Qarabağ kimlərin hesabına işğalda saxlanılır? – Sarkisyanın xaricdə yaşayan sponsorları


16:18     16 Yanvar 2018 2018/01/26416_b_1516090759.jpg


Ermənistan dövlətinin Azərbaycanın işğal altında saxladığı ərazilərdə qanunsuz olaraq kommersiya fəaliyyəti ilə məşğul olması barədə dəfələrlə araşdırma yazılar təqdim etmişik. Ciddi maliyyə böhranı yaşayan bir ölkə kommersiya fəaliyyəti üçün kapitalı haradan əldə edir?



Femida.az bununla bağlı araşdırma aparıb. Məlum olur ki, Dağlıq Qarabağ ərazisində qanunsuz sahibkarlığın arxasında xaricdə yaşayan erməni milyarderlər dayanır. Bəs onlar kimdir?


Ermənistana və Azərbaycanın işğal altında saxlanıldığı ərazilərə maliyyə yardımı edən erməni milyarderləri təqdim edirik:




(Sarkisyan Ernekyanı orednlə təltif edir)

Eduardo Ernekyan – böyük kapitala sahib olan erməni əsilli biznesmendir. O, Argentinada yaşayır və kapitalının böyük hissəsi bu ölkədə yerləşir. E.Ernekyan “American İnternational Airports and Aeropuertos Argentina 2000” şirkətinin rəhbəridir. Onun şirkəti 32 beynəlxalq ölkə ilə uçuşları həyata keçirir. Bu ölkələr arasında əsas yeri Uruqvay, Ekvador və Ermənistan tutur. Bundan əlavə o 2007-ci ilin fevralından Ermənistanda "Converse Bank" QSC-nin sahibidir.Erməni əsilli iş adamı bu gün Argentinada ən zəngin şəxs hesab olunur. Ermənistan mətbuatının yaydığı məlumata görə, Ernekyan son 5 ildə Ermənistana və Azərbaycanın işğal altında olan ərazilərinə bir neçə milyon dollar pul ayırıb.


Daha bir erməni əsilli milyarder Danil Xaçaturov 1971-ci ildə Moskvada anadan olub. O, “Rosqosstrax” şirkətinin prezidenti kimi 2016-cı ildə 1,4 milyard dollar kapitala sahib olub.





2013-cü ilin aprelində
Danil Xaçaturov
qardaşı Sergeylə birlikdə Rusiyanın məşhur “Profil” jurnalının tərtib etdiyi siyahıda 5-ci yerdə qərarlaşırdı.
Danil Xaçaturov Ermənistan hakimiyyətinin əsas maliyyə dayaqlarından hesab olunur.



Samvel Karapetyan – Sarkisyan hakimiyyətinin əsas maliyyə mənbələrindən hesab olunur.O, Ermənistanın baş naziri Karen Karapetyanın qardaşıdır. Samvel Karapetyan məşhur “Taşir” kompanisyasının sahibi kimi Rusiyada böyük kapitala sahibdir. Məşhur Forbes jurnalının 2017-ci ildə dərc etdiyi məlumata əsasən Rusiyanın ən zəngin 200 iş adamı siyahısında o, 32-ci yerdə qərarlaşıb. Həmin ildə Karapetyanın ümumi kapitalının həcmi 3,4 milyard dollar olub.





Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qanunsuz tikililərin böyük əksəriyyəti onun payına düşür. Bundan əlavə Samvel Karapetyan qardaşı Karen Karapetyanın da əsas himayədarı hesab olunur.

Karen Karapetyan baş nazir olsa da, böyük biznes əlaqələrinə malikdir.

Qadın alt paltarı biznesinə baxan erməni baş nazir...




Ermənistan mətbuatının yaydığı materiallardan aydın olur ki, Karapetyanovlar ailəsi qadın alt paltarı istehsalı və satışı ilə məşğul olan “Ed & T Partners” şirkətinin səhmlərinin 50 faizinə sahibdir. Bundan əlavə Karapetyan ailəsinin biznes ortaqları arasında rus iş adamlarının sahibi olduğu şirkətlər də var.

Bundan əlavə Samvel Karapetyan ofşor hesablarda yaradılan biznes hesabına Erməni diasporunu maliyyələşdirən ən böyük iş adamları siyahısındadır.Təkcə 2017-ci ildə dispora Ermənistana 3,2 milyard dollar yardım edib.

Baş nazirin biznes planları və ortaqları bununla bitmir. Tiqran Karapetyan (red- Karen Karapetyanın oğlu) Böyük Britaniyanın adalarında ofşor zonalarda qeydiyyatda olan “Dalma invest” şirkətinin səhmlərinin bir faizinə sahibdir.

Erməni əsilli şəxslərin idarə etdiyi Rusiya şirkəti İrəvanda “Dalma Qarden Mol”un tikintisi üçün 40 milyon dollar pul ayırıb. Həmin mərkəzin 2010-cu ildə İrəvanda açılışı olub. Həmin vaxt Karen Karapetyan İrəvanın meri vəzifəsində təzə təyin olunmuşdu. “Dalma İnvest”in sahibi erməni əsilli Aleksandr Arutyundur.

Erməni baş nazirin ailəsinin adı daha bir ofşor hesabda qeydiyyatda olan şirkətlə də hallanır. Belə ki, T.Karapetyanın “Yerebuni plaza” şirkəti ilə yaxın əlaqələri var. Bu plaza “Kliff Treyd end İnv.İnk” kompaniyasının tərkibinə daxildir.

Karen Karapetyan xaricdə əldə olunan pulların hesabına Ermənistan daxilində də öz ailə biznesini yaradıb. İrəvanda yerləşən “Florens” restoranının sahibi oğlu Tiqrandır. Bu restoran kompleksin tikilməsinin də maraqlı tarixçəsi var. Ermənistanın epress.am saytı 8 noyabr 2011-ci il tarixdə yaydığı məlumatda erməni katoliki II Qareqinin ad gününü məhz bu restoranda etdiyini və restoranın sahibinin Karapaetyan ailəsinin olduğunu təsdiq edir.


Baş nazir Karen Karapetyanın qardaşı ilə şərik olduğu və ofşor hesabda yaradılan bu şirkət Ermənistana maliyyə yardımı ilə də tanınır. Başqa sözlə Ermənistan hökuməti çirkli pulların yuyulması yolu ilə xaricdən dəstək almaqla hakimiyyətlərini daha da möhkəmləndirir.





Ermənistana maliyyə yardımı edən növbəti pillədə Sergey Qaliçkiy dayanır. Onun əsl soyadı Arutyunyandır. Çox az adam bilir ki, Sergey arvadının soyadını daşıyır. O, müsahibəsində özünü 75 faiz rus, 25 fazir erməni hesab etdiyini bildirmişdi. Forbes jurnalının məlumatına görə, onun kapitalının ümumi həcmi 10,3 milyar dollardır. Qaliçkiy sərmayəsinin böyük hissəsini Rusiya Federasiyasında yerləşən obyektlərinə yatırıb. O,”Krasnodar” futbol klubunun direktorudur.

Erməni əsilli milyarderlər sırasında birinci yerdə Stiven Kandaryan dayanır.





Erməni əsilli Amerikalı biznesmen beynəlxalq "MetLife" şirkətinin rəhbəridir. "BusinessPundit" jurnalının məlumatına görə, onun kapitalı 25 milyard dollar civarındadır. Biznesmen erməni lobbisinin də əsas maliyyə mənbələrindən hesab olunur.


Levon Ayrapetyan Rusiyada yaşayan və fəaliyyət göstərən erməni milyarder olub.Onun rəhbərliyi ilə Rusiyada yaradılan mərkəz ermənilərin əsas ümid yeri hesab olunurdu.




Levon Ayrapetyan Dağlıq Qarabağda biznes fəaliyyəti ilə seçilib. O, Dağlıq Qarabağda erməni ailələrinin möhkəmlənməsi üçün 700 ailənin toy mərasimini təşkil etməklə hakimiyyətin rəğbətini qazanıb.Onun sahibi olduğu fond işğal altında olan Dağlıq Qarabağda doğulan birinci uşaq üçün 2 min dollar, ikinci uşaq üçün 3 min, üçüncü uşağa görə 5 min,dördüncü uşağa görə isə 10 min dollar ödəyəcəyini bəyan etmişdi. Düzdür, qeyd olunan təklif bu günə qədər reallaşmayıb.

Ayrapetyanın Dağlıq Qarabağa ayırdığı kapital 3 milyard dollardan artıqdır. Ayrapetyan 2014-cü ilin iyulunda “qara işlər”ə görə Rusiyada həbs olunub və 2017-ci ildə həbsxanada ölüb.Həmin şəxs həmçinin kriminal aləmlə geniş əlaqələri olan şəxs kimi tanınıb.
Göründüyü kimi Ermənistan hakimiyyəti Azərbaycanın işğal etdiyi ərazilərini qeyri-qanuni yolla əldə edilmiş maliyyə hesabına nəzarətdə saxlayır. Bu isə işğalçı ölkənin beynəlxalq hüquq normalarını bir daha necə pozduğunu açıq şəkildə sübut edir.

Qeyd: Material hazırlanarkən müxtəlif vaxtlarda Ermənistan mətbuatında yayımlanmış məqalələrdən istifadə olunub.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Ermənistan   #Qarabağ   #Azərbaycan   #Sarkisyan   #Femida.az    

Oxunub: 8235