Sabah Bakının əsas küçələri bağlı olacaq


14:02     19 Yanvar 2018 yollar9.jpg


20 Yanvar günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


Femida.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov deyib ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyi təmin etmək məqsədilə yanvarın 20-i saat 08:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.

Məlumat üçün bildirək ki, matəm günü saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları veriləcək. Hüzn əlaməti olaraq dövlət bayraqları endiriləcək.

Femida.az

Açar sözlər: 20yanvar   Bakı   küçə   Şəhidlər   Polis   Vaqif-Əsədov   femida.az  

Oxunub: 952