"Tərəfləri ortaq nöqtəyə gətirmək üzərində iş gedir" - Lavrov


15:40     16 Yanvar 2018 lavrov-05.jpg


“Minsk Qrupunun həmsədr ölkəsi olaraq Rusiya, ABŞ və Fransayla birlikdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün lazımi şərtləri meydana gətirməyə çalışır”.

Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Moskvada keçirilən mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O, Rusiyanın təkbaşına problemin çözülməsində həlledici rol oynadığı barədəki iddiaları qəbul etməyib:

“Rusiya problemi həll etmək üçün konkret bir proqrama sahib ola bilməz, çünki problem ancaq ölkələrin özləri tərəfindən həll edilə bilər. Biz sadəcə Minsk qrupunun həmsədr ölkəsi kimi uyğun şərait yaratmağa çalışırıq. Tərəfləri ortaq bir nöqtəyə gətirmək üzərində iş gedir. Həmsədrlər bütün təkliflərini verib. Tərəflər də həmsədrlərin nə düşündüyünü bilirlər. Lakin son qərarı tərəflər verməlidir”.

Lavrov ötən ilki danışıqlardan razı qaldıqlarını bildirib:

“Ötən il xarici işlər nazirlərinin və prezidentlərin keçirdiyi danışıqlardan məmnun qaldıq. Həmsədr ölkələrin nümayəndələri bu proseslərdə iştirak ediblər. Fikrimcə, hazırda cəbhədəki vəziyyəti sakitləşdirmək üçün əlavə tədbirlər görmək vacibdir. Beləliklə, siyasi müstəvidə normallaşma prosesinə keçid etmək olar. Dağlıq Qarabağ münaqişəsi bir addımda həll edilə bilməz, bunun üçün bir neçə mərhələli yanaşma lazımdır”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: Qarabağ   Ermənistan   Azərbaycan   Lavrov   Rusiya   ATƏT   Minsk   femida.az  

Oxunub: 913