`Nyu-York dağılır, televizoru açın` - VİDEO


13:21     11 Sentyabr 2018 0femdia.jpg

Bu gün Birləşmiş Ştatların əl-Qaidə terrorçu qrupu tərəfindən hücuma məruz qalmasının 17-ci il dönümüdür. Faciə nəticəsində təxminən 3 min insan həlak olub.

“Nyu York dağılır, televizoru açın”


2001-ci il 11 sentyabr tarixində xəbər manşetlərini bu cümlə bəzəmişdi. O gün 4 sərnişin təyyarəsini qaçıran terrorçular Nyu-York və Vaşinqton şəhərlərinə hücum etmişdilər. Terrorçulardan ikisi Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin qoşaqülləli binasına hücum etməklə binaların dağılmasına səbəb oldular.



Rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. “Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.



Hücumlar nəticəsində 19-u terrorçu olmaqla 3 minə yaxın insan öldürüldü. Bu hadisələr Amerika tarixinə ən irimiqyaslı terror aktlarından biri kimi düşdü.



Hadisənin təhqiqatı ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub. Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına Birləşmiş Ştatların kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. Bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalayıb.



Usama Bin Ladenin başçılığı altında törədilən terror aktına cavab olaraq bir qədər sonra rəsmi Vaşinqton Əfqanıstanda hərbi əməliyyatlara başladı. NATO-nun bu ölkədə uzun müddət çəkən hərbi əməliyyatlarından sonra 2 may, 2011-ci il tarixində Usama Bin Laden 54 yaşında xüsusi əməliyyatlar nəticəsində Pakistanda gizləndiyi evində öldürüldü.



ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.

2002-ci il martın 11-də Ümumdünya ticarət mərkəzinin yerində həlak olanların xatirəsinə müvəqqəti abidə qoyulub. Bir ay ərzində Manhetten səmasına dağılan binaların simvolu olaraq iki paralel işıq sütunu ucalıb. Terror aktının onuncu ildönümündə isə “Əkiz” qüllələrin yerində hadisə qurbanlarının adlarının həkk edildiyi memorial kompleksin açılışı olub.



2014-cü ilin mayında ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş muzeyi fəaliyyətə başlayıb. Muzeyin əsas hissəsi yer səthindən 20 metr dərinlikdə yerləşir. Ekspozisiyada, əsasən insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur.

Oğuz Altay
Femida.az


Açar sözlər:

Oxunub: 26281


Oxşar xəbərlər