Qorbaçovu dəfələrlə məhkəməyə verən azərbaycanlı: BMP bizi əzib keçdi (FOTOLAR)

Qorbaçovu dəfələrlə məhkəməyə verən azərbaycanlı: "BMP bizi əzib keçdi" (FOTOLAR)


15:30     20 Yanvar 2018 18_01_20_1516433119.jpg

Yəqin ki, çoxları Tiflis prospektindəki mebel fabrikindən bir az yuxarıda əzik-üzük edilmiş sarı rəngli "Zaparojets” markalı Y 37-22 AQ seriyalı maşını görüb. Həmin "Zaparojets” 28 il öncənin qanlı yanvar gecəsindən bu günə qədər miras qalıb...


Müsahibimiz "20 Yanvar” faciəsinin ağrı-acılarını yaşamış, "Zaparojets” markalı avtomobili ilə BMP-nin altında qalmış, 14 yaşlı İlqarın ölümünün canlı şahidi və rus imperializminin xalqımızın başına gətirdiyi müsibətlərin bir anını belə unutmayan Nazim Ələkbərovdur.

Femida.az Qaynarinfoya istinadən onun acı tariximizlə bağlı təəssüratlarını təqdim edir:


- Nazim müəllim, o dövrü necə xatırlayırsız?







- 90-cı il yanvarın 13-dən etibarən Bakıda tonqalların sayı artırdı. Həmçinin rayon mərkəzlərində, Lənkəranda, Neftçalada piketlər təşkil edilirdi, amma əsas toplanış yeri paytaxt Bakı idi. Demək olar ki, hər gün o tonqalların ətrafında olan insanlardan biri də mən idim. Mən və qardaşlarım hər gün başqa-başqa nöqtələrdə - Salyan kazarmasının, Olimpin yanında, Şamaxinkada, 11-ci Qızıl Ordu Meydanında, ÇK-nın qarşısında toplaşırdıq. Öz maşınım, "Zaparoje"m olduğu üçün hər dəfə gedəndə də qohumlarım, dostlarım, qardaşlarım, tanış-biliş, kim istəsə aparırdım. Kimin də gücü nəyə çatırdısa, camaat üçün aparırdı. Dərdləşirdik, söhbətləşirdik, yığışmağımızın səbəbini müzakirə edirdik. Heç kimdə silah yox idi, hamı əliyalın idi. Düşünürdük ki, bəlkə rus ordusu insanlarımızın sayını görüb şəhərə girməz. Sonradan şayiələr yaydılar ki, guya kimsə rus əsgərinə güllə atıb. Hamısı yalan idi. Elə özləri özlərini vurub, bunu millətin, xalqın üstünə yıxırdılar ki, aranı qatsınlar. Dediyim kimi, heç kimdə silah olmayıb, hamımız sıravi vətəndaşlar idik. Biz sadəcə bir amal uğrunda toplaşmışdıq ki, necə olursa-olsun öz dövlətimizi qorumalıydıq, amma bunu da hansı şəkildə edəcəyimizi bilmirdik, sadəcə küçələrə çıxmaqla kifayətlənirdik. O vaxt mən Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində reklam agentliyinin iş icraçısı idim.

- Dövlət idarəsində çalışırdınız, bəs necə oldu ki, xalq hərəkatına qoşuldunuz?

- Orada rəssam-tərtibatçı işləyirdim. İşdən çıxanda avtovağzalda Ermənistandan, Qarabağdan gəlmiş, döyülmüş, söyülmüş, bədənlərində bıçaq, armatur izləri olan adamları görürdüm. Onlara baxanda insanın özündən asılı olmayaraq həm hakimiyyətə qarşı, həm ermənilərə qarşı, həm də rejimə qarşı fikrləri dəyişirdi. Mən özümdən deyirəm bunu... İndi fikirləşəndə düşünürəm ki, bəlkə o vaxtı nəyisə yenidən düşünməyə dəyərdi. Amma son nəticəyə gəlirəm ki, xeyr, bu, mümkün olan şey deyildi. İnsanları o vəziyyətdə görəndə, sadəcə içində rejimə qarşı nifrət hissi yaranırdı. O dövrdə də hakimiyyət başında Vəzirov idi. O da xalqı, milləti düzgün istiqamətləndirmirdi. Bunların hamısı sonradan məlum oldu. Hər şey, bütün proseslər Moskvanın dəqiq cızdığı plan üzrə gedirdi.


- Yanvarın 19-u, hadisələr başlayan ərəfədə harda idiniz, meydanda?

- Neçə gün idi ki, işə də getmirdim. Yanvarın 19-u axşamçağı qaynımı xəstəxanadan çıxarıb, evə gələndə gördüm məhəlləmizin uşaqları qapının ağzında, əllərində odun məni gözləyirlər. Məndən əvvəl də gedib gəlmişdilər, indi bir də getmək istəyirdilər. Məhəllədə də hamı qapısının ağzına odun tədarük edirdi ki, aparım. Özləri gedə bilməsələr də odun, yemək göndərirdilər. Bu, həqiqi milli ruh idi. Buna görə heç kim heç kimi məcbur etmirdi. Elə evə çatanda məhəllə uşaqları Pərviz, Zakir, İlqar qabağımı kəsdilər ki, bəs "Nazim əmi, bizi də apar". Birinin 16, birinin 15, o birinin də 14 yaşı var idi. Ən balacaları İlqar idi. Çox gülərüz, mərifətli uşaq idi. Uşaqlığı indiyə kimi gözümün qabağındadır. Dedim ki, əvvəlcə gedib evdən icazə alın, sonra gəlin gedək. Bilim ki, icazə alıblar. Biri var gündüz vaxtı aparasan, bir də var gecə yarısı. Elə təzəcə yeməyə əyləşmişdim, küçədən qışqırdılar ki, "Nazim əmi, icazə aldıq". Mən də küçəyə çıxdım, gecə saat 12-nin yarısı idi. O qədər həvəsli idilər ki, gətirdikləri odunları 2 dəqiqəyə maşının damüstünə yükləyib, qəşəng bağladılar. Əgər bilsəydim ki, belə bir hadisə olacaq, heç birini aparmazdım. (kövrəlir) Maşını işə salıb yola düşürdüm ki, elə bu vaxt Zakirin anası çağırdı ki, "hara gedirsiniz?". Dedim ki, 11-ci Qızıl Ordu meydanına. Dedi, bəs Zakir məndən icazə almayıb axı. Bundan sonra qışqırdım Zakirin üstünə ki, "düş maşından, deməli, sən məni aldadırsan?". Anası gördü ki, uşaq ağlayacaq, dedi, "eybi yox, Nazim, səninlə gedirsə arxayınam, amma tez gəlin". Qələbə kinoteatrının yanından üzüaşağı gedəndə atışma başladı. 12 olardı. Maşını asta-asta sürürdüm. Məndən qabaqda və arxada da maşınlar var idi. Nəqliyyat Nazirliyinin yanına çatanda qabaqda 2 dənə BMP peyda oldu və atəş aça-aça gəlməyə başladılar. Camaat arasında pərən-pərən düşdü, hərə bir tərəfə qaçmağa başladı, sanki döyüş filminə baxırdıq. Amma burada hər şey əyani idi, vurulanlar ayağa qalxmırdı. Konkret olaraq mərmiləri milləti öldürmək üçün atırdılar.







- Bəs maşınınızın əzilməyi necə oldu?


- Dördyola çatanda gördük ki, bir "Kamaz” maşını gəlir. Sürücü yük maşınını birbaşa BMP-lərin üstünə sürdü. Arxadan yaxınlaşırdı ki, görməsinlər. Elə bu zaman BMP yerində ani bir manevr edərək, "Kamaz" tərəfə döndü. Deyəsən o biri BMP xəbər vermişdi ki, "Kamaz” üstünə gəlir. "Kamaz" sürücüsü də bunu görüb, maşını kənara çəkdi, vura bilmədi. İnsanda ürəyə bax ki, kamazla BMP-ni vurmaq istəyirdi. O biri BMP də buna qoşuldu və "Kamaz"ı saldılar qabaqlarına. Sürücü maşının yük hissəsini qaldırdı ki, güllələr dəyməsin və sürəti artıraraq 20 Yanvar tərəfə qalxdı. BMP-lər də onun arxasınca gəlirdilər. Bu zaman qabaqdan bir "Jiquli" döndü, ardınca mən, məndən sonra da "Raf" döndü. Fikirləşdim ki, mənimlə bərabər bu qədər maşın gəlir. İnanmırdım ki, vurar. Çünki, arxadakı "Raf"da da çoxlu adam var idi. Tiflis prospektindən 3-cü mikrorayona dönən yoldakı işıqforda BMP-lərin ikisi də dayandı. Biz hardasa 35-40 metr məsafədə idik. "Jiquli" sürüb getmişdi, bizsə yavaş-yavaş hərəkət edirdik. Güzgüdən baxırdım ki, "Raf" da arxamca gəlir. Geri dönməyə yer yox idi. Bu anda BMP-lərdən biri 11-ci Qızıl Ordu meydanına tərəf istiqamət aldı, o biri BMP isə öz oxu ətrafında dönüb düz mənim istiqamətimdə işıqlı güllələr ata-ata gəlməyə başladı. Güllələr maşına dəyirdi, amma buna inana bilmirdim. Yəni, düşünmürdüm ki, bizi vurmağa çalışırlar. Şok vəziyyətində idim. Maşını 3 metr məsafədə sürüb BMP ilə üzbəüz saxlamasaydım, heç birimiz içindən sağ çıxa bilməyəcəkdik. Deməli maşını düz saxlamağımla BMP-nin 2 sepinin arasında qaldıq və BMP bizi əzib keçdi. Həqiqətən Allahın işi idi. Uşaqların səsinə ayıldım. Qışqırırdılar ki, "Nazim əmi, üstümüzə çıxır". Zakir qabaqda oturmuşdu. Birinci o tullanıb, ardınca da Pərviz və İlqar düşüblər. Zakirlə Pərviz sonradan dedilər ki, axırda İlqar tullandı, düşəndə qapı ayağına dəyib, birbaş Pərvizin üstünə yıxılıb. Yolun kənarındakı bardürdən o tərəfdə təxminən 1 metr dərinliyində çala olub, elə hər ikisi ora düşüblər. Mən isə maşının içində idim. Tırtırların cingiltisini eşidirdim. Şəkillərdə maşının üstünə baxsanız, görərsiniz ki, sanki damın üstünü ütüləyiblər. Mən fikirləşirdim ki, artıq ölmüşəm. Elə bilirdim ki, quyunun dibinə gedirəm, amma gözlərim açıq idi. Nə qədər çabalayırdımsa, çıxa bilmirdim. Ayağım dəmirin arasında ilişib qalmışdı. Bu anda elə bil hansısa bir qüvvə ayağımı dartıb oradan çıxardı.


"KOMANDİRİMİZ ƏSGƏRİN PARÇALARINI BİZƏ YUDURDUB"







Hərbi xidmətimi Monqolustanda başa vurmuşam. Orada tank komandiri idim. Özüm tankın hansı gücə malik olduğunu yaxşı bilirdim. Bir dəfə əsgərlərimdən biri tankın altında qalıb parça-parça olmuşdu. Onun parçalarını sonradan yığdıq və komandirimiz həmin parçaları bizə yudurdub, evinə göndərtdi. Yəni, bu həyatı yaşadığım üçün bilirdim ki, üstümdən tank və ya BMP keçibsə, sağ qala bilməzdim. Amma dediyim kimi, bir möcüzə idi ki, sağ qaldım.


"BİR ÖLÜMÜN İÇƏRİSİNDƏ BİR NEÇƏ ÖLÜM YAŞADIM"

Məndən sonra da arxada gələn "Raf"ı əzdi. "Raf" iki təkəri üstə işıq dirəyinə dəyib yerə düşürdü. Rafın da içərisi adamla dolu idi. Çoxu düşməyə imkan tapsa da, biri içəridə qalmışdı. Sonra işıq dirəyi "Raf"ın, məftillər də mənim maşınımın üstünə düşdü. Xətlər bir-birinə dəydikcə qığılcım verirdi, fikirləşdim ki, indiyə qədər ölməmişəmsə də, "tok" məni öldürəcək. Amma möcüzə baş verdi ki, cərəyan da vurmadı. Təsəvvür edin ki, həmin anda bir ölümün içərisində bir neçə ölüm yaşadım. Bu vaxt ayağımı atıb, düşdüm yerə. Ətrafa baxdım ki, hərə bir tərəfə qaçır. Birdən uşaqlar yadıma düşdü. Maşının o yanına, bu yanına keçib baxıram ki, yerdə kənarda qan ləkəsi yoxdu. Təsəvvür edin ki, Monqolustandakı o hadisə yadıma düşdüyü üçün yerdə insan parçası axtarırdım. Sonradan İlqarla Zakir yaxınlaşdılar mənə ki, "Nazim əmi, burdayıq. Elə bildik sən ölmüsən". Əsəbimdən üstlərinə qışqırdım ki, hardasız, bayaqdan sizi axtarıram. Pərviz qorxusundan piyada evlərinə tərəf qaçmışdı, amma Zakirlə İlqar ordaydı. Əllərindən tutub yolu keçdim. BMP aşağıda durub işıq salırdı, hamı çaş-baş qalmışdı. Elə bu vaxt onlar mənim əlimi buraxıb hərəsi bir tərəfə qaçdılar...


- Ayağınız yaralanmışdı, bəs necə hərəkət edirdiniz?

- Düzdür, ayağıma dəmir batmışdı, sir-sifətim tamam qan içində idi. Amma bədənimdəki yaralar isti idi deyə, heç nə hiss eləmirdim. Ətraf tamam qaranlıq idi. BMP-lər projektorla işıq salır, kimi görürdülərsə vururdular. Hara gəldi güllə yağdırırdılar.





"NAZİM ƏMİ, İLQARI VURDULAR”

Zakirlə İlqar qabağda qaçdı, mən də onların arxasınca. Elə bu vaxt Zakirin səsini eşitdim. Qışqırdı ki, "Nazim əmi, İlqarı vurdular". Yanlarına çatanda gördüm ki, İlqar yerdədi. Amma hələ ölməmişdi, nəfəsi gəlirdi. Əlimi başıma vurdum, gördüm saçım əlimi deşir. Deməli, maşının qabaq şüşəsi necə qırılıb batmışdısa, başımın hər tərəfi şüşə idi. Bu vaxt qara "Volqa" yaxınlaşdı bizə. Sürücü dedi ki, min xəstəxanaya aparım. Dedim birinci uşağı götürək. Düşüb, kömək elədi, İlqarı mindirdik, mən və Zakir də əyləşdik. Sürücünün özü də ayağından yaralanmışdı. Maşını ara yollarla sürüb, bizi "Semoşka"ya çatdırdı. İlqarı tez xərəyə mindirib içəri apardılar. Hələ ölməmişdi, amma xırıldayırdı. Həkimlər dedi ki, vəziyyəti yaxşı deyil.


"PƏRVİZ ARA YOLLARLA EVƏ GƏLİB, QORXUDAN YATMIŞDI"

Şokda idim, heç nə hiss eləmirdim. Bunu sözlə ifadə etmək mümkün deyil. Sürücü məni silkələdi ki, evə getməliyik, gəlin sizi də aparım. Zakirlə mindik maşına, yenə ara yollarla gəldik Yasamala. 20 Yanvarda da vəziyyət pis idi. Nə qədər yaralı, ölən vardı. Hamı küçədə idi. Evə çatana yaxın İnşaatçılar prospektində tanklarla qarşılaşdıq. Əgər məhləyə tez dönməsəydik, burda da həmin hadisəni yaşayacaqdıq. Evə çatanda hamı yığışmışdı. Hadisəni olduğu kimi başdan danışdım onlara. Bütün Yasamal küçədə idi. Hamı qohum-qardaşını, kimisi ərini, kimisi dostunu soruşurdu. Pərvizi soruşdum, anası dedi ki, Pərviz qaça-qaça evə gəldi, gələn kimi də qorxusundan uzanıb yatdı. Sonradan Pərviz hansı yollarla, necə gəldiyini danışmışdı. Suyun içinə düşə-düşə, ara yollarla birtəhər gəlib evə çıxıb.



"QORBAÇOVU DƏFƏLƏRLƏ BEYNƏLXALQ MƏHKƏMƏYƏ VERDİM, AMMA…"

Hadisələrdən sonra mən Bakı şəhərinin komendantı olan general Dubinyaka məktub yazdım. O vaxt Bakı Hərbi Qarnizonunun Ədliyyə polkovniki Mixayleviç məktubuma cavab verdi ki, sizin maşınınıza dəyən zərər 5039 manat 20 qəpikdir və ələ gələn heç bir hissəsi olmadığı üçün həmin məbləğ sizə ödənilməlidir. O sənədi indiyə qədər evdə saxlamışam. Daha sonra respublika prokuroru İlyas İsmayılova yazdım, Moskvaya - Kremlə yazdım, amma heç birinə cavab gəlmədi. Çox yerdə də deyə bilmirdim ki, odun aparırdım. Onsuz da məni çoxu ekstremist kimi tanıyırdı. Rejim dağılandan sonra dəfələrlə Mixail Qorboçovu Haaqa məhkəməsinə, Rusiyanın öz məhkəməsinə vermişəm və bildirmişəm ki, "Kommunist” partiyasının lideri olub və xalqımın başına min cür oyun açıb, qanımızı meydanlara axıdıb, xahiş edirəm ki, onu cinayət məsuliyyətinə cəlb edəsiniz. Həmişə də bir şeyi qeyd etmişəm ki, mənə dəyən maddi ziyanı ödəsin. Canıma dəyən ziyanı hökumətim pensiya şəklində ödəyir, amma maddi zərərimi Qorbaçov ödəməlidir. Mənə kiçik bir qəbz parçası lazım idi ki, fərqi yoxdu, həmin kağızda 10, yox 100 manat yazılıb, Qorbaçov onu mənə göndərsin. Bunu ona görə istəyirdim ki, Qorbaçovun bu vəhşiliyin törədilməsinə əmr verdiyini sübut edim, amma təəssüf ki, buna nail ola bilməmişəm. Son məktubumu da 2015-ci ildə - 3 dildə alman, fransız və rus dillərində göndərmişəm. Qeyd etmişəm ki, siz nə qədər sağsınızsa, mən də o qədər sağam və mən heç zaman o hadisəni, xalqımın başına gətirdiyiniz müsibəti unutmayacam.




Femida.az


Açar sözlər: 20Yanvar   müsahibə   Qorbaçov    

Oxunub: 13780