Zabitlər və psixoloqların toplantısı keçirildi


00:17     11 Yanvar 2018 2018/01/7d6ae017ab1197b59bdfcc7141ee3d2c_1515600247_1515601114.jpg

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri komandirlərinin şəxsi heyətlə iş üzrə müavinləri və psixoloqların iştirakı ilə üçgünlük təlim-metodiki toplantı keçirilib.



Femida.az xəbər verir ki, tədbirdə çıxış edən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev ötən ildə hərbi bölmələrdə mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr işinin hərbi qanunvericilik aktlarının tələblərinə uyğun olaraq təşkil olunduğunu xüsusi qeyd edib.

General-leytenant K.Vəliyev bildirib ki, toplantıya cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyət hissi ilə yerinə yetirəcək, Ali Baş Komandanın və Müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.

Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev 2017-ci tədris ili ərzində hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlıq, hərbi intizamın yüksəldilməsi və digər sahələrdə görülmüş işlər və bu istiqamətdə 2018-ci tədris ilində qarşıda duran vəzifələr barədə ətraflı məruzə ilə çıxış edib.

Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Silahlı Qüvvələrin yaranmasının 100 illiyi münasibətilə mədəni-kütləvi tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.

Toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Respublika Hərbi Prokurorluğunun nümayəndəsi ədliyyə polkovniki İlyas Rzayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvü Vasif Quliyev, Siyasi Psixologiya Mərkəzinin əməkdaşı Zaur Əfəndiyev, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin nümayəndəsi Rafiq Allahverdiyev, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarələri və hərbi hissələrin zabitləri çıxış edərək ordunun döyüş qabiliyyətinin yüksəldilməsinə dair bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.

2018-ci ildə mənəvi-psixoloji hazırlığın təşkili üzrə müvafiq tapşırıqlar bir daha iştirakçılara çatdırıldıqdan sonra toplantıya yekun vurulub.

Femida.az

Açar sözlər: Femida.az   Nazir   Toplantı  

Oxunub: 525