"Hüquq nəzəriyyəsi" kitabının təqdimatı oldu - FOTOLAR


19:48     13 Yanvar 2018 2018/01/3_1515843783.jpg


Bu gün professor Fərhad Mehdiyev və dosent Emin Quliyevin birgə yazdığı “Hüquq Nəzəriyyəsi” kitabının təqdimatı olub. Femida.az xəbər verir ki, tədbirdə bir sıra ictimai şəxslər, o cümlədən hüquqşünaslar, universitet müəllimləri və tələbələr iştirak edib.


Əsasən ali təhsil müəssisələrində dərslik kimi istifadə üçün nəzərdə tutulan kitab bu günədək hüquq sahəsində Azərbaycan dilində sadə və anlaşıqlı şəkildə yazılmış ilk nəzəriyyə olub. Belə ki, hazırda universitetlərdə tələbələr əsasən, əyani vəsait kimi rus dilindən tərcümə edilmiş mənbələrdən istifadə edirdilər.
Müəlliflərdən Fərhad Mehdiyev bildirib ki, kitabın yazılması bir neçə ilə başa gəlib:

“Kitabı yazmağa 2012-ci ildən başlamışıq. Bu Azərbaycan hüquq tarixində sadə və anlaşıqlı dillə yazılmış ilk nəzəri kitabdır. Kitabda bəzi xırda nöqsanlar ola bilər. Çünki kitabı bir neçə ildir yazmağa başlamışıq və bu illər ərzində qanunlarda müəyyən dəyişikliklər olub. Bir kitabla bütün hüquq elmini əhatə etmək olmaz. Bu, sadəcə bazadır, nəzəriyyədir. Çalışmışıq ki, əsasən praktikada lazım olan nüansları kitaba daxil edək. Kitabın ikinci nəşrində bəzi bölmələri daha da genişləndirməyi düşünürük”.



Digər müəllif Emin Quliyev isə kitabın interaktiv formada yazıldığını bildirdi:
“Kitab sizə bir qədər fərqli görünə bilər. Çünki müəyyən hissələr sırf oxucularla söhbət aparılaraq, interaktiv formada yazılıb. Odur ki, ənənəvi dərslik formasında çap edilməyib. Olduqca sadə, asan, hər kəsin başa düşəcəyi bir dildə yazmışıq. Çalışmışıq ki, bu kitabda ümumi hüquq elminə aid olan mövzuların hamısına toxunaq, amma çatışmazlıqlar az olsa da, əlbəttə ki, var. Düşünürəm ki, tələbələrin və digər oxucuların marağına səbəb olacaq”.

Biz də Femida.az portalı olaraq hüquqşünaslarımızı yeni kitablarının nəşr olunması münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.










Amin Nəzərli
Miri Məcidli
Foto: Elvin Abdulla
Femida.az

Açar sözlər: kitab   hüquq   Fərhad   Mehdiyev   EminQuliyev   femida.az    

Oxunub: 10350