Bu şəxslərə Azərbaycanda torpaq satılması qadağandır - Hüquqi yardım


16:41     17 Yanvar 2018 2018/01/406740619__1__1516178323.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.Bu dəfə təqdim etdiyimiz mövzu xarici ölkə vətəndaşlarının Azərbaycanda mənzil almaq hüququ ilə bağlıdır.



Əcnəbilər Azərbaycan Respublikası ərazisində mənzil ala bilərmi?

Mövzu ilə bağlı Femida.az -ın suallarını cavablandıran hüquqşünas Vüqar Səfərli bildirib ki, əcnəbilər Azərbaycan Respublikası ərazisində yaşadığı müddətdə yerli vətəndaşlarla eyni hüquqlardan istifadə edə bilərlər.





Hüquqşünas Vüqar Səfərlinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində əcnəbilərin ölkədə mənzil almasına dair heç bir problem yaranmasa da, torpaq alışına məhdudiyyət var.

"“Torpaq haqqında" Qanuna görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mənzil əldə etdikdə Azərbaycan Respublikası vətəndaşlarına nisbətdə bir qədər artıq rüsum edirlər. Lakin torpaq almaqları problemdir. Əcnəbilərin mülkiyyətinə torpaq verilə bilməz. Bizim qanunvericilik onu qadağan edir. Əgər onların mülkiyyətinə torpaq düşürsə, onu 1 il müddətinə özgəninkiləşdirməlidirlər. Ancaq torpaqdan başqa istənilən növ daşınmaz əmlak ala bilərlər.”

Bəs Azərbaycan Respublikası ərazisində vərəsəlik qaydasında torpağı olan şəxs onu əldə edə bilərmi?

Hüquqşünasın sözlərinə görə,əcnəbi şəxsin qohumu Azərbaycan vətəndaşıdırsa, vərəsəlik qaydasında ona torpaq qalıbsa, 1 il müddətində həmin xarici vətəndaş torpağını özgəninkiləşdirməlidir.


“Heç bir əcnəbi Azərbaycanda torpaq sahibi ola bilməz. Həmçinin bu qanuna əsasən əcnəbilər Azərbaycanda həyət evi ala bilməz. Çünki həmin ev hansısa torpaq üzərində tikilir, o evə çıxarış verilir və həmin evin altındakı torpaq da xüsusi mülkiyyətə daxil olur. Bu baxımdan əcnəbi həyət evi ala bilməz”deyə Vüqar Səfərli bildirib.

Bu, o deməkdir ki, xarici ölkənin vətəndaşları respublika ərazisində xüsusi mülkiyyət hüququ əldə edə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının ərazisində torpaq sahəsi istisna olmaqla, digər daşınmaz əmlakları (manzil, fərdi ev və s.) ala bilərlər.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Əmlak Komitəsindən də münasibət öyrəndik.

Komitədən bildirdilər ki, qanunvericiliyə görə, xarici vətəndaşlar yalnız bizim ölkədə qazandığı kapitalla torpaq ala bilərlər. Xarici kapitalla torpaq almaqsa qanunla qadağandır.



Əgər sizi də maraqlandıran hər hansı bir sual varsa, Facebookda bizə müraciət edin.



Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Torpaq   #Mənzil   #Hüquq   #Femida.az   #Vəkil   #Hüquqşünas    

Oxunub: 6145