Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız


17:54     08 Yanvar 2018 yol165.jpg

Ələt-Astara avtomobil yolunun 31-ci km-dən başlayaraq inşa olunan yeni yolun tikintisi artıq yekunlaşmaq üzrədir. Yol hələ istifadəyə verilməyib. Lakin alternativ yolla keçərkən bəzən yeni yolda avtomobillər nəzərə çarpır. Yolun bağlı olduğunu nəzərə alsaq, bu yola girən maşınların qaydaları pozduğunu söyləmək olar.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. A.Nəcəfli də Femida.az-a təsdiq etdi ki, hələ ki, maşınların bu yola girişi qadağandır:

“Bunun üçün məhdudiyyətlər və nişanlar da qoymuşuq. Polis də nəzarət edir. Lakin burada böyük yoldan söhbət gedir və 24 saat bütün yola nəzarət etmək mümkün deyil. Lakin bəzən sürücülər kənarlardan hardansa maneələri açıb girilər. Ola bilsin yollarını qısaltmaq üçün bu varianta əl atırlar. Hələ ki, o yola yalnız bizim əməkdaşların xidməti maşınları girə bilir”.

Cərimə var

İnzibari Xətalar Məcəlləsinin 327-ci maddəsinə əsasən, giriş qadağan olunan yola girən sürücülər 60 manat və 3 bal cərimə olunur. A.Nəcəfli də bildirdi ki, qaydanı pozub yola girənlər üçün yol polisi tərəfindən cərimə nəzərdə tutulub:

“Giriş qadağandır işarəsinə məhəl qoymayan sürücülər yol polisi tərəfindən cərimə olunur. Hətta bir dəfə mən işlə bağlı maşınımla o yola daxil olmuşdum. Polis məni saxladı. Vəsiqəni göstərib işlə bağlı gəldiyimi deyəndən sonra məni buraxdılar”.



Yaya qədər yol istifadəyə veriləcək

İnşallah, bu il yol vətəndaşların ixtiyarına veriləcək. Sadəcə olaraq Şorsulu-Cəlilabad hissəsində 12-13 km ərazi bataqlıq olduğu üçün həmin hissədə işlər ləngidi. Mühəndis qurğularının tikintisi vaxt apardı. Yaya qədər yolun istifadəyə verilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, inşa olunan yeni yolun uzunluğu 174 km-dir. Hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 km qısalaraq 205 km olacaq. O köhnə yoldan keyfiyyət və rahatçılığına görə seçiləcək. Hərəsində 2 zolaq olmaqla gediş və gəliş zolaqları ayrı-ayrı olacaq.

Amin Nəzərli

Femida.az


Açar sözlər:

Oxunub: 18217