"Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib" - General


16:23     19 Yanvar 2018 aydin%20eliyev0.jpg

Azərbaycan Dövlət Gömrük Komitəsi işlənmiş təkərlərin idxal rüsumunun artırılması ilə bağlı narazılıqlara münasibət bildirib.


Femida.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədrinin müavini Səfər Mehdiyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, hazırda ümumilikdə, 500-dən çox gömrük tarifinin, rüsumların 57%-i dəyişməyib: "Dəyişən tariflərin yalnız 7%-i artırılıb".

Onun sözlərinə görə, Azərbaycan bu ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumunu 3 ABŞ dollarından 10 dollara qaldırıb: “İşlənmiş təkərlərə tətbiq edilən rüsumun artırılmasına qarşı komitənin qarşısında aksiya keçirilib. Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib. Lakin aksiyaya 150-200 nəfər yığışmışdı. İşlənmiş təkər idxal edənlərlə aksiya keçirənlərin sayı uyğun gəlmir".

DGK sədri Aydın Əliyev isə bildirib ki, bununla bağlı qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib: “Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim edib. Qalan 89 nəfər isə qaçıb. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidir? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsinizsə, deməli bu rüsumu da ödəyə bilərsiniz”.

Femida.az

Açar sözlər: Təkər   General   Rüsum  

Oxunub: 2000