"Qarabağa belə getmək istəyirəm" - Müharibə veteranından qəribə ixtira


14:13     17 Yanvar 2018 18_01_17_1516169579.jpg


Masallı rayonunun Xanalion kənd sakini Əkrəm Cabbarov uşaqlarını, həm də ətrafda yaşayan uşaqları məktəbə aparıb-gətirmək üçün maraqlı üsula əl atıb.


Femida.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Qarabağ müharibəsi veteranı və 2-ci qrup əlil olan Əkrəm öz velofaytonunu yaradıb.

Cabbarov bununla həm də çoxdankı arzusunu reallaşdırdığını deyir: "Uşaqları sevindirmək üçün bunu yaratdım. Əvvəldən arzu edirdim ki, uşaqları məktəbə aparıb-gətirmək üçün bir vasitə yaradım. Yəni həm öz uşaqlarımı, həm qonşu uşaqları, xüsusən də məktəbdən uzaqda yaşayan uşaqları aparıb-gətirmək üçün nəqliyyat vasitəsi yaratmaq istəyirdim".

İxtiraçı indi də ən böyük arzusunun düzəltdiyi velofaytonla Qarabağa səfər etmək olduğunu bildirir: "İndi ən böyük arzum, işğal altında olan Şuşa, Kəlbəcər, Xocalı və Laçın azad edildikdən sonra bu velofaytonla o torpaqlara səyahət etməkdir. Mən bu arzumun həyata keçməsini Allahdan istəyirəm. İnşallah prezidentimiz əmr verər və torpaqlarımız tezliklə geri alınar".

Əkrəm Cabbarov bu tip velosipedlərdən gələcəkdə kənd təsərrüfatında istifadə etmək üçün düzəldəcəyini də qeyd edir "Bir planım var, gələcəkdə başqa bir velosiped alım və onu təsərrüfatda istifadə etmək üçün, yəni torpaq şumlamaq üçün düzəldim. Velosipedə kotan qoşmaq fikrim var. Traktorların torpaq şumlamasını görmüsünüz yəqin. Kartof, soğan və digər tərəvəzlərin əkini üçün motorlu velokotan hazırlamaq istəyirəm və yaxın gələcəkdə onu da düzəltməyə başlayacam".



Femida.az

Açar sözlər: #Masallı   #Qarabağ   #veteran   #femida.az  

Oxunub: 1135