PKK restorana hücum etdi


20:37     11 Sentyabr 2015 d343c95cd56a.jpg


Türkiyədə Diyarbəkirdə restoranda şorba içən polislərə silahlı hücum olub, 3 polis yaralanıb, bir vətəndaş isə həyatını itirib.

Femida.az-ın məlumatına görə, Diyarbəkirin mərkəz hissəsi olan Yenişehir mahalında polislərə terror təşkilatı olan PKK hücum edib. Nəticədə 3 polis ağır yaralanıb, bir dinc sakin isə xəstəxanaya aparılarkən ölüb.

Yaralanan 3 polis isə təcili yardımları ilə Dəclə Universiteti Tibb Fakültəsi Xəstəxanası və Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasında yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu deyilir.

Türk KİV-lərindən alınan məlumata əsasən, ölən şəxs Ağqoyunlu küçəsində bir restoranda ofisiantlıq edən 22 yaşlı Şeyhmus Sanır adlı biri olub. Restoran sahibi Rəcəb Ölməzin sözlərinə görə, Sanır onun qardaşı oğlu idi və hərbi qulluqdan bir ay əvvəl gəlmişdi.

Rəcəb Ölməz hadisəni belə şərh edib: "Polis məmurları restoranda yemək yeyirdilər və qardaşım oğlu da onlara xidmət edirdi. Qəfildən buraya silahlılar girdi və atəş açmağa başladılar. Sanır başından iki güllə aldı və xəstəxanaya apararkən yolda öldü."

Təhlükəsizlik xidmətinin müdiri Adnan Taşdan, xəstəxanaya gələrək, polis məmurlarını ziyarət edib.

Hal-hazırda hadisə ilə bağlı istintaq aparılır. Qaçan terrorçuları tutmaq üçün xüsusi qrup da ayrılıb.


Açar sözlər:

Oxunub: 805