzayev döyüşlərdə bir sıra qəhrəmanlıqlar göstərib. 1992-ci ildə Naxçıvanlı kəndində gedən döyüş zamanı ağır yara almasına baxmayaraq döyüş dostlarını tək qoymur, hətta neçə-neçə yaralı əsgəri də xilas etmişdi. 1999-cu ildə 29 yaşında qiyamın yatırılması zamanı şəhid olub.Göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikası prezidetnin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Rzayev Rövşən Abdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.




(Polis kapitanı Gündüz Abdullayev)



Qiyamın yatırılması zamanı həlak olan digər polis kapitanı Gündüz Məhərrəm oğlu Abdullayev 22 iyun 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Gündüz Sumqayıt şəhəri 17 saylı peşə məktəbinə daxil olur. 1981-ci ildə hərbi xidmətə çağırılan gənc Almaniyada qulluq keçir. Elə burada qulluq zamanı gələcək həyat yolunu müəyyənləşdirir. Almaniyada 1985-ci ildə gizirlər məktəbini bitirir. Qarabağ müharibəsi zamanı uzun döyüş yolu keçdikdən sonra Daxili Qoşunlarda xidmətini davam etdirib. 1999-cu ildə Qobustan həbsxanasındaki qiyam zamanı həlak olub. Prezident Heydər Əliyevin 12 yanvar 1999-cu il fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. DİN-nin Biləcəridə yerləşən N saylı Daxili Qoşunlar Hərbi hissəsində Gündüz Abdullayev adına maneələr zolağı yaradılıb. Daxili Qoşunlar Qala Tədris Mərkəzinin atəş mərkəzi bu gün Gündüzün adını daşıyır.Yaşadığımız küçəyə yoldaşımın adı verilib, qəsəbədə adına bulaq istifadəyə verilib.






Mircəlal Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 19206