Bakıda məktəblər mühafizə olunurmu? ARAŞDIRMA


20:27     07 May 2015 1378204082.jpg__600x420_q85_crop_subsampling-28.jpg

30 aprel 2009-cu il tarixdə Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsindən sonra Azərbaycanda təhsil müəsissələrinin mühafizəsi məsələsi gündəmə gəldi. Artıq 7 il keçməsinə baxmayaraq, bu gün təhsil müəssələrinin mühafizəsi yenə də aktualdır.

Ölkəmiz çox məsuliyyətli və şərəfli bir idman yarışına – Bakı 2015 olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşır.


Orta təhsil müəssisələrində təhlükəsizlik işlərinin gücləndirilməsi məsələsi əsas mövzulardan biri olaraq qalır. Mövzunu daha obyektiv araşdırmaq məqsədilə paytaxtda bir neçə tədris ocaqlarında olduq.

Üz tutduğumuz ilk məktəb Bakı şəhəri 189 saylı orta məktəb oldu.



Apardığımız müşahidələr zamanı məlum oldu ki, məktəbin inzibati binasına daxil olmaq heç də asan deyil.Giriş qapısında özəl mühafizə xidmətinin əməkdaşı bizi qarşıladı. Şəxsiyyəti təsdiq edən sənədə baxışdan sonra məktəbin inzibati binasına daxil olduq.

Məktəbin direktoru Ceyran Quliyeva bizi maraqlandıran sualları cavablandırdı:

”Məktəbimizdə 1500 şagird təhsil alır. Gördüyünüz kimi korpusun birində təmir işləri aparılır. Mühafizə məsələsi ilə bağlı deyə bilərəm ki, xidmət valideyin-məktəb asosasiyasının köməkliyi ilə təşkil edirik. Valideynlər könüllü bu xidmətə pul xərcləyir. Vəsaitin bir hissəsi mühafizə üçün ödənilir. Digər hissəsi isə məktəbin digər problemlərinə xərclənir. Bizdə açıq sistemdir. Valideynlərdən konkret məbləğ tələb edilmir. Çünki qeyd olunan qurumun öz rəhbəri var. O da valideyinlərdən təşkil edilib. Bunun hesabatı da hər rübdə aidiyyatı qurumlara verilir. Bu günə kimi heç bir şikayət olmayıb. Mühafizəçi Riyad Mühafizə İdarəsinin əməkdaşı Vüsal Şirinovdur. Aylıq ödəniş isə 250 manatdır. Saat 7:30- dan,5:30-a dək çalışır.”



Femida.az-ın təhlükəsizliklə bağlı müşahidə apardığı növbəti məktəb Nəsimi rayonu Yusif Mirzəyev adına 44 nömrəli orta məktəb oldu. Burada mənzərə tam fərqli idi. Məktəbin giriş qapısında mühafizə xidmətinə bənzəyən kimisə görə bilmədik. Sərbəst, maneəsiz məktəbin həyətinə daxil oluruq.



Valideynlər də etinasızdır.

Valideyn Nigar Əhmədova :

“Düzünü desəm, bu məsələ ilə bağlı düşünürük. Bu nazirlik səviyyəsində olan məsələdir. Amma məktəbin daxilində mühafizəçi var. Yəqin ki, bəs edir.”



Məktəbin inzibati binasına yaxınlaşırıq. Bizi qarşılayan şəxs özünü təqdim etməsə də, bildirir ki, direktor hazırda dərsdədir, bizi qəbul etməyə vaxtı yoxdur.

Növbəti ünvanımız Nəsimi rayonu 46 nömrəli məktəb oldu. Qapıda xüsusi mühafizəçi olmadığından asanlıqla binaya daxil oluruq. Məktəbin direktoru Budaqova Sevinc mühafizənin təşkili ilə bağlı sualımıza belə cavab verir:

“Məktəbdə 819 şagird təhsil alır. Gördüyünüz kimi bizdə xüsusi mühafizə yoxdur. Ancaq bu işə məktəbin texniki işçisi Həbibova Şəhliyar nəzarət edir.Gördüyünüz kimi indi də qapının girişində dayanıb. Mən ümumilikdə xüsusi mühafizəyə ehtiyac duymuram. Yəqin ki, bu məsələni də həll edərlər.”



Olduğumuz ünvanlardan biri də Bakı şəhəri Nəsimi rayonu 23 nömrəli orta məktəb oldu. Məktəbin girişində DİN-in çevik polis alayının əməkdaşları mühafizə edirdilər. Məktəbin direktoru Yuliya Kərimova ilə əlaqə saxlaya bilməsək də, ümumilikdə məktəbin mühafizəsinin təşkil olunduğunun şahidi olduq. Bunu şagirdlərlə söhbətimizdən də hiss etdik.

Doqquzuncu sinif şagirdi Nurlan:

“Bizdə mühafizə güclüdür. Hər adam daxil ola bilməz. Hətta dərsdən icazə alıb evə getmək üçün müəllimənin icazəsi kifayət etmir. Direktordan icazə almaq tələb olunur.



Səbail rayonu 160 saylı Klassik Gimnaziyada mühafizə siztemi təşkil edilib. Burada şagirdlərin giriş-çıxışı xüsusi kartlar vasitəsilədir. Kənar şəxslərin girişi isə qeyri-mümkündür.

Apardığımız araşdırmadan ümumi belə nəticəyə gəlmək olar ki, məktəblərdə mühafizə işində müəyyən işlər görülməsinə baxmayaraq, ümumi vəziyyət heç də qənaətbəxş deyil. Müşahidələrimiz onu göstərir ki, mühafizə işində keyfiyyət məktəbin öz üzərinə düşür.

Femida.az orta təhsil müəssisələrində mühafizə monitorinqini şəhərin mərkəzindən kənarda yerləşən məktəblərdə davam etdirəcək.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 6005