Müdafiə Sənayesi Nazirliyində kollegiya iclası keçirilib


16:33     19 Yanvar 2018 mudafie%20senayesi.jpg


Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə kollegiya iclası keçirilib.


Femida.az-ın məlumatına görə, iclasda nazirliyin birlik və müəssisələrinin 2017-ci il üzrə istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Y. Camalov qeyd edib ki, 2017-ci ildə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icrası istiqamətində Müdafiə Sənayesi Nazirliyi tərəfindən bir sıra işlər görülüb. Belə ki, nazirliyin müəssisələrində Tədbirlər Planında nəzərdə tutulmuş yeni növ müdafiə təyinatlı məmulatların istehsalının genişləndirilməsi ilə bağlı 15 məmulat üzrə təcrübi konstruktor işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. Eyni zamanda, qara metal idxalının azaldılması istiqamətində görülmüş tədbirlər və mütərəqqi metodların tətbiqi nəticəsində qara metalın daxili bazar hesabına təmin edilməsi 12,3 faiz artırılıb.

Hesabat dövründə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib.

2009-cu ildən ölkə başçısının tapşırığına əsasən sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi 2014 və 2016-cı illərdə “ADEX” adı altında Azərbaycanda keçirilən beynəlxalq müdafiə sərgilərinin təşkilatçısına çevrilib. Cari ildə “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin yüksək səviyyədə keçirilməsi üçün təşkilati işlərə başlanılıb. Sonuncu dəfə 2017-ci ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2017” sərgisində 260 adda məmulat nümayiş etdirən Müdafiə Sənayesi Nazirliyinin sentyabrda Bakıda keçiriləcək “ADEX-2018” sərgisində yeni məmulatlar nümayiş etdirəcəyi nəzərdə tutulur.

İclasda nazirliyin birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib və müəssisələrin fəaliyyətləri müzakirə edilib.

Nazir Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib.

Femida.az

Açar sözlər: Müdafiə   Sənaye   Nazirlik   Kollegiya  

Oxunub: 590