İtaliyada 20 Yanvar şəhidləri anılıb

İtaliyada 20 Yanvar şəhidləri anılıb


02:38     20 Yanvar 2018 2018/01/CB367A80-C4C4-4216-97B3-93CC712EE72A_1516387359.jpeg

Azərbaycanın İtaliyadakı səfirliyi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib.


Səfirlikdən Femida.az-a verilən məlumata görə, tədbirdə İtaliyanın elmi-akademik dairələrinin nümayəndələri, Azərbaycan və region üzrə tədqiqatçılar, KİV təmsilçiləri, Azərbaycan icmasının üzvləri, o cümlədən İtaliyanın müxtəlif universitetlərində təhsil alan Azərbaycan və digər ölkələrdən olan tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn proseslər, 20 Yanvar hadisəsinin acı nəticələri, bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ona siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. Bu faciənin Azərbaycan xalqının müstəqillik əzminin güclənməsinə təsirindən, ölkəmizin müstəqillik illərində keçdiyi yol və bugünkü reallıqlarından bəhs edib.

Aralıq Dənizi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarix elmləri doktoru Federiko De Renzi öz çıxışında əsas etibarilə Azərbaycanın qarşılaşdığı ədalətsizliklərdən bəhs edib. Bu ədalətsizlikləri 20 yanvarda etiraz edən dinc azərbaycanlı əhaliyə divan tutulması, habelə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal etməsi fonunda izah edib. Xüsusilə də bütün bu hadisələrdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərə və cinayətlərə diqqəti yönəldib.

Roma Sapienza Universitetinin dosenti və tədqiqatçısı Daniel Pommier Qara Yanvara aparan tarixi mərhələlər, həmin hadisələrin gedişatında və bundan sonra Azərbaycanın məruz qaldığı ikili standartlar, azərbaycanlılara münasibətdə tətbiq olunan etnik və dini ayrı-seçkilik barədə danışıb. Azərbaycanın dünyəvi dəyərlərə, dinamik vətəndaş cəmiyyətinə malik ölkə olduğunu deyən D.Pommier ölkədə təhsilə böyük diqqət yetirildiyini, son illərdə İtaliyada, o cümlədən Sapienza Universitetində azərbaycanlı tələbələrin sayının artmasının da bunun göstəricilərindən olduğunu deyib.

Çıxışlardan sonra Qara Yanvarla bağlı sənədli film nümayiş olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 3841