"Allah" sözü necə yazılmalıdır? - Dindar və filoloqdan əks fikirlər


20:42     12 Yanvar 2018 2018/01/usaq-mekteb_1515761647.jpg

Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsində yaradanın, səmavi kitabların, planet adlarının, mifonimlərin böyük hərflə yazılması təklif olunur.


Femida.az-ın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində yaradanın və səmavi kitabların adları - Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s., planet adları, mifonimlər - Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir.

Dini inancı daha çox olan insanlar onsuz da bu sözləri öz aralarında böyük hərflə yazsalar da, elmi qrammatik cəhətdən bütün yazılı mənbələrdə kiçik hərflə yazılıb. Odur ki, təklif cəmiyyətdə birmənalı qarşılanmayıb.

"Bu, inanca olan hörmət nümunəsidir"

Məsələ ilə bağlı Femida.az-a açıqlama verən ilahiyyatçı, din xadimi Hacı Şahin təklifi müsbət qarşıladığını bildirib:

“Bu təşəbbüsü dəstəkləyirəm. Müqəddəs kəlimərin böyük hərflə yazılması müsbət haldır. Çünki bu adlara insanlar sayğıyla yanaşır. Həmin sözlərin böyük hərflə yazılması isə inanca olan hörmətin nümunəsidir. Hesab edirəm ki, yerində təklifdir. Bu məsələlər ara-sıra müzakirə olunurdu. Onsuz da çox vaxt insanlar öz aralarındakı yazışmalarda “allah” sözünü böyük hərflə yazır. Lakin bunun bir qayda halına salınması təqdirəlayiqdir”.



Hacı Şahin bəzən ifrata varıb sözün ortasında belə allah ifadəsini böyük hərflə yazmağı isə məqsədəuyğun saymayıb:

“Sözün ortasında allah sözünün böyük hərflə yazılması (“maşAllah”, “inşAllah”) dilimizin qaydalarına uyğun gəlmir. Ona görə də bu cür ifadələrdə böyüklə yazılmasının tərəfdarı deyiləm. Məsələn elə adlar var ki, məsələn, Məhəmmədrza, Əlirza, Məhəmmədəli, belə adlarda Rza və ya Əli sözləri ayrı bir ad olmasına baxmayaraq, kiçik hərflə yazılır. Bu da dilimizin qaydalarından irəli gəlir”.


Filoloq: "Kiçik hərflə yazılmalıdır"

Filologiya elmləri namizədi, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Məmmədli isə Femida.az-a açıqlamasında bildirdi ki, bu sözlər işlənmə qaydasına görə həm böyük, həm kiçik yazıla bilər:

“Orfoqrafiya lüğətinin axırında böyük hərflə yazılan sözlər, yəni xüsusi isimlər ayrıca olaraq verilir. Allah və tanrı sözləri mətn daxilində kiçiklə yazılır. Bu sözlər bir şərtlə böyüklə yazıla bilər ki, mətn poetik xarakterli olsun. Məsələn bir şair öz əsərində sözə diqqət çəkmək üçün allah sözünü böyük hərflə yaza bilər. Amma elmi qrammatik cəhətdən yanaşsaq, bu sözlər kiçik hərflə yazılmalıdır. Bir hal istisnadır, bu sözlər xüsusi isim kimi nəzərdə tutulanda böyüklə yazılır.

Başqa sözlə desəm, Azərbaycan dilində "allah" sözü həm xüsusi isimdir, həm də ümumi isim. İslamdakı Allah anlayışından söhbət gedərkən böyük hərflə yazılır, çünki konkret bir ilahın adıdır və xüsusi isim olur, digər dinlərdəki ali ilahi varlıqlar haqda danışarkən isə ümumi isim kimi işlənir və kiçik hərflə yazılır”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: Hacı-Şahin   Yaşar   Məmmədli   femida.az   orfoqrafiya   lüğət   allah    

Oxunub: 7615


Oxşar xəbərlər