Azərbaycanda vəkil qıtlığı ARAŞDIRMA


16:22     07 May 2015 vekil.jpg


Vəkillərin sayı niyə azdır?


İnsan haqlarının müdafiəsi deyiləndə ağla ilk gələn nüanslardan biri də vəkillik fəaliyyətidir.Problemlilərlə vəkillərin sayı isə tərsmütənasiblik təşkil edir.

Bu problemi dünya praktikası ilə qarşılaşdırsaq, ciddi təzadların ortaya çıxdığı məlum olur. Əsas təzad təşkil edən məsələ vəkillərin sayının azlığı ilə bağlıdır. Əhalisinin sayı 9.5 milyon yaxınlaşan Azərbaycanda vəkillərin sayı mini keçmir. Azərbaycan Vəkillər Kollegiyasının bu günə olan məlumatına istinadən deyə bilərik ki, Kollegiyada qeydiyyatdan keçmiş 834 vəkil var. Bu isə o deməkdir ki, hər on min adama heç bir vəkil də düşmür. Təqribən hər 11 min nəfərə 1 vəkil düşür. Bu isə dünya praktikası ilə müqayisədə böyük bir ziddiyyət təşkil edir. Məsələn, ABŞ-da ölkənin rəsmi statistik göstəricisinə əsasən hər 290 amerikalıya 1 vəkil düşür. Yaponiya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə hər on min nəfərə bir vəkil, əhalisinin sayı 85 milyonu keçmiş Türkiyədə hər min nəfərə bir vəkil düşür. Hətta qonşu dövlətlər olan Ermənistan və Gürcüstanda belə vəkillərin sayı bizimlə müqayisədə daha çoxdur.

Mövzuya aydınlıq gətirmək üçün vəkil Aslan İsmayılovla əlaqə saxladıq. Müsahibimiz Azəbaycanda vəkillərin sayının çox aşağı olmasından narazılıq elədi:
“Azərbaycanda əhaliyə nisbətdə vəkillərin sayı dünya ölkələri ilə müqayisədə sonuncu yerlərdən birini tutur. Təkcə qonşu Gürcüstanda vəkillərin əhaliyə nisbətdə sayı bizdən 3-5 dəfə artıqdır. Hətta Ermənistanda da bu rəqəm bizimlə müqayisədə çox yüksəkdir. ABŞ-da əhaliyə nisbətdə vəkillərin sayı bizə nisbətdə 10 dəfə artıqdır. Bakıya nisbətən regionlarda vəziyyət daha bərbad vəziyyətdədir ”

Vəkil Adil İsmayılov:

“ Hazırda Azərbaycanda 830-dan bir qədər çox vəkil var. Bu isə çox aşağı bir rəqəmdir. Hətta qonşu ölkə olan Gürcüstanda vəkillərin sayı Azərbaycandakından xeyli çoxdur.”

Daha geniş müzakirələrə səbəb olan başqa bir məsələ vəkillərin gördüyü işin qarşılığında az gəlir əldə etməsidir. Ölkəmizdə vəkillərin orta aylıq qazancları çox aşağıdır. Bizdə vəkil bir saatlıq konsultasiyanın məbləğində 90 qəpik qazanırsa, ABŞ-da bu rəqəm 500 dollar təşkil edir. Məşhur hüquq saytı LLM infonun dünyada vəkillərin aylıq qazancları barədə cədvəlinə nəzər salsaq böyük fərqlərin ortaya çıxdığını müşahidə edərik. Əhalisinin yaşayış səviyyəsi o qədər də yaxşı olmayan Çində bir vəkil aylıq orta hesabla 146 min dollar qazanır. Bu rəqəm Almanyada 113 min, Fransada 123 min, ABŞ-da 94 min dollar təşkil edir. Kanadada ən çox gəlirli ixtisas vəkillik hesab edilir. Hindistanda vəkil aylıq 21 min, Meksikada 17 min, Avstraliyada 78 min, Braziliyada 74 min, Birləşmiş Ərəb Əmirliklərində 104 min dollar təşkil edir.

Vəkil Aslan İsmayılov:

“Vəkillər Kollegiyasına istinadən deyə bilərik ki, Azərbaycanda vəkillərin qazancı aylıq 250-500 manat arasında dəyişir. Faktiki olaraq dünya ölkələrində bu rəqəm çox yüksəkdir. Bütün dünyada ən varlı insanlar vəkillərdir. Əgər Azərbaycanda ədalətli cəmiyyət qurulsa mən Ölkənin ən varlı 5 nəfərindən biri olaram. “
Aslan müəllimə daha bir sualımız vəkillərin məhkəmədə iştirakı ilə bağlı idi. Çünki əksər hallarda Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmə prosesində iştirak edə bilmirlər .

“Elə kateqoriya cinayət işləri var ki, məhkəmə prosesində iştirak etmək üçün mütləq Vəkillər Kollegiyasının üzvü olmaq lazmdır. Ümumilikdə əksər hallarda Kollegiyanın üzvü olmaq lazımdır. Bu da başqa sahələrdə olduğu kimi vəkillik sahəsində də monopoliyabın olmasından xəbər verir.”

Kollegiyaya qəbul olmaq nəyə görə çətindir?

Bu sualı cavablandırmaq üçün Femida.az vəkil Anar Qasımlıdan münasibət öyrənib. Onun fikrincə, Kollegiyaya qəbul prosesi çətin olduğu üçün hazırda vəkillərin sayı da çox azdır.

“Ölkədə vəkillərin sayının az olmasının səbəbi obyektiv və subyektiv amillərlə bağlıdır. Subyektiv amil ondan ibarətdir ki, Azərbaycanda hər bir valideyn övladının prokuror, polis rəisi kimi vəzifələrdə görmək istəyir. Hazırda hüquq fakültəsində oxuyanlar özlərini gələcəkdə hakim, prokuror, müstəntikq kimi vəzifələrdə görür Yəni gənclərdə bu sahəyə maraq azdır. Digər tərəfdən, Vəkillər Kollegiyasının üzvü olmaq üçün gərək, hüquq sahəsində ən azı üç illik əmək stajına malik olasan. Bu üç il isə böyük bir müddətdir. Universiteti bitirən tələbələr isə bu üç illik vaxtda daha qazanclı sahələrə meyl edir və hüquq sahəsində təcrübə qazanmaqdan imtina edirlər. Fikrimcə üç illik əmək stajı qaydası ləğv olunub, əvəzində stajçı vəkil qaydası tətbiq edilsə, problem dha asan həll edilər. Qonşu Türkiyədə bu belədir. Yəni, universiteti bitirən tələbə Vəkillər Kollegiyasına imtahan verir, bir illik stajçı kimi vəkilliyə qəbul edilir.”

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2061