Qısqanc kişi 27 yaşlı oğlanı niyə güllələdi? - Qətlin təfərrüatı (YENİLƏNİB)


19:33     12 Yanvar 2018 gulleleyib.jpg

Beyləqan rayonunda qətl törədilib.


Femida.az-ın məlumatına görə, rayonun Dünyamalılar kəndində kənd sakini, 1980-ci il təvəllüdlü Muxtar Yaqub oğlu Mustafayev qısqanclıq zəminində həmkəndlisi, 1991-ci il təvəllüdlü Əli Əlövsət oğlu Bayramovu odlu silahdan atəş açaraq, qətlə yetirib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

***

Beyləqan rayonunda münaqişə zəminində həmkəndlisini ov tüfəngindən atəş açmaqla öldürən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in “102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub. Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb. Ə.Bayramov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Bayramov Dünyamalılar kəndində həmkəndlisi Muxtar Mustafayevlə aralarında münaqişə baş verib və bu zaman M.Mustafayev Ə.Bayramov istiqamətində ov tüfəngindən atəş açmaqla onu yaralayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mustafayev saxlanılaraq istintaqa təhvil verilib. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng də götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

***

Dünən axşam Beyləqan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı təfərrüat üzə çıxıb.

Femida.az lent.az-a istinadən bildirir ki, Dünyamalılar kəndində yaşayan 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu və onun güllələyərək öldürdüyü 1991-ci il təvəllüdlü Bayramov Əli Əlövsət oğlu qonşu olublar. Belə ki, əslən Xocavənd rayonunun Qaradağlı kəndindən olan və müharibə vaxtı qardaşı şəhid olan Muxtar işğaldan sonra ailəsi ilə birgə Dünyamalılara köçüb

Hadisənin baş vermə səbəbinə gəlincə, bu günlərdə iki ailə arasında münaqişə baş verib. Daha sonra M.Mustafayev 27 yaşlı Əli Bayramovu ailəsinə qarşı nalayiq hərəkət etməkdə ittiham edib. Dünən isə o, ov tüfəngi ilə qonşusunu güllələyib. Əvvəlcə kənd xəstəxanasına aparılan Əli Bayramov vəziyyəti ağır olduğundan Beyləqan xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, cərrahiyyə şöbəsində vəfat edib.

Bildirilir ki, qətli törədən Muxtar Mustafayevin 2 oğlu var. Öldürülən Əli Bayramov isə yeni evlənibmiş və keçən il övladı dünyaya gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: Beyləqan   Qətl   Cinayət  

Oxunub: 2617