ABŞ niyə Azərbaycanda terror təhlükəsi olduğunu düşünür? - Politoloqdan ŞƏRH

16:10     11 Yanvar 2018 bakida%20moskva%20tibb.jpg


ABŞ Dövlət Departamenti vətəndaşları üçün yeni səyahət məsləhətləri hazırlayıb (New Travel Advisories for U.S. Travelers). Femida.az xəbər verir ki, Ermənistan və Gürcüstan birinci kateqoriyada - "Normal Precautions" - yer alıb. Bu kateqoriya daha aşağı riskli sayılır.


Azərbaycan isə 2-ci kateqoriyada - "Increased Caution"da yer alır. ABŞ Azərbaycana səfər edən vətəndaşlarını terrorizm riski ilə əlaqədar daha diqqətli olmağa çağırır. Qeyd edilir ki, terrorist qruplar Azərbaycana mümkün hücumları planlaşdırmağa davam edirlər. Terrorçular turistik yerlərə, nəqliyyat mərkəzlərinə, bazarlara, ticarət mərkəzlərinə, yerli hökumət qurumlarına, hotellərə, klublara, restoranlara, ibadət yerlərinə, parklara, əsas idman və mədəni tədbirlərin keçirildiyi məkanlara, aeroportlara və digər ictimai yerlərə hücumlar edə bilərlər.

Məsələ ilə bağlı –a açıqlama verən politoloq Elxan Şahinoğlu hesabın peşəkarca hazırlanmadığını bildirib:

“Azərbaycan nə Suriyadır, nə Liviya. Kriminal vəziyyət nəzarət altındadır. Azərbaycanda hansısa Amerika vətəndaşı girov götürülməyib, saxlanmayıb. Bir dəfə ABŞ-dan olan bir QHT rəhbəri ölü tapılmışdı. Bu da qətl deyildi, sadəcə məişət zəminində baş vermiş bir hadisə idi.

ABŞ Dövlət Departamentinin hesabatının peşəkar hazırlanmadığı qənaətindəyəm. Biz hər zaman düşünürdük ki, hesabatlar Amerikada hazırlanırsa, bu yüksək səviyyədə olur. Amma görürük ki, ABŞ xarici siyasətdə nə qədər səhvlərə yol verir. Bu mənada Azərbaycanın terror riskli ölkələrin sırasına daxil edilməsi yanlışdır.

Düzdür, bu siyahıda Amerikanın başqa tərəfdaşları da yer alıb. Amma fakt ondan ibarətdir ki, Azərbaycanda böyük terror hadisələri baş vermir ki, turistlər üçün təhlükəli olsun”.



E.Şahinoğlu məsələdə dini amilin önəmini isə belə xarakterizə edib:

“Bu məsələdə müxtəlif lobbilərin təsiri var. Buna görə düşünmək olar ki, dini zəmində Azərbaycanı avtomatik olaraq terror təhlükəsi olan ölkələr siyahısına daxil ediblər. Çünki biz müsəlman ölkəsiyik və ABŞ əksər hallarda terrorçuları islamla əlaqələndirir. Onlar düşünür ki, Ermənistan və Gürcüstan xristian ölkəsidirsə, orada islam terroru ola bilməz. Amma əslində bunun özü ikili standartlardan xəbər verir”.


Amin Nəzərli


Femida.az

Açar sözlər: ABŞ   Azərbaycan   terror   Ermənistan   Gürcüstan   hesabat   femida.az   Elxan-Şahinoğlu  

Oxunub: 1671