Azərbaycanda yeni qurum yaradıldı


01:48     11 Sentyabr 2015 sahdag8.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:

“1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın.

2. Müəyyən edilsin ki, Cəmiyyət Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına tikintisi başa çatdırılmış, həmçinin tikintisi başa çatdıqca mərhələlərlə turizm və digər infrastruktur obyektlərini, nəqliyyat və kommunikasiya xətlərini istismara qəbul edir, həmin obyektlərin idarə edilməsini, o cümlədən müstəqil surətdə hüquqi və fiziki şəxslərlə müqavilə bağlayaraq istifadəyə (icarəyə) verilməsini təmin edir.

3. Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

3.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə:

3.2.1. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.2. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

3.2.3. Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilməsi;

3.2.4. Cəmiyyətin sədrinin və sədrin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2.5. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

3.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

3.3.1. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

4. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu iki ay müddətində təsdiq etsin;

5.2. Şahdağ Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti tərəfindən tikintisi başa çatdırılmış obyektlərin Cəmiyyətin balansına verilməsini bir ay müddətində təmin etsin;

5.3. Cəmiyyətin ərazisinin hüdudlarını müəyyənləşdirərək təsdiq etsin;

5.4. Cəmiyyətin balansında olan, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri hesabına inşa edilmiş obyektlərə çəkilən xərclərin onun nizamnamə kapitalına yönəldilməsini təmin etsin;

5.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.8. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi cari ildən başlayaraq, Cəmiyyətin büdcəsinin formalaşdırılması və maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Cəmiyyətin və onun səhmlərinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

Açar sözlər:

Oxunub: 842