Azərbaycan xaricə at əti satmağa başladı


19:47     19 Yanvar 2018 et068_4335851.jpg

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyi Azərbaycanın “AZMEAT777” şirkətinə Gömrük İttifaqı ölkələrinə at əti ixrac etmək icazəsi verib. Şirkət indiyədək yalnız Qazaxıstana at əti tədarük edirdi.



Femida.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Modern.az-a deyib ki, şirkət Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyinin reyestrinə daxil edilib:

“Bununla da Azərbaycanda Gömrük İttifaqı ölkələrinə at əti ixracına icazə verilib. Qeyd edim ki, at diri şəkildə göndərilməyəcək. Atlar ayrıca kəsim məntəqəsində müqavilə əsasında kəsiləcək, baytar həkimlər tərəfindən müayinə ediləcək. Yalnız bundan sonra at ətinin ixracına icazə veriləcək. Bu gündən etibarən prosesə start verilib”.

Y.Xanvəli deyib ki, qurum ətin tibbi-gigiyenik baxımdan sağlam, insan orqanizminə heç bir zərəri olmaması məsələlərinə nəzarət edəcək.

Nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev deyib ki, indiyədək yalnız Qazaxıstana at əti ixrac edilib:

“Respublikanın müxtəlif ərazilərində atlar yetişdirilir. Yaşlı atlar istisna olmaqla, il ərzində təxminən 5 minə yaxın at ixrac etmək potensialımız var. Hətta şəxsi təsərrüfatçılar istəyindən asılı olaraq, at ixracı artırıla bilər”.

A.Abduləliyevin sözlərinə görə, hazırda ölkədə at yetişdirilməsinə maraq artıb.

Femida.az

Açar sözlər: At   Ət   Femida   Rusiya    

Oxunub: 2479