Müştərinin şikayətindən sonra satıcı işdən qovula bilərmi?


15:55     10 Yanvar 2018 2018/01/market_1515570782.jpg

Şair Şəhriyar del - Geraninin marketlərin birində satıcı ilə arasında yaranan mübahisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Şairlə satıcının mübahisəsinə səbəb olan hadisə isə satıcının müştəriyə başqa məhsulu təklif etməsi olub. Bundan sonra tərəflər arasında gərginlik yaşanıb.







Bakıda fəaliyyət göstərən supermarketlərdən birinin İnsan resursları departamentinin rəhbəri Elyar İslam Femida.az –a mövzu ilə bağlı açıqlama verib.Onun sözlərinə görə, satıcı vəzifəsinə işə qəbul ediləcək şəxslə ilk olaraq İnsan resursları departamentində söhbət aparılır. Əvvəllər harada çalışdığı, təhsili, harada yaşaması, ailə vəziyyəti, hərbi xidmət keçməyi, əgər əvvəl haradasa işləyibsə işdən çıxma səbəbləri, mağazada hansı şöbələrdə işləyə biləcəyi öyrənilir.

“Bir çox hallarda əvvəlki iş yerindən və ya oxuduğu təhsil müəssisəsindən onu tövsüyyə edə biləcək şəxslərin əlaqə nömrələri alınaraq, onun davranışları haqqında məlumat əldə edilir. Daha sonra ondan sağlamlıq haqda arayış tələb olunur. Çünki elə insanlar var ki, bəzi xəstəliklərin daşıyıcısı olur və həmin şəxslərin kollektivdə və xidmət sahəsində çalışması mümkün deyil ”, deyə mütəxəssis bildirib.








Satıcı müştəriyə seçimdə məsləhət verə bilərmi?


Elyar İslam bildirib ki, satıcının təlimatında həm də qeyd olunur ki, bütün müştəriləri “xoş gəlmisiniz” deyərək qarşılamalı, nəzakətlə davranmalı, onlarla ünsiyyətdə müraciət qaydalarına riayət etməli (bəy, xanım və s.), müştəri mağazaya girəndən-çıxana kimi onunla maraqlanmalı, məhsul seçimində ona kömək etməli, lazım olanda öz məsləhətlərini verməli, yeni məhsulların və çeşitlərin müştəriyə tanıdılması, təqdim edilməsinə çalışmalı, gedərkən gülərüzlə yola salmalıdır.

“ Əgər hansısa mağazada alış-veriş edərkən satıcı hansısa yeni məhsulu təqdim edərsə, onunla kobud danışmaq, aqressiv davranmaq olmaz. Həmin satıcı öz təlimatına uyğun şəkildə işləyir və rəhbərliyinin verdiyi tapşırıqları yerinə yetirir. Nəzərə alaq ki, hər gün mağazaya yüzlərlə müştəri daxil olur. Satıcı gün ərzində sərxoş, narkotik qəbul etmiş, əqli çatışmazlığı olan, qoca, uşaq və s. müştərilərlə ünsiyyətdə olur, onlara xidmət edir, yorulur. Amma satıcının mağazaya daxil olan heç bir müştəriyə ayrıseçkilik etməsinə icazə verilmir və bütün müştərilərinə eyni qaydada xidmət etməsi tələb olunur. Müştərilər də anlayışlı olmalı, narazılıq yaranarsa marketin müdiriyyətini tələb etməli, yaranmış problemin sivil qaydada həll edilməsinə çalışmalıdır.”


Satıcı müştərinin şikayətindən sonra işdən qovula bilərmi?


“ Satıcının hansısa müştəriyə görə mağazadan dərhal qovulması məsələsi absurddur. Adətən müştəri tərəfindən şikayət edilmiş satıcıya sifahi və ya yazılı xəbərdarlıq edilərək etik davranış barədə yenidən təlimatlandırılır, əgər bu hal təkrarlanarsa ona töhmət və ya şiddətli töhmət verilir, satıcı bunlardan nəticə çıxartmazsa cərimə edilir və ya işdən azad olunur. Bütün hallarda satıcıya baş vermiş hadisə ilə bağlı izahat yazdırılır, orada baş verniş hadisənin səbəbləri qeyd etdirilir. Həmin izahatlar mağazanın Müştəri xidmətləri şöbəsi və İnsan resursları departamentində araşdırılır və əgər satıcının müştəriyə xidmətində qüsur aşkarlanarsa onun haqqında lazımı tədbirlər görülür. Hər bir mağaza rəhbərliyinin məqsədi müştərilərin hər zaman razı qalması və onların məmnunluğudur”, deyə Elyar İslam bildirib.



Mircəlal Məcidli
Femida.az



Açar sözlər: Femida.az   Satıcı   Market   Dava    

Oxunub: 2817