Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışına QADAĞA


19:56     08 Yanvar 2018 corek2.JPG

Sumqayıtın İcra Hakimiyyəti şəhərdəki market sahiblərinə xəbərdarlıq edib.


Femida.az finans.az-a istinadən bildirir ki, bu barədə məlumatı market sahiblərindən biri verib. Onun sözlərinə görə, market sahibləri şəhər İcra Hakimiyyətinə çağırılıb, İcra Hakimiyyəti başçısının müavini onlarla görüşüb. Market sahiblərinə bildirilib ki, yanvarın 8-dən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunur və marketlər yalnız Sumqayıt çörək zavodunun məhsullarını sata bilərlər.

Bildirilib ki, Bakıdan Sumqayıta çörək daşıyan maşınların siyahısı Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinə verilib və həmin maşınların Sumqayıta çörək gətirdiyi aşkarlansa, cərimə meydançasına aparılacaqlar.

Bu qərar market sahiblərinin ciddi narazılığı ilə müşayiət olunur. Onlar bildirirlər ki, çörək satışının əhəmiyyətli hissəsi Bakıdakı istehsalçıların məhsullarının payına düşür. Bakı çörəklərinin satışının qadağan olunması isə marketlərə ziyan vura bilər.

Bakıda fəaliyyət göstərən bir neçə çörək istehsalı müəssisəsi yaranmış vəziyyətlə bağlı İqtisadi İnkişaf Nazirliyinə müraciət etməyi və Sumqayıtdakı inhisarçılığa son qoyulmasını tələb etməyi planlaşdırır.

Femida.az

Açar sözlər:

Oxunub: 1185